İki dəqiqə
Bir qəzetin xəbər bölməsində belə bir yazı diqqətimi çəkdi: “Fateh Sultan Mehmed Universitetinin Türk Dili və Ədəbiyyatı kafedrasının müəllimi Dursun Ali Tökel hazırladığı bir video paylaşımda həyatın çox qısa olduğunu ayeyi-kərimələrlə izah edərkən müsəlmanların axirət üçün yaxşı hazırlıq görməli olduğunu xatırlatdı. Məaric surəsinin 4-cü ayəsinin diqqətəlayiq olduğunu ifadə edən Tökel: “Bir gün Məaric surəsini oxuyurdum. Dördüncü ayəyə çatanda dayandım. Ayədə belə buyurulurdu: “Mələklər və Ruh (Cəbrayıl) müddəti (dünya hesabı ilə) əlli min il olan bir gündə ərşə yüksələr”. Çox təəccübləndim. Bizə görə dünya hesabı ilə əlli min il mələyə görə bir gün imiş”, - dedi. Arxasınca: “Dünyada yüz il ömür sürən bir insan, görəsən, o mələyə görə nə qədər yaşamış olur?” – deyə sual verən Tökel sözünün arxasını belə gətirdi: “Dünyada yüz il yaşayan bir insan o mələyə görə tam 3 dəqiqə yaşamış olur. Əlli il, altmış il ömür sürən biri bundan daha az yaşamış olur. Elə isə bunu nəzərimizdə saxlamalıyıq. Əbədi həyatı əldə etməyimiz üçün əlimizdə təxminən iki dəqiqəmiz var. Vəssalam. “Dünya boş şeydir” deyib özümüzü aldatmayaq. “Dünya yalan dünyadır” deyə bir-birimizin başını qatmayaq. Əslində yalan olan bizik. Bir-iki dəqiqə içində əbədi həyatı təmin etdik, etdik. Yoxsa bizi tam bir fəlakət gözləyir”.[1]
Bizə görə əlli min il axirət ölçüsündə bir günə bərabərdir. Axirət hesabı ilə dünyanın hesabı eyni deyil. Allah Rəsulu (s.ə.s) qiyaməti anladarkən “çox yaxındır” deyirmiş. Səhabələr də “bu gün-sabah qiyamət qopar” deyə gözləyirmiş. Yüz illər ötdü, hələ də qiyamət qopmayıb. Allar Rəsulu (s.ə.s) qiyamətə axirət ölçüsü ilə baxırdı. Bənzər şəkildə, Qurani-Kərimdə bəhs edilən yeddi yatmış adam (əshabi-Kəhf) 309 il yatmış olmalarına baxmayaraq, “bir gün, yaxud günün bir hissəsi qədər yatmışıq” demişdilər. (əl-Kəhf, 19) Üzeyir peyğəmbər 100 il yatmışdı. O da oyandığı zaman “bir gün və ya günün bir hissəsi qədər yatmışam” demişdi. (əl-Bəqərə, 259) Qəbirdən qalxan müşriklərdən qəbirdə keçən zamanın nə qədər olduğu Allah tərəfindən soruşulduğu zaman onlar da eynilə mağara dostları və ya Üzeyir peyğəmbər kimi: “Yəvmən əv bə`də yəvmin – bir gün və ya günün bir hissəsi qədər”, - deyərlər. (əl-Muminun, 112-116)
İnsan yatdığı zaman, ölüm hadisəsində olduğu kimi, zaman və məkan məfhumu ortadan qalxar. Günəş doğmasa, qaranlıq, yaxud saat olmasa, insan nə qədər yatdığının fərqində olmaz, ölçə bilməz. Bəzən bir neçə dəqiqə yatdığımız halda, elə bilirik ki, saatlarla yatmışıq. Buna görə də - yuxu zamansızlıq və məkansızlıq yaşatdığı üçün ölümün ekiz qardaşı sayılır.
Bizə görə yaşı 1500-2000 il olan bir qəbirdəki ölüyə axirət miqyası ilə baxdığımız zaman görərik ki, orada sayılı dəqiqələr keçirib. “Üç günlük dünyadır” deyənlər nəsə bilirdilər ki, bu sözü deyiblər. 80-90 ili 365-ə vurub hesablayanda dünyada yaşanan gün sayı 25-30 min olur. Sonsuzluqla müqayisə edəndə isə heç 3 gün qədər də deyil. “Üç gün” deyəndə, əslində, bu ifadədə azaltma yox, mübaliğə var.
Bu günün virtual dünyasında insan hansı dil, din, rəng və ya inanca mənsub olursa olsun, tayyi-məkan (məkanlararası keçid edən, məkan ölçülərini aşan) həyat yaşayır. Səsi, görünüşü bir anda dünyanın başqa yerinə gedir. Yan tərəfdəki qonşunu qışqırıb çağırsa, səsi eşidilməyə bilər, amma dünyanın o biri başına, fısıltı ilə danışsa da, səsi gedib çatar. Bu, məkandan məkana keçid (tayyi-məkan) deyilsə, bəs nədir?
Bir də tayyi-zaman (zaman bölmələri arasında keçid) var. Hər birimiz ekranda baxdığımız bir videonun arxada qalmış/keçmiş hissəsinə, yaxud irəlisinə/gələcəyə baxa bilirik. Bu, zaman keçidi deyilmi? Dünyanın bütün ömrü sayılı dəqiqələrlə ifadə edilir. Dünya hesablamasından kənara çıxan, axirət hesabına görə, yəni əlli min ili bir dünya gününə bərabər hesabla düşünən, görən və yaşayan insanlar zaman içində keçmişə və gələcəyə səyahət edərlər, Allahın izni ilə. Gələcəkdən və keçmişdən xəbər vermək bu cür həyat videosunun, həyat filminin irəlisinə və gerisinə baxmaqla olur. Allah rəhmət etsin, Ankarada Şəkər dədə deyə biri var idi. Şəkər dədə deyərmiş ki: “Müraqibə halında Bədr döyüşünə getdim”. Şəkər dədənin əlini öpmüş, onunla yol getmişdim. Mən nə bilim ki, Şəkər dədə zamanda geriyə doğru gedə bilirmiş? Vəfatından sonra başqalarından eşitdim.
Ən böyük kəramət istiqamətdir. Uşaqlar belə ekran qarşısında videonu irəli-geri aparıb zamanda səyahət edirlər. Allah və Rəsulu nəyi əmr etmişsə, nəyi qadağan etmişsə, bunları nəzərə alaraq yaşamaq lazımdır. Bu yoxdursa, üç günlük dünyada zamanda, yaxud məkanlar arasında səyahət etməyin heç bir qiyməti yoxdur.
[1] https://www.yeniakit.com.tr/haber/hayat-2-dakika-iyi-degerlendirelim-1628408.html
ŞƏRHLƏR