Quran məsuliyyətimiz

Quran məsuliyyətimiz

Qurani-Kərimə qarşı məsuliyyətimizin nələrdən ibarət olduğunu dedikdə təbii olaraq ilk öncə onun əmr və qadağalarını yerinə yetirməklə bərabər zahiri baxımdan ona qarşı ədəb qaydalarına riayət etmək gəlir. Ona toxunarkən dəstəmazlı olmaq,  bel səviyyəsindən aşağıda tutmamaq, hər hansı bir şeyi üzərinə qoymamaq, onunla natəmiz yerlərə girməmək və s. Qurani-Kərimi öpmək də ona olan hörmətimizi göstərir. Hz. Ömər və Hz. Osman (r.a) hər səhər qalxanda Müshəfi-Şərifi hörmətlə öpməyi adət alına gətirmişdilər.

Müshəfi-Şərif və ya ayələrin yazılı olduğu kağızlara hörmət göstərmək, onları kirli və uyğun olmayan yerlərdən kənarlaşdırmaq hər bir müsəlmanın vəzifəsidir. Bunun üçün məşhur bir hadisəni anlatmaq yerinə düşərdi. Bişri-Xəfi həzrətləri həyatının ilk dövründə günahkar biri idi. Bir gün sərxoş vəziyyətdə yolda gedərkən üstünə “bismillah” yazılmış bir kağız tapır. Dərhal onu yerdən götürür, təmizləyir və ətir satılan dükana gedir. Cibindəki son dirhəmi ilə bahalı ətirlərdən bir az alıb kağıza ətir vurur, sonra onu divarın yüksək yerinə yerləşdirir. O gecə yuxuda belə müjdələnir: “Sən bizə hörmət göstərib adımızı yerdən qaldırdın, ayaqlar altında əzdirmədin. Biz də dünya və axirətdə sənin şanını uca tutacağıq!” Bundan sonra Bişri-Xəfi həzrətləri tövbə edir, sədaqət və səmimiyyətlə Allaha yönəlir.

            Qurani-Kərimə qarşı digər bir vəzifəmiz də müntəzəm olaraq onu oxumaq və əzbərləməkdir. Yuxarıda da qeyd etdiyimiz kimi, müsəlmanlar Qurani-Kərimə zahiri baxımdan hörmətdə qüsur etməzlər. Ancaq bununla bərabər, onu oxumaq və əzbərləmək xüsusunda müsəlmanların əksəriyyəti eyni həssaslığı, təəssüf ki, göstərmir. Aşağıdakı hadisə Hz. Peyğəmbərin və səhabələrin hər gün Qurani-Kərimlə necə məşğul olduqlarını bilməyimiz üçün önəmlidir:

Bir gün Hz. Peyğəmbər (s.ə.s) yatsı namazından sonra Səqif qəbiləsi ilə görüşəcəkdi, ancaq bir az gecikir. Onlar: “Ey Allahın Rəsulu! Yanımıza niyə gec gəldiniz?” – deyə soruşduqlarında Peyğəmbərimiz (s.ə.s): “Hər gün Qurandan bir hizb oxumağı özümə vəzifə bilirəm. Bunu yerinə yetirmədən gəlmək istəmədim”, - dedi. 

Səhəri gün səhabələrə: “Siz Quranı nə cür hizbləyib oxuyursunuz?” – dedilər. Onlar: “Biz surələrin ilk üçünü bir hizb, sonra gələn beş surəni ikinci hizb, daha sonra gələn yeddi, doqquz, on bir və on üç surəni birləşdirərək hər birini ayrı-ayrı hizb edirik. Ən son olaraq da “Qaf” surəsindən başlayaraq sonuna qədər müfəssəl surələri birləşdirib bir hizb edərək Qurani-Kərimi yeddi gündə oxuyuruq”, - dedilər.

            Hz. Peyğəmbər Quran oxumağı hər fürsətdə təşviq edərdi:  “Hər ziyafət verən ziyafətinə (insanların) gəlməsini istəyər və bu onun xoşuna gələr. Quran da Allahın ziyafətidir, ondan uzaq durmayın!”

            Hz. Peyğəmbər (s.ə.s) Quran əhlini vəhy gətirən mələklərlə eyni dərəcədə görmüş və belə buyurmuşdur: “Quranı gözəl bir şəkildə oxuyan hafiz vəhy gətirən şərəfli və müti mələklərlə bərabərdir. Quranı çətinliklə oxumasına baxmayaraq unutmamaq üçün onu tərk etməyən, müntəzəm oxuyan kəsə də iki əcr verilir”.

            Səhabə və tabeun nəsli xətm məclislərində iştirak etməyə çox həvəsli olurdular. Qurani-Kərimi xətm etdikdən sonra toplaşar, həmin vaxt rəhmətin enib duaların qəbul edildiyini söyləyərdilər. İbn Abbas (r.a) belə məclislər olduqda ona xəbər verməsi üçün bir nəfəri vəzifələndirmişdi. O da biri Quranı bitirəcəyi zaman dərhal İbn Abbasa xəbər verər, İbn Abbas da gəlib həmin xətm məclisində iştirak edərək ilahi rəhmətə nail olmaq istəyərdi.

Yenə Qurani-Kərimin onunla həmhal olanlara şəfaət edəcəyi ilə bağlı çox sayda hədisi-şəriflər vardır. Hz. Peyğəmbər bir gün belə buyurmuşdur: “Quran oxuyun! Çünki Quran qiyamət günü özü ilə həmhal olan şəxslərə şəfaətçi olaraq gələcəkdir”.  Quran oxuyub onunla həmhal olan şəxsə (axirətdə): “Oxu və yüksəl, dünyada necə aramla ağır-ağır oxuyurdunsa, eləcə oxu, sənin məqamın oxuduğun son ayənin səviyyəsində olacaqdır”, - deyiləcək.

Quran əhlinin Allah və Rəsulunun yanında xüsusi yeri və dəyəri vardır. Rəsulullah (s.ə.s) hər sahədə Quran əhlinə əhəmiyyət vermiş, onları hamıdan üstün tutmuşdur. İmamlığa, valiliyə, sərkərdəliyə, müqəddəs məkanlara hər zaman Quran təhsili daha çox olanları təyin etmişdir.

Uhud hərbində səhabələr: “Ya Rəsulallah! Şəhidlərimizin və yaralılarımızın çoxluğu işimizi çətinləşdirir, nə edək?” -  dediklərində Hz. Peyğəmbər (s.ə.s): “Geniş qəbirlər qazın və hər qəbrə iki-üç şəhid qoyun”, - dedi. Onlar ön tərəfə hansını qoyaq dediklərində Peyğəmbərimiz (s.ə.s): “Quranı daha çox öyrənəni!” – dedi.

Bütün bunlar Quran oxuyanların önəmini, Quranın onlara bəxş etdiyi izzət və şərəfi bildirir. Odur ki, günlük Quran oxuma vərdişinə yiyələnmək üçün Ramazan ayını fürsət bilməli, Ramazandan sonra da bu virdimizi davam etdirməliyik.

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz