Möminin həyası

Möminin həyası

“Həya, ədəb, namus” kimi məfhumların hər gün dəyərini itirib zədələndiyi dünyada “həya duyğusu” bizə nələri xatırlatmalıdır? Bu barədə nələrə diqqət yetirməliyik?

Həya insanı digər məxluqatdan ayıran ən mühüm xüsusiyyətlərdən biridir. Həya "utanmaq, çəkinmək" deməkdir. Ümumiyyətlə, “üzün qızarması, insanın başını önə əyməsi, gözlərini qaçırması” kimi formalarda çölə əks olunur.

İslam dini insanın təbiətində var olan bu həya duyğusunu inkişaf etdirmək, Allah-Təalanın təyin etdiyi qaydalar istiqamətində formalaşdırmaq və şəxsiyyəti ilə uyğunlaşan bir xarakter halına gətirmək istəyir. Bu yolla doğru ilə səhvi ayırd edərək Rəbbinin pis və çirkin görüb qadağan etdiyi söz və davranışları etməkdən həya edən qulun haramları tərk edib halallara sarılması, bu səbəbdən dinin gərəklərini yerinə yetirməsi daha asan olacaqdır. Ənkəbut surəsinin 45-ci ayəsində: Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl! Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir...” buyurularaq, həya mövzusunda ibadətlərin əhəmiyyətinə də işarə edilmişdir.

Hər dinin özünə xas bir əxlaqı var; İslam əxlaqının özəyi də həyadır”, (İbn Macə, Zöhd, 17) - buyuran Allah Rəsulu (s.ə.s) möminləri söz və hərəkətlərində həya üzrə davranmağa təşviq etmiş, “Arsızlıq harada və kimdə olursa olsun, çirkinləşdirər, həya isə harada və kimdə olursa olsun, gözəlləşdirər”, (Tirmizi, Birr, 47) - buyurmuşdur.

Həyanı itirmək əvvəlcə insanı “ən şərəfli varlıq” olmaqdan çıxararaq dəyərsizləşdirər. Birlikdə yaşamanın təməli olan hörməti ortadan qaldıraraq cəmiyyətin pozulmasına gətirib çıxarar. Onun üçün Peyğəmbərimiz (s.ə.s): “Utanmadıqdan sonra istədiyini et!” (Buxari, Ənbiya, 54) – buyuraraq, mövzunun bir mömin üçün nə qədər əhəmiyyətli olduğuna işarə etmişdir.

Allah-Təala bəndəsinin daim həya üzrə olmasını istəyir. Qulaqda həya, dildə həya, gözdə həya, əldə həya və nəhayət, bütün bədəndə həya/iffət istəyir.

Bəs nə üçün həya? Çünki:

- Dilin həyasızlığı insanı qeybətə, yalana, böhtana aparar,

- Gözün həyasızlığı insanı yanlış və uyğunsuz ekranları, haram səhnələri seyr etməyə sürüyər,

- Qulağın həyasızlığı insanı şəri dinləməyə yönləndirər,

- Əlin həyasızlığı isə insanı günaha düçar edər.

Peyğəmbərimiz (s.ə.s): Həya imanın əlamətidir, iman cənnətə aparar. Çirkin söz və davranış isə kobudluq və pis əxlaqın əlamətidir. Pis əxlaq da cəhənnəmə aparar”, (Tirmizi, Birr, 65) - buyurarkən, başqa bir hədisi-şərifdə də: “İmanın yetmişdən çox şöbəsi var. Həya da imandan bir şöbədir”, (Müslim, İman, 57) - buyuraraq iman ilə həya arasındakı yaxın əlaqəyə diqqət çəkmişdir.

Həm bu, həm də yuxarıda bəhs edilən digər xüsuslar səbəbilə biz müsəlmanlar dinimizin digər əxlaqi prinsiplərinə uyduğumuz/riayət etdiyimiz kimi, həyalı olmağa da lazımi qədər diqqət göstərməliyik. Xüsusilə doğrunu və səhvi yetişdiyi cəmiyyətdə müşahidə yoluyla öyrənən övladlarımıza həyanı əsl mühüm dəyər olaraq öyrətməli, onların tərtəmiz zehinlərinə həyanın gözəlliyini həkk etməliyik. Ədəbə yaraşmayan sözlər danışan və ya ədəbə tərs davranan məsum uşaqların bu hallarına gülümsəyib onları həyasızlığa təşviq etməməliyik.

Bilməliyik ki, biz möminlər üçün həya əxlaqlı və şərəfli bir həyatın açarı və insanın imanını əks etdirən, onu Rəbbi qatında qiymətli edən əxlaqi bir xüsusiyyətdir.

Həya sırf xeyirdir və ya ən azı xeyrə vəsilədir. Buna qarşılıq, həyasızlıq və çirkin söz isə şərdir və ancaq şərə aparır. İmam Mavərdi (r.aleyh) həyanı üç qismə ayırır:

  1. Allahdan utanmaq (yəni Onun əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək),
  2. İnsanlardan utanmaq (yəni insanın başqa insanlardan utanması, onlara əziyyət və açıq şəkildə pislik etməməsi),
  3. Öz nəfsindən utanmaq (yəni insanın öz nəfsindən həya etməsi, iffətli olması və tək qaldığında belə günahlardan uzaq durması). Həyanın bu qismi nəfsin ərdəmlərindən və əxlaqın gözəlliklərindən qaynaqlanır.

İnsanın həyası bu üç yöndən tam olarsa, onun xeyir səbəbləri tam olmuş və pislik səbəbləri isə özlüyündən ondan uzaqlaşmış olar. Müsəlman olaraq hər birimizin hədəfi, şübhəsiz ki, Allahın rizasıdır. Onun razılığına nail olmaq üçün isə imanımızın, ibadətlərimizin və əxlaqımızın səviyyəsi əsasdır.

Bu gün dünya bir böhran içindədirsə, bu, ədəb-həya yoxluğundan/yoxsulluğundan irəli gəlir. Bu mövzuda şeytanın aqibətinə baxaraq ibrət almalıyıq. Çünki o, cürət və ədəbsizliyindən dolayı ilahi hüzurdan qovulmuşdur.

Həya iman əhli olaraq bizim əsl, ən əsas xüsusiyyətlərimizdən biri olmalıdır. Və biz həya barəsində özümüzü hər daim hesaba çəkməliyik. Bu sahədəki irəliləyişimiz digər mənəvi sahələrdə də bizi irəliyə aparacaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz