Sual? - Cavab!

Sual? - Cavab!

Sual: Sahura (obaşdan) qalxa bilməyənin tutduğu oruc sayılırmı?

Cavab: Sahura durmaq müstəhəb, yəni dini baxımdan xoş qarşılanan haldır. Həzrət Peyğəmbər (s.ə.s) sahura durmağı təşviq və tövsiyə etmişdir. Hədisi-şərifdə belə buyurulur: “Sahura qalxın, çünki sahur yeməyində bərəkət var”. (Buxari, Savm, 20; Müslim, Siyam, 45) Bu baxımdan, sahursuz da oruc tutmaq olar. Hətta Ramazan ayında sahura yatıb qalınsa belə, səhhəti əl verirsə, oruca davam etmək fərzdir, yəni həmin günün orucu tutulmalıdır. Bütün İslam alimləri həmfikirdir ki, sahura dura bilməyən və hər hansı ciddi xəstəliyi olmayan bir şəxsin sahura durmaması üzr kimi qəbul edilmir, yəni mütləq şəkildə oruc tutulmalıdır. Lakin şəxsin ciddi xəstəliyi varsa və həkim diaqnozu ilə obaşdana durub yemək yemədən, eləcə də dərmanını qəbul etmədən oruc tutmasına qadağa qoyulubsa, bu, istisna sayılır.

 

Sual: Orucun dəqiq başlama saatı varmı? İlk vaxtda oxunan azan bitənə qədər yemək olarmı?

Cavab: Orucun başlama və sahurun qurtarma vaxtı imsak vaxtıdır. Buna fəcri-sadiq də deyilir. Əsas olan bu vaxtın başlamasıdır. Əgər azan imsak vaxtına müvafiq oxunursa, azan başlayana qədər yemək olar. Qeyd edək ki, fəcri-sadiq sübh çağında dan yerinin ağarmağa başlamasıdır.

 

Sual: Daim səfərdə olan bir müsəlman namaz və oruc ibadətlərini necə yerinə yetirməlidir?

Cavab: Dini baxımdan yolçu olanlar, yəni 90 km və daha uzaq məsafəyə gedənlər fərz namazlarını qısaldaraq qılarlar. Səfərilik Ramazan orucunun təxirə salınması üçün də bir rüxsət səbəbidir. Səbəb davam etdiyi müddətdə rüxsətlər də davam edir. Mütəmadi olaraq üzrlü olanlar üzrləri aradan qalxdıqdan sonra vaxtında tuta bilmədikləri Ramazan oruclarını qəza edərlər. Uca Allah “Bəqərə” surəsinin 185-ci ayəsində belə buyurur: “Xəstə və ya səfərdə olanlar tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar”.

Odur ki, daim səfərdə olanlar namazlarını təxirə salmadan, qısaldaraq qılarlar. Ramazan oruclarını isə imkan daxilində tutmağa səy göstərərlər. Çünki “Bəqərə” surəsinin 184-cü ayəsində belə buyurulur: “Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” Ancaq səfərdə oruc tutmağa gücü çatmayanlar münasib bir vaxtda qəza etmək şərti ilə, səfərilik müddətində orucu təxirə sala bilərlər.

 

Sual: Endoskop vasitəsilə edilən müayinələr nəticəsində oruc pozularmı?

Cavab: Mədədəki xəstəliyi müəyyən etmək məqsədi ilə endoskop vasitəsilə ağızdan mədəyə tibbi bir alət salınır və müayinə qurtardıqdan sonra çıxarılır. Həmçinin bağırsaqlara baxmaq üçün də bu alətdən istifadə edilir və həmin yerlərin təmizliyini təmin etmək üçün cihazın içindən su verilir. Bütün bunlar yemək-içmək mənasına gəlməməklə yanaşı, əksər hallarda cihazın içindən su verildiyi üçün oruc pozulur. Ancaq sözügedən müayinə əsnasında həzm sisteminə su, yağ və bu kimi qida xüsusiyyəti daşıyan bir maddə girmədiyi təqdirdə oruc pozulmur. Bundan əlavə, sidik kanalına girən alətlər və ya yeridilən dərmanlar orucu pozmur.

 

Sual: Şəkər xəstələrinin vurduqları insulin iynəsi orucu pozarmı?

Cavab: İynənin orucu pozub-pozmadığı ondan istifadə etmə məqsədinə görə dəyişir. Belə ki, əgər iynə qida məqsədli və bədənin müqavimətini gücləndirən iynə deyilsə, orucu pozmaz. Əks təqdirdə oruc pozulmuş olar. Şəkər xəstələrinin istifadə etdiyi insulin iynəsi bu xüsusiyyətdə olmadığı üçün orucu pozmur. Ancaq insulindən istifadə edən xəstələrin oruc tutmaları onlar üçün zərərli olarsa, oruc tutmaya bilərlər. Bu xəstəlik ömür boyu davam etdiyi üçün onlar, yəni imkanı olanlar tuta bilmədikləri oruc sayı qədər fidyə  verməlidirlər. Buradakı fidyə - bir yoxsulun bir günlük yemək ehtiyacını qarşılamaqdır.

 

Sual: Göz, burun və qulaq damcısı orucu pozarmı?

Cavab: Mütəxəssislərdən alınan məlumata görə, göz damcısı miqdar baxımından çox azdır və bir hissəsi gözün qırpılması ilə çölə çıxır, digər hissəsi isə burun boşluğunu birləşdirən kanallarda məsamələr yolu ilə əmilərək vücuda qəbul edilir. Damcının həzmə gedib çatma ehtimalı olan hissəsi çox cüzidir. Buna görə də göz damcısının orucu pozmadığı qənaətinə gəlinmişdir. 

Burun damcısı ilə bağlı, aparılan araşdırmalar və həkimlərdən alınan rəyə əsasən, müalicə məqsədi ilə buruna damladılan dərmanın bir damcısı 0,06 sm3 miqdarındadır. Tökülən bu damcının bir hissəsi burun çəpərləri tərəfindən əmilir və nəticədə onun cüzi bir hissəsi gedib mədəyə çatır. Bu da dəstəmaz alarkən ağızı yaxaladıqdan sonra ağızda qalan nəmlik kimi, orucu pozacaq dərəcədə qəbul edilmir. Həmçinin burada hər hansı bir qidalanma məqsədi də güdülmür. Odur ki, burun damcısı orucu pozan hallardan hesab olunmur. Ancaq qeyd edilən miqdardan çox damcılatmamağa və mədəyə getməməsinə diqqət yetirmək lazımdır.

Qulaq damcısına gəlincə, qulaq ilə boğaz arasında bir kanal var. Ancaq qulaq pərdəsi su və ya dərmanın boğaza getməsinə mane olur. Bu səbəbdən qulağa damcıladılan dərman və ya qulağın yuduzdurulması orucu pozmur. Qulaq pərdəsində dəlik olsa belə, qulağa damcıladılan dərman qulağın içində əmildiyi üçün dərman ya heç mədəyə gedib çatmır, yaxud çox az bir hissəsi çatır. Bu da orucda bağışlanmışdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz