HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 19

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 19

Hüdayi həzrətləri buyurur:

“Məkanlarda şərəf olduğu kimi, Hərami-Şərifdə işlənən əməllərin (fəziləti) qat-qat artıq olduğu kimi, zamanlar içərisində də Ramazani-Şərif belədir. Bu ayda işlənən əməllər digər aylarda işlənən əməllərdən qat-qat fəzilətlidir. Möminlər Haqq-Təalanın yaxınlığına və vüslətinə nail olana qədər çalışıb əllərindən gələni etməlidirlər”.[1]

Haqq-Təala bəzi məkanlar kimi, bəzi vaxtları da digərlərindən üstün qılmışdır. Həmin vaxtlarda edilən ibadətlərə digər zamanlarda edilən ibadətlərdən qatbaqat artıq savab vəd etmişdir. On bir ayın sultanı olan Ramazani-Şərif də belə bir mənəvi xəzinə kimidir.

Xam və nadan qəlblə baxdıqda Ramazan günlərinin, eləcə də gecələrinin digər ayların gün və gecəsindən heç bir fərqi yoxdur. Lakin iman pəncərəsindən baxdıqda Ramazani-Şərif “Əvvəli rəhmət, ortası məğfirət, sonu da cəhənnəmdən qurtuluş”[2] vəsiləsi olan, ilahi müjdələrlə dolu bir qazanc mövsümüdür.

Sevdiyimiz bir adam bizə çox dəyərli hədiyyə göndərdikdə ona təşəkkür edib hədiyyəsinə xüsusi diqqət göstərdiyimiz kimi, Ramazani-Şərif də aləmlərin Rəbbinin bizə lütf etdiyi bahabiçilməz hədiyyəsidir. Ona görə də bu ərməğan üçün can-könüldən şükür etməli, onun qədir-qiymətini bilib saleh əməllərlə əhya etməyə çalışmalıyıq. Çünki bu, Allah-Təalanın biz qulları üzərindəki haqqıdır.

Bunun əksinə, bizə bəxş olunan bu ilahi lütfə biganə qalmaq Allaha qarşı böyük laqeydlik, hətta nankorluqdur.

Əbu Bəkr əl-Bəlxi g belə buyurur:

“Rəcəb ayı toxum əkmə ayıdır. Şaban ayı əkilən toxumu sulama ayıdır. Ramazan ayı isə məhsulu yığma ayıdır”.

Məhz bu mənəvi yığım mövsümündə axirət tədarükümüzü yaxşı görə bilmək üçün hər zamankından daha çox səy göstərməliyik. Bunun əksinə, ilahi qəzəbi cəlb edən hər şeydən də o nisbətdə uzaq durmalıyıq. Çünki bu mübarək ayda işlənən saleh əməllərin savabı qat-qat artırıldığı kimi, belə bir qiymətli zaman kəsiyində yaşayacağımız qəflət, edəcəyimiz tənbəllik və səhlənkarlıq da digər zamanlarla nisbətdə daha böyük məhrumiyyətə, hətta əzaba səbəb ola bilər.

Həzrət Peyğəmbər r də Ramazani-Şərifdə qəflət və səhlənkarlıqları səbəbi ilə ilahi rəhmətdən məhrum qalanların bədbəxt kəslər olduğunu xəbər vermişdir.[3]

Hüdayi həzrətləri buyurur:

Masiva hubbun[4] aradan sürəgör,

Zati-bi-çunə[5] Hüdayi ərəgör,

Bəzmi-vəhdətdə səfalar sürəgör,

Gəldi lütf ilə mübarək Ramazan…

Hüdayi həzrətləri bu misralarında öz timsalında bizə belə səslənir:

“Haqq-Təala ilə aranda olan bayağı məhəbbətləri qəlbindən çıxart! Ey Hüdayi, misli-bərabəri olmayan və hikmətindən sual edilməz Uca Zatın rizasına nail ol! Onun vəhdət məclisində səfa sür! Çünki Haqq-Təalanın lütfü ilə mübarək Ramazan ayı gəldi”.

Ramazan ayında günahlardan, qəflətdən, dünya və axirətimizə fayda verməyən işlərdən əl çəkməliyik. Mədəmizə oruc tutdurduğumuz kimi, bizi Allahdan qafil qoyan fani məhəbbətlərlə məşğuliyyəti də tərk edərək, könül taxtımızı onun əsl sahibi olan Allah-Təalaya həsr etməliyik. Yəni bir növ, masivaya qarşı da “könül orucu” tutmalıyıq.

Oruclu olarkən ağzımızdan içəri hər hansı bir şeyin girməməsinə diqqət etdiyimiz kimi, ağzımızdan çıxan hər kəlməyə də diqqət etməliyik. Xüsusilə orucun feyz və ruhaniyyətini zədələyən qeybət, dedi-qodu, söz gəzdirmə və gərəksiz sözlərə qarşı “sükut orucu” tutmalıyıq. Gözümüzü və qulağımızı Rəbbimizin razı olmadığı səs və görüntülərlə kirlətməməyə çalışmalıyıq.

Bildiyimiz kimi, ticarət sahəsində iş adamları müəyyən vaxtlarda sərgilər təşkil edirlər. Yaxud böyük yarışa hazırlaşan idmançılar xüsusi düşərgələrdə ağırlaşdırılmış məşqlər edirlər. Həmçinin imtahana hazırlaşan tələbələr də xüsusi kurslara gedirlər. Bu mərhələdə digər vaxtlarda həyata keçirilən bir çox məşğuliyyətlərə ara verilir. Bir növ ictimai mühitlə əlaqələr kəsilir, qarşıya qoyulan hədəfdən başqa heç nə haqda düşünülmür. Çünki bu zaman zehni və qəlbi dağınıqlığa icazə yoxdur.

Məhz bu dünyada əbədiyyət yolçusu olan və axirət tədarükü görmək kimi bir vəzifəsi olan möminin də fani və nəfsani cazibələr diqqətini yayındıraraq ona əsas həyatın axirət olduğunu unutdurur, beləliklə də, onu əsas vəzifələrindən uzaqlaşdırır. Yaşadığımız zəmanədə xüsusilə internet, televizor, cib telefonları, bir sözlə, bütün ekranlardan gələn mənfi yayınlar zehinləri və qəlbləri bulandırır.

Bu yerdə, Ramazani-Şərif fərdi və ictimai ibadətlərdə təmərküzləşərək:

- Zəmanəmizin şərlərinin həyatımızda işğal etdiyi sahəni minimum səviyyədə azaltmaq,

- Könül dünyamıza çökən qəflət sisini dağıtmaq,

- Bu dünyaya göndərilmə qayəmiz olan qulluq şüurumuzu gücləndirmək üçün müstəsna fürsətdir.

Hüdayi həzrətləri buyurur:

Zikri-təhlili və təsbihi gözəl,

Həm namazı və təravihi gözəl,

Zavʼi[6]-qəndili məsabihi[7] gözəl,

Gəldi xoş lütf ilə şəhri-Ramazan…

Ramazani-Şərifin əsl gözəlliyi onun ibadət vəcdi ilə əhya edilməsindədir. Çünki bu ay başda oruc olmaqla beş vaxt namaza əlavə olaraq qılınan təravih və nafilələrlə, Quran xətmləri ilə, infaqlarla, zikr və salavati-şərifələrlə, bir sözlə, saleh əməllərlə əhya etməmiz üçün lütf edilmişdir.

Bu mübarək ayda tutduğumuz oruclar vəsiləsi ilə nemətlərin qədrini daha dərindən idrak edib şükrümüzü artırmalıyıq. Acların və möhtacların halını daha çox hiss edərək onların məhrum olduqlarını təmin etmək üçün fədakarlıq və səxavət səfərbərliyinə başlamalıyıq. Zəkat, fitrə, sədəqə və bütün imkanlarımızdan edəcəyimiz infaqlarla həm onların könlünü qazanıb xeyir-dualarını almalı, həm də öz könül dünyamızı əhya etməliyik. Çünki hədisi-şərifdə belə buyurulur:

“Əgər qəlbinin yumşalmasını istəyirsənsə, kasıbı doyur, yetimin başını oxşa!..” (Əhməd, II, 263)

Yeri gəlmişkən, dəbdəbəli restoranlarda, hətta Ramazan xaricindəki aylarda içki verilən bəzi yerlərdə iftar ziyafətləri təşkil etmək, bu kimi dəvətlərə iştirak etmək – xüsusilə böyük fəlakətlərlə sınağa çəkildiyimiz belə bir zamanda – müsəlmana yaraşmaz.

6 fevral tarixində Türkiyəmiz güclü zəlzələ təkanları ilə sarsıldı. Ardınca sel fəlakəti yaşandı. Əlbəttə, bu kimi fəlakətlər üçün maddi tədbirlər alınmalıdır. Lakin bununla yanaşı, mənəvi tədbirləri də əldən qoymamaq lazımdır.

Namazın hər rükətində Fatihə surəsini oxuyuruq. Bu gün oxuduğumuz Fatihə surəsində xüsusilə

اِيَّاكَ نَعْبُدُ وَ اِيَّاكَ نَسْتَعينُ

(Ey Rəbbimiz!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik” (əl-Fatihə, 5) ayəsi üzərində durmalıyıq.

Bu ayədə bizim fərdi şəkildə deyil, ictimai şəkildə Allaha qulluq etməmizin lüzumuna diqqət çəkilir. Bir cəmiyyət olaraq “اِيَّاكَ نَعْبُدُ”nu nə qədər yaşayarıqsa, yəni birlik və bərabərlik içində ilahi əmr və yasaqlara nə qədər riayət edib Allaha qul ola bilsək, “وَ اِيَّاكَ نَسْتَعينُ”, yəni Allahın yardımına da o nisbətdə nail ola bilərik.

Tariximizdə yaşanan bu hadisə necə də mənalıdır:

Çanaqqala müharibəsi zamanı bir bölük əsgərlərimiz düşmən tərəfindən mühasirəyə düşmüşdü. Bu əsnada minbaşı Lütfü bəy: “Yetiş, ya Muhamməd, kitabın əldən gedir!” deyərək yardım nərəsi atdı.

Həzrət Peyğəmbər r-in Veysəl Qərani həzrətləri haqda buyurduğu: “Yəməndən gələn Rəhmani nəfəsi hiss edirəm”[8] sirrinə bənzər şəkildə, zaman və məkanın ardından Rəsulullaha sanki Rəhmani nəfəs yetişdi. Allahın yardımı ilə düşmən mühasirəsi yarıldı, əsgərimiz sağ qurtuldu.

Bu gün də qarşılaşdığımız bəla və müsibətləri dəf etmək üçün o Rəhmani nəfəsə möhtacıq. Maddi tədbirlərlə yanaşı, səmimi göz yaşları ilə tövbə, istiğfar və dualar etməliyik.

Ramazani-Şərif ictimai formada Allaha yönəlib Ondan yardım diləmək üçün ən gözəl dua mövsümüdür.

Digər tərəfdən, mömin, din qardaşları ağır vəziyyətdə olarkən rahatlıq tapmayan həssas vicdana sahib olmalıdır. Unutmayaq ki, bu günlər:

- Ramazani-Şərifin rəhmət iqliminə girərək ağır vəziyyətdə olan din qardaşlarımızla çörəyimizi və imkanlarımızı bölüşmək günləridir.

- Yaşamaq həzzini unudub yaşatmaq sevdasına könül vermək günləridir.

- Din qardaşlarımızın dərdinə şərik olub onlara şəfqət və mərhəmətlə qol-qanad gərmək günləridir.

- Ehsan və ikram etməyin mənəvi həzzi ilə ruhlarımızı doyurmaq günləridir.

Əlbəttə, iftar vəsiləsi ilə dost-tanış, qonum-qonşu, qohum-əqrəba ziyarətləri də olmalıdır. Lakin iftarın ən mühüm qayəsinin bir tikə çörəyə möhtac olan yoxsullara, yetimə və məzluma ikram etmək olduğunu unutmamalıyıq.

Rəsulullah r bir hədisi-şərifində zənginlərin çağırılıb yoxsulların məhrum qaldığı toy ziyafəti haqqında “necə də pis ziyafət” ifadəsini işlətmişdir.[9] Eynilə bu cür, iftar yeməyinin əsas qayəsi olan yoxsullara ikram etməyi unudaraq onu sırf dost-tanış arasında ziyafətə çevirmək də Ramazanın ruhuna ziddir.

Uşaqlıq illərimizdə Ərənköydəki evimizin bağçasında iftarlar verilərdi. Həmin iftarlara cəmiyyətin ən aşağı təbəqəsindən tutmuş ən üst təbəqəyə qədər hər sinifdən insan dəvət olunardı. Bir-biriləri ilə ünsiyyət qura bilmələri üçün faytonçular, təmizlik işçiləri, xeyriyyəçilər, qohum-əqrəba, müəllim sinfi ayrı-ayrı günlərdə çağırılar, iftardan sonra da hamıya “dişinizə əziyyət verdik” deyə nəzakətlə “diş kirası” adı verilən hədiyyələr verilərdi. İslam əxlaqının əcdadımız Osmanlıdakı müstəsna nəzakət və zərafət təzahürlərindən biri olan bu gözəl ənənə o günlərdə yaşamağa davam edirdi.

Lakin o dövrdə də Ramazani-Şərifin ruhunu dərk edə bilməyənlər üçün kinoteatrlar və əyləncə məkanları vardı. Bunun məqsədi gecənin gec saatlarına qədər həmin yerlərdə vaxt öldürmək, sahurdan sonra da yatıb orucun böyük hissəsini yuxuda keçirmək idi.

Təəssüf ki, bu gün gecələri televizorun qarşısında, yaxud internetdə keçirərək, islami və əxlaqi dəyərlərimizlə uzlaşmayan film və proqramlarla vaxt öldürmək xəstəliyi geniş hal aldı. Halbuki Ramazan gecələri ekran başında oturub qalmaq zamanı deyil, Rəbbimizlə baş-başa qalmağın ən feyzli anlarıdır. Bu qiymətli vaxtları zay etmək mənəvi sərvəti boşa xərcləməkdir. Nadir tapılan bahalı daşı zibilliyə atmaqdan daha həzin bir itkidir.

Hüdayi həzrətləri buyurur:

Ərəmi aşiq camalın[10] nuruna,

Rəhmətin, ğufranın[11] ayıdır Sənin.

Varamı sadiq vüsalın[12] Turuna,[13]

Lütf ilə ehsanın ayıdır Sənin…

Ramazani-Şərif ilahi əfv bəratının alındığı mübarək bir aydır. Bu barədə hədisi-şəriflərdə belə buyurulur:

“Hər kim fəzilətinə inanaraq və qarşılığını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”. (Buxari, Savm, 6)

“Hər kim inanaraq və savabını Allahdan umaraq Ramazan gecələrini əhya edərsə, keçmiş günahları əfv olunar”. (Buxari, Təravih, 46)

Lakin unutmamaq lazımdır ki, hər kəsin Ramazan ayından alacağı şəhadətnamə onun əhyası üçün göstərdiyi səy və cəhdlərinin nəticəsinə bağlıdır.

Bağışlanma ayı olan Ramazani-Şərifdən əfv olunaraq çıxa bilmək üçün bu ayda etdiyimiz ibadətlərimizlə yanaşı, xüsusilə tövbə və istiğfarı, səmimi göz yaşları ilə Rəbbimizə yalvarışları da artırmalıyıq. Haqq-Təalanın əfvini və rəhmətini cəlb edəcək hal və davranışlar sərgiləməyə daha çox səy göstərməliyik.

Ramazani-Şərif ilahi rəhmət və məğfirətin coşub-daşdığı ay olduğu kimi, mömin də bu ayda Allahın qullarına qarşı daha bağışlayıcı, anlayışlı, şəfqətli, mərhəmətli, nəzakətli və əfvedici olmalıdır. Əfv edə-edə ilahi əfvə layiq hala gəlməyə çalışmalıdır.

Digər tərəfdən, bəziləri orucun adamı əsəbi etdiyini söyləyirlər. Orucun həqiqətindən qafil olanlar da nəfslərinə xoş gələn bu qənaətə qapılaraq  sanki oruclu olarkən əsəbi olmağı adi hal qəbul edərlər. Halbuki bu, son dərəcə yanlış düşüncədir.

Çünki oruc quru aclıqdan ibarət deyil. İbadət vəcdi ilə və ədəbinə riayət edilərək tutulan oruc əsəbiləşmək üçün səbəb deyil. Əksinə, oruc sinirləri sakitləşdirmək, nəfsi cilovlamaq, iradəni gücləndirmək təlimidir.

Əgər bir adam oruclu olarkən əsəbiləşirsə, sükunət və müvazinətini itirirsə, ətrafındakı insanlarla kobud rəftar edib qəlb qırırsa, o adam orucun ruhundan və mənasından uzaqdır və quru aclığın səbəb olduğu əsəb hissi yaşayır. Belələri;

“Bir çox oruc tutan var ki, orucdan əldə etdiyi quru aclıqdan başqa bir şey deyil!..”[14] hədisi-şərifinin ifadə etdiyi dairəyə girmə təhlükəsi ilə qarşı-qarşıyadırlar.

Halbuki ilahi əmrlərə və nəbəvi tövsiyələrə uyğun qaydada oruc tutan bir mömin gözəl əxlaq, ədəb, səbir, əfvedicilik, nəzakət və zərafətə hər zamankından daha çox əhəmiyyət verməlidir. Bu barədə Rəsulullah r belə buyurmuşdur:

“Sizdən heç kim oruclu olduğu gün pis söz söyləməsin və heç kimlə mübahisə etməsin. Əgər kimsə ona söyər, yaxud sataşarsa, “mən orucluyam” desin”. (Buxari, Savm, 9)

Ayeyi-kərimədə buyurulduğu kimi:

“Rəhmanın (xalis) qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər”. (əl-Furqan, 63)

Bu hadisə necə də ibrətlidir:

Bir gün Rəsulullah r əshabi-kiramla oturarkən kənardan gələn bir nəfər Həzrət Əbu Bəkri təhqir edərək onu incitdi. Lakin Əbu Bəkr t ona heç bir cavab vermədi. Həmin adam ikinci dəfə eyni şəkildə həqarət etdi. Əbu Bəkr t yenə sükut etdi. O adam artıq üçüncü səfər təhqir etdikdə Həzrət Əbu Bəkr t ona layiq olduğu cavabı verdi. Bu zaman Allah Rəsulu r ayağa qalxıb oradan uzaqlaşmağa başladı. Həzrət Əbu Bəkr dərhal ardınca gedib özünü ona çatdıraraq:

“Ey Allahın Rəsulu, olmaya məndən incidiniz?” - dedi.

Allah Rəsulu r belə buyurdu:

“Xeyr, incimədim. Səmadan bir mələk nazil olmuşdu, onun sənə söylədiklərini təkzib edərək sənin yerinə ona cavab verirdi. Sən cavab verib intiqamını aldığın zaman mələk getdi, yerinə şeytan gəldi. Bir yerə şeytan girərsə, mən orada durmaram”. (Əbu Davud, Ədəb, 41/4896)

Məlum olduğu kimi, Ramazani-Şərifdə şeytanlar zəncirə vurulur. Lakin cəmiyyət içərisində münaqişə, dava, qəlb qırma, cinayət halları azalsa da, tamamən ortadan qalxmaz. Çünki xam və qafil nəfslər hər zamankı kimi iş başındadır.

Bir sözlə, mömin mədəsinə oruc tutdurduğu kimi, nəfsinin azğınlaşmasına izin verməyib onu da möhkəm cilovlamalıdır. Çünki əsas məsələ nəfs şeytanını zəncirə vura bilməkdir. Ramazani-Şərif və oruc xam nəfsləri tərbiyə edib ruhun iradəsini gücləndirərək insanı hər fürsətdə pisliyə sövq edən nəfsi nəzarətdə saxlamaq üçün misilsiz mənəvi tərbiyə vasitəsidir.

Layiqincə tutulan oruc bir növ ruhun geydiyi ehrama bənzəyir. Həcc və ümrədə ehramlı olarkən rəfəs, fisq və cidal, yəni şəhəvi arzular, ədəbdən və əxlaqdan uzaq sözlər, günah və münaqişə qadağan olduğu kimi, oruclu olarkən də bu kimi davranışlar qadağandır.

Bir sözlə, oruc tutan adam heç kimi incitməməli, heç kimdən də inciməməlidir. Şəxsinə qarşı işlənən qüsurları Allah üçün əfv etməli, hər zamankından daha əfvedici və anlayışlı olmalı, bir növ, “mələk simalı” mömin olmağa çalışmalıdır.

Hüdayi həzrətləri buyurur:

Anda Qurani-Əzim etdi nüzul, [15]

Şəhri-ümmət[16] buyurur ona Rəsul,

Talibi-Haqqa nəsib ola vüsul,[17]

Gəldi xoş lütf ilə şəhri-Ramazan…

Ayeyi-kərimədə buyurulduğu kimi:

“Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır…” (əl-Bəqərə, 185)

Ona görə Ramazani-Şərifdə Qurani-Kərimlə ünsiyyətimizi artırmalıyıq. Rəsulullah r hər il Ramazan ayında Cəbrayıl u ilə görüşər və ona Quran oxuyardı.[18]

Ramazani-Şərifdəki müqabiləxətm ənənəsi də Peyğəmbərimizin bu əziz xatirəsindən ilhamla meydana gəlmişdir. Bu gözəl sünnəni əhya etməyə əlavə olaraq Quranı oxumaqla kifayətlənməyib onunla əməl etməyə də çalışmalıyıq. Yəni Quranın mənasını təfəkkür etməli, hökmlərinə əməl edib, əxlaqı ilə kamilləşməliyik. Əks təqdirdə Fudayl bin İyaz g-in bu qınağına məruz qalanlardan olarıq:

“Quran onunla əməl edilsin deyə nazil oldu. İnsanlarsa sadəcə onu oxumağa əməl etdilər!”.

Fudayl bin İyazdan soruşdular:

- Quranla əməl etmək necə olur?

Həzrət belə cavab verdi:

- Halal qıldıqlarını halal, haram qıldıqlarını da haram qəbul edib onları həyata tətbiq edərək, əmrlərinə tabe olub qadağalarından uzaq duraraq və heyranedici ifadələri üzərində düşünərək (Allahı təsbih etmək, o xüsusların təfəkküründə dərinləşməklə) olur. (Xatib əl-Bağdadi, İqtizaul-Elmil-Amələ, s. 76)

Bildiyimiz kimi, əshabi-kiramın Qurani-Kərimlə məşğuliyyəti sadəcə onu oxumaqdan ibarət deyil, mənasını dərindən təfəkkür edib buyurduğu kimi yaşamaqdan ibarət idi.

Səhabələr üçün vəhyin nazil olması göydən enən və dadından doyulmayan ilahi ziyafət süfrəsi kimi idi. Nə zaman bir ayənin nazil olduğunu eşitsələr, dərhal ilahi ziyafətə tələsər, həyəcanla yeni gələn ilahi təlimatlardan “görəsən, Allahın rizası nədədir?” suallarının cavabını öyrənməyə can atardılar. Biz də Qurani-Kərimə eyni şövq və həyəcanla sarılmalıyıq.

Çox sevdiyimiz bir dostumuz bizə ziyafət versə, sevərək dəvətinə gedərik. Qurani-Kərim də Allahın biz bəndələrinə dəvətidir, bəşəriyyətə son mesaj və cənnət çağırışıdır.

Elə isə düşünək görək, fanilərin dəvətinə nə qədər əhəmiyyət veririk, Allahın dəvətinə nə qədər can atırıq? Hansı ki, Allah-Təalanın dəvəti dünyada hüzur, qəbirdə əmin-amanlıq, əbədi həyatda da səadət vəsiləsidir.

Biz də axirətdə Quranın şəfaətinə nail olmaq istəyiriksə, onun nazil olduğu Quran ayında Rəbbimizin dəvətinə daha könüldən can atmalı, Onun kəlamı ilə ünsiyyətimizi artırmalıyıq. Xüsusilə övladlarımızı Quran təlimi və tərbiyəsi ilə yetişdirmə yolunda xeyirli addımlar atmalıyıq.

Unutmayaq ki, övladlarımız bizə verilən ilahi əmanətdir. Kiçik yaşlarından etibarən onları namaza, camaata, oruca, infaqa, Quranla ünsiyyətə alışdırmalıyıq. Çünki ağac yaş ikən əyilər.

Hüdayi həzrətləri buyurur:

“Ramazanın hər günü mübarəkdir. Qədr adlanan gecə böyük ehtimalla Ramazani-Şərifdədir...

Nəbi r Ramazanın əşri-axirindədir (son on günü içərisindədir) buyurmuşdur. İndi həmin mövsümdəyik. Bundan sonra hər gecəsi Qədrdir deyəcək şərif günlər və gecələrdir. İyirmi yeddisində olması daha böyük ehtimaldır deyirlər. Şərəfi və qədri qayəsinə bağlı olduğu üçün Allah-Təala:

“Biz Quranı Qədr gecəsi nazil etdik”. (əl-Qədr, 1) - buyurur. Həmçinin “…min aydan (min ay ibadət etməkdən) xeyirlidir” (əl-Qədr, 2) deyə xəbər verir.[19]

Qədr gecəsi Haqq-Təalanın Rəsulullah r -ə olan məhəbbəti səbəbi ilə onun ümmətinə bəxş etdiyi mənəvi bir xəzinədir. Çünki Allah-Təala bu gecəni ibadətlə əhya edən möminlərə min ayı, yəni səksən üç ili, otuz minə yaxın gecə və gündüzü ibadətlə əhya etmiş kimi əcr vəd edir.

Həzrət Peyğəmbər r belə buyurur:

“Fəzilət və ülviliyinə inanaraq, savabını sırf Allahdan gözləyərək Qədr gecəsini ibadət və itaətlə keçirən adamın – qul haqları xaric – keçmiş günahları bağışlanar”. (Müslim, Müsafirin, 175/760)

Yəni bu gecə əfv və məğfirət gecəsidir. Lakin Allah-Təala “qul haqqı”nı ilahi əfvindən ayrı tutur. Bu səbəblə borc və digər qul haqları məsələsində haqq sahibləri ilə halallaşmaq zəruridir. Əks təqdirdə insan haqqına girdiyi adamla hesablaşmaq üçün öz savabından verəcək, hətta savabları bitərsə, onun günahlarını yüklənəcəkdir.

Rəsulullah r:

“Ey insanlar! Kimin üzərində bir haqq varsa, dərhal ödəsin, dünyada rüsvay olmaqdan qorxmasın! Bilin ki, dünyadakı rüsvayçılıq axirətdəkinin yanında çox yüngüldür!” - buyurmuşdur. (İbn Əsir, əl-Kamil, II, 319)

Ona görə üzərimizdə haqqı olan insanlarla bir an əvvəl halallaşmalıyıq. Əgər haqq sahibini tapıb halallaşmaq imkanımız yoxdursa, onun adına xeyir-həsənat işləri görüb istiğfar etməliyik.

Həzrət Aişə validəmiz Rəsulullah r -in Ramazan ayında digər aylarda görülməyən bir ibadət atmosferinə girdiyini, Ramazanın son on günündə özünü daha çox ibadətə verərək xüsusilə gecələri əhya etdiyini bildirmişdir.[20]

Bir dəfə Aişə anamız Hz. Peyğəmbərdən:

“Ey Allahın Rəsulu! Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, o gecə necə dua edim?” - deyə soruşmuş, Rəsuli-Əkrəm r də belə buyurmuşdu:

اَللّهُمَّ اِنَّكَ عَفُوٌّ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنّي

 “Allahım! Sən çox əfv edənsən, əfv etməyi sevirsən. Məni bağışla!” - deyə dua et!” (Tirmizi, Dəavat, 84; İbn Macə, Dua, 5)

Rəbbimiz hər birimizi Qədr gecəsinin qədrini bilənlərdən etsin!

Hüdayi həzrətləri buyurur:

Məsiyətdən[21] qulların saim[22] ola,

Taətində hər biri qaim[23] ola,

Eydi-vəslin[24] umarız daim ola,

Rəhməti-ehsanın ayıdır Sənin…

Ramazani-Şərifi Allahın əfvinə, rəhmətinə, riza və məhəbbətinə qovuşduracaq keyfiyyətdə əhya edə bilmək bir insan üçün ən gözəl bayram müjdəsidir.

Çünki bayram ilin hər hansı bir günündə keçirilmir. Ramazan bayramı üç aylarda idrak edilən təqva məktəbindən layiqincə keçə bilənlərə ehsan edilən ilahi təbriknamədir. Haqq-Təalanın riza və məhəbbətinə nail olmaq ümidinin yaşatdığı sevincdir.

Haqq dostlarının nəzərində əsl bayram bu fani aləmdəki ilahi imtahanlardan müvəffəqiyyətlə, səlim qəlb və vicdan rahatlığı ilə Allahın hüzuruna çıxdıqda yaşanacaq əbədi vüslət bayramıdır.

Bəhlul Danəndə həzrətləri belə buyurur:

“Bayram gözəl və yeni paltar geyinənlər üçün deyil, ilahi əzabdan əmin olub əbədi ziyandan qurtuluşa nail olanlar üçündür.

Həmçinin bayram gözəl miniyə minənlər üçün də deyil, xəta və qüsurları tərk edərək xalis qul ola bilənlər üçündür...”

Yəni əsl bayram nəfsani zövq-səfaya dalaraq israf çılğınlığı ilə gülüb əylənmək deyil, Allah-Təalanın riza və məhəbbətinə nail olmaqdır. Bayram tətil zamanı deyil. Əksinə, bayramlar:

P Qohum-əqrəbanı ziyarət etmək,

P Bir vəfa borcu olaraq keçmişlərin ruhunu xeyir və sədəqələrlə şad etmək,

P Bütün inciklik və küsülülükləri aradan qaldırmaq,

P Fədakarlıq və səxavətlə din qardaşlığını cəmiyyət səviyyəsində yaşatmaq kimi bir çox ictimai ibadətin ifa edildiyi müştərək sevinc günləridir. 

Bir sözlə, bayram fərdin deyil, cəmiyyətin sevincidir. Sevinclərin bölüşərək çoxalmasıdır.

Həqiqi bayramlara nail ola bilməyin yolu da cəmiyyət içərisində təbəssümü unudan hüznlü və yorğun könüllərə bayram sevinci yaşatmaqdan keçir. Bayram sevincinin seyr ediləcəyi ən bərraq güzgü bayram etdirilən qırıq könüllərdir…

Allah-Təala lütf-kərəmi ilə hər birimizə Ramazanın feyz və ruhaniyyəti içində qulluq həyatı yaşayıb əbədi vüslət bayramına çıxmağı nəsib etsin.

Amin!..

 

[1] Bax. Əziz Mahmud Hüdayi, Söhbətlər (Hazırlayan: Safi Arpaguş), 21-ci söhbət, Vefa Yay. İst. 2010.

[2] Bax. İbn Hüzeymə, Səhih, III, 191.

[3] Bax. Heysəmi, Məcməuz-zəvaid, III, 344.

[4] Hub: Məhəbbət.

[5] Bi-çün: 1. Bənzərsiz, tayı olmayan. 2. Səbəbi soruşulmaz, Allah.

[6] Zavʼ: İşıq, aydınlıq.

[7] Məsabih: Aydınlatma alətləri, lampalar, şamdanlar.

[8] Təbərani, Kəbir, VII, 52/6358.

[9] Bax. Buxari, Nikah, 72; Müslim, Nikah, 107.

[10] Camal: 1. Üz gözəlliyi. 2. Allahın rəhmətlə təcəllisi.

[11] Ğufran: Allahın əfvi.

[12] Vüsal: Vüslət, qovuşma.

[13] Tur: Həzrət Musa uʼın Allahla danışdığı dağ.

[14] İbn Macə, Siyam, 21.

[15] Nüzul: Nazil olma, enmə.

[16] Şəhri-ümmət: Ümmətin ayı.

[17] Vüsul: Çatmaq, yetişmək.

[18] Bax. Müslim, Fəzail, 50.

[19] Bax. Əziz Mahmud Hüdayi, e.a.ə., 18-ci söhbət.

[20] Bax. Buxari, Fəzlü-Leylətül-Qədr, 5.

[21] Məsiyət: Günah, üsyan, pislik.

[22] Saim: Oruclu.

[23] Qaim: Ayaq üstə olan, var olan.

[24] Eydi-vəsl: Allaha qovuşma bayramı.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz