Bir Hədis
عَنْ أَبِي هُرَيْرَةَ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: كُلُّ حَسَنَةٍ يَعْمَلُهَا ابْنُ آدَمَ فَلَهُ عَشْرُ أَمْثَالِهَا، إِلَّا الصِّيَامَ لِي، وَأَنَا أَجْزِي بِهِ
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “(Uca Allah belə buyurdu:) Oruc müstəsna olmaqla, Adəm övladının etdiyi hər bir yaxşılığının on misli qarşılığı vardır. Oruc isə mənim üçündür. Onun mükafatını da mən verəcəyəm”. (Nəsai, Siyam, 42)
Əbu Hüreyrənin Rəsulullahdan (s.ə.s) nəql etdiyi bu hədis qüdsi hədisdir. Qüdsi hədis mənası Uca Allaha, sözləri Həzrət Peyğəmbərə (s.ə.s) aid olan hədisdir. Rəsulullah (s.ə.s) Uca Allahdan nəqlən bu hədisdə oruc ibadətinin önəminə diqqət çəkərək bu ibadətin insanın həyat yolçuluğunda axirəti qazanmaq üçün nə qədər əhəmiyyətli olduğunu bəyan etmişdir.
Yer üzündə olan hər bir varlığın yaradılış məqsədi vardır. Əsas qayə yer üzərində haqqın və ədalətin bərqərar edilməsidir. İbadətlər insanı bu hədəfə çatdırmaq üçün vardır. Hər gün qılınan beş vaxt namazdan tutmuş nafilə namazlara, ən kiçik sədəqədən zəkata qədər hər bir ibadət bir tərəfdən cəmiyyətdəki nizamı təmin edir, digər tərəfdən də fərdi inkişafa xidmət edir. Bu baxımdan ibadətlərlə yetişməyən nəfs öncə öz arzu və istəklərinin, sonra da başqa insanların əsiri olmağa məhkumdur.
İnsan yalnız özünü inkişaf etdirməklə həqiqi hürriyyətinə qovuşa bilər. Bu baxımdan oruc ibadəti nəfsin (insanın) ən böyük təlimçisidir. Həyatın bütün mərhələlərinə təsir edən bu təlim proqramı Uca Allahın əmri ilə bir ayın içində cəm olunmuşdur. Bu ayın içində əsas ibadət olan oruc ibadəti insanın yetişməsinə, inkişaf etməsinə töhfə verən ən önəmli ibadətdir. Bu səbəblədir ki, orucun mükafatı Allah tərəfindən veriləcək olan, hesabını bilmədiyimiz bir mükafatdır.
Oruc ibadəti fərdi, ictimai və üxrəvi tərəfləri olan ibadətdir. Oruc sayəsində insanın nəfsi və ruhu incəlir. Nəfs incəldikcə insanın təfəkkür dünyası genişləyir. Təfəkkür dünyası genişlədikcə də insan həqiqəti daha aydın görməyə başlayır. Oruc insanın təkcə ac və susuz qalması demək deyildir. Oruc eyni zamanda bədən orqanlarının hər birinə hakim olmaqdır. Bu, insana güclü iradəni öyrədir. Oruc sayəsində insanların həqiqəti görən gözləri açılır və cəmiyyətdəki çatışmazlıqlara daha doğru məna verməyə başlayır. Beləliklə, insanlar arasında sevgi, mərhəmət və şəfqət duyğuları artır. Orucda niyyətin saflığı da böyük rol oynayır. Tutduğu orucları yalnız Allah üçün tutan və niyyətinə hər hansı bir şübhə qarışdırmayan insanın Allaha təslimiyyəti də artar.
Nəticə olaraq, Allah üçün olan və içinə hər hansı şübhə qarışmayan bir ibadətin mükafatının misilsiz olmasından təbii bir şey yoxdur. Bu səbəblə də Uca Allah: "Oruc mənim üçündür, mükafatını da mən verəcəyəm", - buyurmuşdur.
ŞƏRHLƏR