Ədəbiyyatla əbədiyyətə
Hamımız əbədiyyətə uzanan uzun bir yolun qısa müddətli yolçularıyıq. Bizdən əvvəlkilərlə, bizdən sonrakılarla birlikdə bu uzun karvanın tərkibində, tərkində yer alırıq. Bu karvanda yolunu itirib çaşqın halda quru, faydasız çöllərdə, səhralarda, bataqlıqlarda ömrünü hədər edənlər də var, qədimdən bəri yol göstərən ulduzlara və keçmişindəki ulduz kimi insanlara qulaq verərək həqiqi istiqaməti tapanlar da...
İnsanı insan edən, digər məxluqatdan fərqləndirən əsas xüsusiyyəti ağıldırsa, davranış olaraq özünü büruzə verən digər bir xüsusiyyəti ədəbdir, tərbiyədir. Hansı ki, bu davranış genetik olaraq deyil, görərək, öyrədilərək nəsildən-nəslə ötürülür, dəyişdirilir, kamilləşir, yaxud aşınır.
Ədəbin nəsildən-nəslə ötürülməsi iki yolla davam etmişdir: biri təqlidi yoldur ki, uşaq atasından, müəllimindən görərək öyrənir, digəri isə tədrisi yoldur ki, kitablardan oxuyaraq, təlim keçərək öyrədilir. Bu ikinci yolun baniləri və davamçıları məhz ədiblər – söz sənətinin ustadları olmuşlar. Sözü tərbiyə edərək qəlibə uyğunlaşdıran sənətkarlar insanın da ədəb dairəsini məhz sözlə şəkilləndirərək onu zirvəyə çatdırmağı məqsəd güdmüşlər. Əbəs yerə deyil ki, ədəb söz kökündən törəyən “ədəbiyyat” bizim minillik ədəb gen kodlarımızda mühüm yer tutmuşdur.
Quranın, hədisin qadağan edildiyi Sovet dövründə bizi keçmişimizə - dini köklərimizə bağlayan ən möhkəm və düzgün əlaqə məhz ədəbiyyatımız olmuşdur. Bununla bağlı bir neçə misal vermək istəyirəm:
Sovetin qılıncının dalı da, qabağı da kəsərkən biz hələ də “Kitabi-Dədə Qorqud” dastanlarından Qazan xanın və onun yardımına yetən bəylərin hamısının təmiz suda yuyunub ağ alınlarını yerə qoyduqlarını, iki rükət namaz qıldıqlarını, Qadir Tanrıya dua etdiklərini, adı gözəl Muhammədə salavat çəkdiklərini oxuyurduq. Bütün döyüş tədbirlərini gördükdən sonra nəticəni Allaha həvalə edərək, “görək Yaradan neyləyir” deyildiyini də yenə bu dastanlardan əzbərləyirdik. Yaxud Qazılıq qoca oğlu Yeynəkin dilindən Allahın tərifini şüurumuza həkk edirdik:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən,
Anadan doğulmadın,
Sən atadan olmadın,
Heç kimin malını yemədin,
Kimsəyə güc etmədin.
Hər yerdə əhədsən, Allahü səmədsən!
Və Dədə Qorqud gəlib xeyir-dua verirdi:
Ağ saqqallı atanın yeri cənnət olsun!
Ağ birçəkli ananın yeri cənnət olsun!
Axır gündə Allah sizi pak imandan ayırmasın!
Allah günahınızı adı gözəl Muhamməd Mustafa üzü suyuna bağışlasın!..
İntibah dövrü dediyimiz X əsrdən sonrakı dövr ədəbiyyatımız da bu mənada olduqca zəngin nümunələrə malikdir. Hərçənd həmin dövrdə farsca yazmaq ənənəsi yayğın hala gəlsə də, ədəbi məğzin içində daşınan mənəvi mesajın dəyərini sonrakı nəsillərə aşılamağa kifayət edirdi. Xaqani Şirvanini (1126-1199) diqqətlə oxuyan bir gənc onun Vətən həsrəti ilə yanıb tutuşan könlündən fışqırıb işıq saçan bu sətirlərlə Haqqın rizasının əsas olduğu doğru yolun səmtini tapmaqda çətinlik çəkməzdi:
Haqq yolunda çalış, o qədər ki, Haqq,
Razı qaldığını biləsən mütləq.
Bir kiçik adama nəvaziş etsən,
Sənin böyüklüyün getməz əlindən.
Razılıq etsə də, səndən bir nadan,
Onun tərəfinə aldanmayasan.
Nizami Gəncəvinin (1141-1209) ağıl yolu ilə, düşünərək, dərk edərək həqiqəti qəbul etməyə sövq edən düşüncəsi, əlbəttə, sonrakı nəsillərdə öz izlərini büruzə vermişdir. Hər işə Allahın adını tutaraq başlamağı tövsiyə edən və müvəffəqiyyətin sirrini aşkarlayan böyük şair belə buyururdu:
Harda ki, ağıl bir xəzinə tapar,
Allahın adını eyləyər açar.
Dahi şair övladının timsalında gələcək nəsillərə səslənirdi:
Bilik kəsb etməklə dünyanı qazan,
Əsmanı oxu ki, məna alasan.
Qaç o sözlərdən ki, mənasız, boşdur,
İlahi elmlər öyrənmək xoşdur...
Şairlərdən söz açmışkən, bu məqamda:
Kimsə özbaşına qovuşmaz yara,
Ancaq Muhammədlə gedilər ora.
- deyən, Azərbaycan ədəbiyyatının böyük təsəvvüf şairi Marağalı Əvhədini (1271-1338) də yad etmək istərdim. “Cami-Cəm” əsərində incə-incə işlədiyi, ədəblə yoğrulmuş həyat tərzini bu misralarla xülasə etdiyini düşünürəm:
Xacəlik Allaha bəndə olmaqdır,
Məxluqa şəfqətlə nəzər salmaqdır.
Xəstə ürəklərə dərman etməkdir,
Sınmışa bir çarə tapmaq deməkdir.
Hər nə qədər qəzəlləri Sovet dövründə İslama zidd ifadələrlə şərh edilərək təqdim olunsa da, əslində elə İmadəddin Nəsimi (1369-1417) də mərdliyi, ədaləti, cəsarəti, həqiqətdən yayınmamağı təlqin edərək eyni mənəvi kodekslərin şüuraltımızda davam etməsinə böyük dayaq olmuşdur.
Məhəmməd Füzulinin (1494-1556) Peyğəmbər (s.ə.s) eşqi, əhli-beyt sevdası isə hər kəsə məlumdur. Bünövrəsini bu cür dahilərin qoyduğu ədəbi mirasımız bu günə kimi bizə yol göstərməyə davam etmişdir.
Digər şairlərimizi, mütəfəkkirlərimizi, onların əsərlərindən nümunələri burada sıralasaq, səhifələrə sığmaz. Həmçinin aşıqları, ozanları, nağılları, bayatıları, atalar sözlərini, yanıltmacları da əlavə etsək, söz yaddaşımızın, söz sənətinin mənəvi həyatımızdakı əhəmiyyətini daha yaxından müşahidə edərik. Ədəbiyyatımızın əbədiyyətə yolçuluğumuzda daim parlaq işıq saçması, mayak olması təmənnası ilə!..
ŞƏRHLƏR