Ver ki, verilsin!
Zəngin bir adama necə varlı olduğu soruşuldu. Adam: “Allahla yarışa girdim”, - deyərək cavab verdi. Yanındakılar: “Tövbə əstəğfirullah! Heç Allahla da yarışa girmək olar?!” - deyərək təəccüblərini bildirdilər. Adam sözlərinə belə davam etdi: “Allah mənə ruzi, var-dövlət verdi, mən də onları onun yolunda xərclədim. O verdi, mən xərclədim. Axırda Onun dediyi oldu. Yəni Allah qalib gəldi. Mən isə zəngin oldum”. Allah qatında zəngin olmaq istəyən kəs comərdliyi həyat tərzinə çevirməlidir.
Günümüzdə insanların unutduğu və yaxud qlobal mədəniyyətin unutdurduğu xüsusiyyətlərdən biri də comərdlikdir. Comərdlik İslam xarakteri ilə formalaşmış kamil şəxsiyyətlərin ən əsas xislətlərindən biridir. Qurani-Kərim insanlara əliaçıq olmağı tövsiyə edir. İsra surəsinin 29-cu ayəsində comərdliyin sərhədləri belə müəyyən edilmişdir: “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa (xəsisliyə görə) qınanmış, (israfçılığa görə də) peşman olarsan”. Deməli, hər məsələdə ifrat və təfritdən çəkindirən İslam dini mal-mülk məsələsindəki comərdlikdə də orta yolu tutmağı əsas götürür.
Həyatı xoşbəxt yaşamağın incəliklərini təlim edən Hz. Peyğəmbər (s.ə.s) comərdlik məsələsində də bütün insanlara nümunəvilik təşkil edir. O, əldəki son loğmanı belə paylaşmağı öyrədərək bəşər övladının hər sahədə comərd olmasını təlqin edir. Verən əlin alan əldən üstün olduğunu ifadə edərək əlimizdəki imkanlardan ehtiyac sahiblərinə sədəqə kimi verməyi tövsiyə edir. İslam dini birlik, yardımlaşma və paylaşma dinidir. Dinimiz fərdilik və eqoizmin qəti əleyhinədir. Hz. Peyğəmbər (s.ə.s) paylaşdıqca güclənəcəyimizə zəmanət verir. Paylaşılan hər bir şey, insana, paylaşılmayandan daha çox həzz verir.
Hz. Peyğəmbərin (s.ə.s) comərdlik məsələsindəki həyat fəlsəfəsi əsasən Səbə surəsinin 39-cu ayəsi kontekstində formalaşmışdır. Ayədə buyurulur ki: “Həqiqətən, Rəbbim qullarından istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”. Hz. Peyğəmbərin (s.ə.s) comərdliyi Ramazan ayında daha da artır və şaxələnirdi. Onun comərdliyi sadəcə var-dövlət sahəsində deyil, ibadət, zikr, tilavət kimi məsələlərdə də artırdı. Odur ki, bu ayda hər birimiz üçün Hz. Peyğəmbərin (s.ə.s) bu xüsusiyyəti stimul olsun. Maddi imkanlar nisbətində sədəqələrimizi artırmaqla yanaşı, gecə ibadətlərimizi də artıraq, daha çox Quran qiraəti ilə məşğul olaq, daha çox yetim başını oxşayaq, daha çox insanın könlünü xoş edək.
Comərdliyimiz həyatımızın hər mərhələsini əhatə etsin. Məhz belə olduğu halda həm Ramazanın bərəkətini hiss edər, həm də İslam dininin gözəlliyini daha dərin duyğularla yaşayarıq. İslam mədəniyyətində “isar” termini ilə ifadə edilən “özünün ehtiyacı olduğu halda Allah üçün xərcləmək, vermək” vərdişi bu Ramazanda əldə edəcəyimiz xarakterlərin başında öz yerini alsın. Çünki Hz. Peyğəmbərin (s.ə.s) də ifadə etdiyi kimi: “Sonra edərəm deyənlər həlak oldu”. Ramazana qovuşmağımızın şükrü qeyd etdiyimiz comərdlik və isar anlayışının həyata tətbiqi kimi özünü göstərsin.
Comərdlik sevdiyin şeylərdən sevərək verməkdir. Comərdlik insanın sahib olduğu imkanları ehtiyac sahiblərinə mənfəət güdmədən səfərbər etməsidir. Bu məsələdə az və ya çox əsas deyil, əsas olan səmimiyyətdir. Məhz buna görə də İslamdakı sədəqə anlayışında bəzən rəqəm olaraq kiçik olanlar böyük olanlardan daha üstün sayılır. Məsələn, təkcə 10 manata sahib olan biri 5 manat sədəqə verərsə, 100 manata malik olan birinin verdiyi 20 manatdan daha dəyərlidir. Yəni daha çox sədəqə vermiş sayılır. Daha comərd biri kimi qəbul edilir. Çünki əlindəki malın 50 %-ni Allah üçün vermişdir. Ona görə də az-çox demədən gündəlik və yaxud müəyyən aralıqlarla sədəqə verməli və insanları buna təşviq etməliyik. Unutmayaq ki, Hz. Peyğəmbərin (s.ə.s) Allaha and içərək zəmanət verdiyi məsələlərdən biri də Allah üçün verilən sədəqəyə görə malın azalmamasıdır. (Müslim, Birr, 69) Nəinki azalması, malın daha da artacağı bildirilir; Allah niyyətə görə yeddi yüz qatını verəcəyini vəd edir.
Allah elmi istəyənə, malı da istədiyinə verir. İmtahan dünyasında verilən də, verilməyən də imtahandadır. Rəbbimiz bizi bir-birimizin himayəsinə vermişdir. Aramızdakı yardımlaşma, rəhmət və mərhəməti gücləndirmək üçün bir-birimizə möhtacıq. Bir vücud kimi olmaq üçün comərdlik anlayışımızı genişləndirməli, həyat tərzi halına gətirməliyik. Allah üçün verək ki, Allah da bizə versin.
ŞƏRHLƏR