Zəkat
İslamın beş təməl əsasından üçüncüsü olan zəkat, nəfsin günahlardan və pis xislətlərdən paklanması və malın təmizlənməsi, müsəlmanlar arasında iqtisadi ədalətin təmini və kasıb ilə zəngin arasındakı uçurumun aradan qaldırılması baxımından istər fərdi, istərsə də ictimai sahədə çox önəmli rola sahib bir ibadətdir. Qurani-Kərimdə iyirmi yeddi yerdə namazla yanaşı qeyd olunması zəkatın nə qədər mühüm bir ibadət olduğunu göstərir. Lüğət olaraq “artma, çoxalma, təmizləmə və bərəkət” mənalarına gələn zəkat İslam hüquq terminologiyasında “Müəyyən malların bir qismini Allah-Təalanın bildirdiyi müsəlmanlara mülk olaraq vermək” şəklində izah edilir.
Fərz olması baxımından digər könüllü verilən sədəqələrdən fərqlənən zəkat yoxsulun haqqı və varlının yerinə yetirməli olduğu məcburi bir vəzifədir. Öncəki peyğəmbərlərin şəriətlərində də fərz buyurulan zəkat (əl-Ənbiya, 72-73; Məryəm, 55; əl-Bəqərə, 43) hicrətin ikinci ilində Ramazan orucu və fitr sədəqəsindən sonra fərz buyurulmuşdur. Bununla bağlı Allah-Təala belə buyurur: “Namaz qılın, zəkat verin!” (əl-Bəqərə, 110), “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin!” (əl-Bəqərə, 43) Qurani-Kərimin ifadəsinə görə, zəkat vermək təqva sahibi səxavətli möminlərin xüsusiyyətlərindəndir. Allahın dostluğu da ancaq Ona inanmaqla və namaz qılıb, zəkat verməklə qazanıla bilər. (əl-Maidə, 55)
Hz. Peyğəmbərimizdən (s.ə.s) zəkatla bağlı bir çox hədisi-şərif nəql olunmuşdur. Bunlardan birində O (s.ə.s), belə buyurur: “İslam beş əsas üzərinə qurulmuşdur. Bunlardan biri də zəkat verməkdir”. (Buxari, İman, 1-2); “Sədəqə (zəkat) vermək maldan heç nə əskiltməz”. (Müslim, Birr, 69) Zəkat sırf Allahın əmri olduğu üçün səmimi niyyətlə yerinə yetirilməli olan bir ibadətdir.
Bunun yanında zəkatın həm fərd, həm də cəmiyyət üçün sayıla bilməyəcək qədər faydaları vardır. Zəkat varlı ilə yoxsulu bir-birinə yaxınlaşdırar və aralarında sevgi və hörmət yaradar. Zəkat əmək qabiliyyəti olmayanlara normal həyat yaşama imkanı verər. Cəmiyyətləri yoxsulluqdan qoruyar. Zənginlərin zəkatlarını verdikləri bir cəmiyyətdə yoxsul qalmaz. Zəkat insanı xəsislik xəstəliyindən və həddi aşan mal sevgisindən qoruyar, onu səxavətli və əliaçıq edər və onda digər insanlara qarşı məsuliyyət hissini qüvvətləndirər. Zəkat iqtisadi həyata canlılıq gətirər. Zəkat mal-dövlət qarşılığında Uca Allaha şükürdür; malı əsla azaltmaz, əksinə, artırar və bərəkətləndirər.
Zəkatın fərz olması bəzi şərtlərə bağlıdır. Bu şərtləri belə sadalamaq olar: müsəlman olmaq, ruhi xəstə olmamaq, yetkinlik yaşına çatmaq və nisab miqdarı mala sahib olmaq. Nisab dinimizin zəkat malları üçün təyin etdiyi müəyyən ölçü və miqdarlardır. Qızıl üçün 80 qram, gümüş üçün 595 qram, qoyun və keçi üçün 40 baş, inək və camış üçün 30 baş, dəvə üçün 5 baş, əkin məhsulları üçün 5 vəsq (650 kq və ya 1 ton) və nağd pul və ticarət malları üçün 80 qram qızılın qiyməti nisab miqdarı olaraq ifadə edilmişdir.
Təyin edilmiş bu malların zəkat hökmünə tabe olması üçün əlavə bəzi şərtlər meydana gəlməlidir. Mal artan, çoxalan bir mal olmalıdır. Mal şəxsin mülkiyyətində olmalıdır. Zəkatın vacib olması üçün nisab miqdarı malın üstündən bir qəməri il keçməlidir. Ev, ev əşyaları, geyim əşyaları və avtomobil kimi təməl ehtiyaclar xaricində yuxarıda sadalanan mallardan birinə və ya bir neçəsinə sahib olan bir müsəlman bu malların zəkatını ayırıb verməlidir. Zəkat hər bir malın nisab miqdarına çatdığı müddətdən bir il sonra verilməli olsa da, müsəlmanların əksəriyyəti zəkatlarını Ramazan ayında verməyi adət halına gətiriblər. Bu da Ramazan ayında görülən xeyir işlərin Allah qatında daha məqbul, daha dəyərli sayılması ilə bağlıdır.
Bəs zəkat kimlərə verilə bilər? Bununla bağlı Uca Allah Qurani-Kərimdə belə buyurur: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz əməl olaraq ancaq yoxsullara, miskinlərə, zəkatı yığıp paylayanlara, qəlbləri İslama isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçinin borclulara, Allah yolunda cihad edənlərə və pulu qurtardığı üçün yolda qalanlara məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir”. (ət-Tövbə, 60)
Zəngin bir müsəlman yuxarıdakı ayeyi-kərimədə sadalanan qruplardan birinə zəkatını verərkən bunu sırf Allahın rizasına nail olmaq üçün etməli, bu ibadəti başa qaxmadan və minnət qoymadan yerinə yetirməlidir.
Zəkat, verilmə vaxtı gəldikdə gecikdirilmədən verilməlidir. Müsəlman zəkatını təmiz və halal qazancından və malının yaxşısından verməlidir. Əgər qohum-əqrəba içində ehtiyac sahibləri varsa, zəkatın onlara verilməsi daha məqsədəuyğundur. Zəkatda əsas olan başqa bölgələrə göndərilmədən zəkat mükəlləfinin yaşadığı və ya var-dövlətini qazandığı bölgədə paylanmasıdır. Ancaq o bölgədən başqa yerdə kasıb qohumlar və ya daha möhtac kimsələr varsa, zəkat malları o bölgələrə də göndərilə bilər.
ŞƏRHLƏR