İbadət ədəbə səsləyir

İbadət ədəbə səsləyir

Qurani-Kərimdə Allaha ibadət amili insanın yaradılış qayəsi olaraq göstərilir. Zəriyat surəsinin 56-cı ayəsində bu barədə belə buyurulur: “Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım”. Qurani-Kərimdə yer alan insanın yaradılış hekayəsinə baxdığımız zaman ilk növbədə Allahın Adəmə və onun övladlarına yüklədiyi bir missiyanın şahidi oluruq. Yer üzündə Allahın xəlifəsi olmaq və Ona itaət etmək. Hansı ki, ibadətin elə özü də Rəbbimizə itaətin bir parçasıdır.

Haqq-Təala yer üzünə xəlifə olaraq göndərdiyi insana müəyyən məsuliyyətlər yükləmişdir. Yəni o, yaşadığı dünyada özbaşına buraxılmamışdır. Bu həqiqət Yaradanı və dünyaya gəliş qayəsini unudaraq yer üzündə fəsad çıxaran insanlara ayeyi-kərimədə belə xatırladılır: “Yoxsa insan özbaşına buraxılacağınımı zənn edir?!” (əl-Qiyamə, 36) Əlbəttə ki, bu məsuliyyətlər insanın yaradanla, digər insanlarla, həmçinin digər məxluqatla münasibətlərini tənzimləyir. İslam dini bu münasibətlərin hər birində ədəb amilini əsas alır. Yəni Rəbbimizə, özümüzə, digər insanlara, təbiətə və hətta cansız varlıqlara qarşı riayət etməli olduğumuz əxlaq və ədəb normativləri mövcuddur. İnsanın Allaha qarşı riayət etməli olduğu ən böyük ədəbsə həyatını Onun əmr və qadağaları istiqamətində yaşamasıdır. Maraqlı bir nüans ondan ibarətdir ki, Allahın bizdən tələb etdiyi və yaradılış qayəmiz olan ibadətin bütün növləri eyni zamanda bizim üçün ədəb təlimidir. Məsələn;

Namaz bizə qulluq ədəbini öyrədir. Başımızı səcdəyə qoyarkən aləmlərin rəbbi olan Allah-Təalanın hüzurunda bir heç olduğumuzu dərk edirik və bu, bizim təvazökarlıq duyğularımızı bəsləyir. Xüşu hissi ilə namaz qılan bir mömin bu əsnada Rəbbinin nə qədər böyük və əzəmətli olduğunu iliklərinə qədər hiss edir. Qıldığımız hər namazda gözümüzü sağa-sola qaçırmamağa çalışarkən şüuraltımıza hörmət və təzim ədəbinin toxumları atılır. Qəlb  sarayımıza Vədud olan Allahdan başqasını hakim qılmamağı təlim edir. Namazı layiqincə qılan mömin Allahdan başqasının qarşısında əyilməməyi öyrənir. Ən uca, ən mərhəmətli, ən səxavətli, bütün mülkün yeganə sahibi olan o varlığın qarşısında əyilənlər dünyalıq üçün başqa qapılara əl açmamağı, məqam-mövqe sahibi olmaq üçün vəzifə sahibləri önündə ikiqat olmamağı öyrənirlər. Bu şüurla edilən səcdələr insanlıq heysiyyətini gücləndirir.    

İradəmizə hakim olmağı öyrədən oruc bədən üzvlərimizi təqva ilə cilovlayaraq bizə xüsusi bir əxlaq təlimi keçir. Sadəcə mədəmizi ac qoymaqdan ibarət olmayan bu ibadət sayəsində əlimizi, dilimizi, qulağımızı, gözümüzü, zehnimizi və ən əsası qəlbimizi ilahi ədəbə yaraşmayan nöqsanlardan qorumağı öyrənirik. İftar vaxtında əlimizi uzatdığımız ruzilər bizə Rəzzaqı xatırladır və Onun bəxş etdiyi nemətlərin qədrini bilməyi öyrədir. Hansı ki, bu da bir başqa qulluq ədəbidir. Həmçinin oruc bizə aclığı yaşadaraq cəmiyyətdəki aclara və yoxsullara qarşı necə davranmamızı, yəni onlarla davranış ədəbini öyrədir. Qonşusu ac ikən tox yatmamaq əxlaqını təlqin edir.

İslamın beş şərtindən biri olan zəkat ibadəti pul ilə necə rəftar edəcəyimizi öyrədir. Zəkat verməli olduğunu dərk edən və bu anlayışda olan bir müsəlman əlindəki imkanlara güvənərək həddi aşmamağı, malında başqalarının da haqqının olduğunu dərk edən insandır. Zəkatını layiqincə verə bilənlər israf sayılacaq bütün xərcləmələrin əslində insanlıq ədəbinə zidd davranış olduğunun da fərqində olan bəxtiyar insanlardır. Yəni zəkat eyni zamanda bizə zənginlik ədəbi təlqin edir.

Bədəni və mali ibadət olan həcc ibadəti bizə bu dünyada tək olmadığımızı düşündürür. Başqa insanlara qarşı müəyyən məsuliyyətimizin olduğunu öyrədir. Həcc ibadəti bizə qardaşlıq ədəbini öyrədir. İman qardaşlığından doğan məsuliyyətimizi xatırladaraq dərdlərə şərik olmağı, sevincləri paylaşmağı təlqin edir. Eqolarımıza məğlub olaraq dünyanın sadəcə bizim məhvərimizdə fırlandığını düşünməməyə səsləyir, başqa bir dünyada yaşadığımızı xatırladır. Fərqli millətlərə, müxtəlif mədəniyyətlərə, cəmiyyətin bütün təbəqələrindən olanlara hörmətlə yanaşmağı öyrədir. Yer kürəsinin dörd bir yanına səpələnən müsəlmanlara qarşı vəzifələrimizi xatırladır. Bunun adı qardaşlıq ədəbidir. Həcc üçün ehrama bürünən bir müsəlman nəinki ətrafındakı insanlara, hətta bütün məxluqata da zərər verməməyi öyrənir. Bunun adı qul ədəbidir...

Allahın bizdən istədiyi kamil insan ola bilməyin yolu ibadət zamanı yaşadığımız üstün halları ibadətimiz bitdikdən sonra da davam etdirə biləyimizə bağlıdır. Nə deyirdi Şərqin könüllər sultanı Mövlana həzrətləri?

“Elə bir dəstəmaz al ki, heç vaxt pozulmasın. Elə bir namaz qıl ki, əsla bitməsin. Aşiq üçün beş vaxt namaz yetməz, beş yüz vaxt istər. Əsl aşiq vüsalın sona çatmasını istəyərmi?..”

 

 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz