Gecə ziyafəti

Gecə ziyafəti

Ramazan gecələrində yatsı namazından sonra, vitr namazından əvvəl, camaatla qılınan, hədisi-şəriflərdə “Qiyamu-Ramadan” (Ramazan namazı) deyə bəhs edilən namaz “təravih” namazıdır. Təravih ərəb dilində “tərviha” kəlməsinin cəmidir və rahatlatmaq, dincəltmək mənasına gəlir. Hər dörd rükətin sonunda bir müddət dincəlməklə, təravih beş tərvihadan ibarət olur.

Kutubu-sittənin (6 böyük hədis qaynağının) hər birində keçən bu hədis təravih namazının əhəmiyyətini ifadə edir: “Kim fəzilətinə inanaraq və savabını Allahdan gözləyərək Ramazan namazını (təravih) qılarsa, keçmiş günahları bağışlanar”. (Buxari, İman, 37; Müslim, Müsafirin, 173, 174) Başqa bir rəvayətdə bu əlavə də yer alır: “Allah Rəsulu (s.ə.s) qəti bir əmr vermədən Ramazan gecələrində ibadət etməyi tövsiyə edər və yuxarıda qeyd etdiyimiz hədisi söyləyərdi”. (Müslim, Müsafirin, 174; Əbu Davud, Ramazan, 1) Onu da xatırladaq ki, peyğəmbərimizin Ramazan ayında “kim fəzilətinə inanaraq və savabını Allahdan gözləyərək” deyə başladığı və “keçmiş günahları bağışlanar” müjdəsini verdiyi üç ayrı ibadət var. Bunlar: Ramazan orucu, təravih namazı və Qədr gecəsini ibadətlə əhya etməkdir.

Təravih namazını Peyğəmbərimiz (s.ə.s) iki-üç dəfə camaatla, qalan gecələrdə isə təkbaşına qılmışdır. Camaatla davamlı qılmamasının səbəbi “fərz olar və ümmətim üçün çətin olar” narahatlığı idi. Hz. Aişədən (r.anhə) gələn rəvayətə görə, Peyğəmbərimiz (s.ə.s) camaata 8 rükət təravih və 3 rükət vitr namazlarını qıldırardı. Abdullah ibn Abbasdan (r.anhumə) gələn rəvayətə görə isə təravih namazını 20 rükət olaraq qıldırmışdı. Bu namaz Hz. Əbu Bəkr (r.a) və qismən Hz. Ömər (r.a) dövründə təkbaşına qılınmağa davam etdi.

Fərz ola bilmə narahatlığı qalmadığı üçün və ümmətin ayrılığa düşməməsi məqsədi ilə Hz. Ömər (r.a) təravih namazının məsciddə 20 rükət camaatla qılınmasına qərar verdi. İmam Əbu Yusuf müəllimi İmam Əzəm Əbu Hənifəyə: “Hz. Ömər (r.a) hansı dəlilə əsaslanaraq təravih namazının 20 rükət olaraq və camaatla qılınmasını əmr etmişdir?” deyə soruşdu. Əbu Hənifə: “Təravih namazı müəkkəd sünnədir. Hz. Ömər (r.a) bu namazın 20 rükət və camaatla qılınmasını nə şəxsi ictihadı, yəni öz fikri ilə ortaya çıxarmış, nə də Peyğəmbərimizin (s.ə.s) dövründə olmayan bir yenilik ortaya qoymuşdur. Heç şübhəsiz, Hz. Ömər (r.a) bunu bildiyi bir dəlillə və Peyğəmbərimizin (s.ə.s) vəsiyyətinə əsaslanaraq etmişdir”. Bu vəsiyyətlərdən biri də budur: “...Sizin vəzifəniz mənim sünnəmə və doğru yolda olan xüləfayi-raşidinin sünnəsinə sarılmaqdır”. (Tirmizi, Elm, 16, 2676; İbn Macə, Müqəddimə, 6, 43; Əhməd b. Hənbəl, Müsnəd 26, 17272-17275)

Təravih namazı Hənəfi, Şafei və Hənbəli məzhəblərinə görə 20 rükət, Maliki məzhəbinə görə isə 36 rükət də qılına bilər. Məkkəlilər 20 rükətlik təravih namazını belə qılardılar: Əvvəlki 4 rükətlərdən sonra Kəbəni təvaf edər və 2 rükət təvaf namazı qılardılar. Sonuncu 4 rükətdən sonra isə vitr namazını qılardılar. Mədinəlilər isə təvafın əvəzinə 2, təvaf namazının da yerinə 2 rükət namaz qılaraq hər 4 rükətlik təravih namazının ardından 4 rükət nafilə namaz qılar və sonuncu 4 rükət təravihdən sonra vitr namazını qılardılar. Mədinəlilərin qıldığı bu namazdakı 20 rükətlik təravih və 16 rükətlik nafiləyə əsasən Malikilər 36 rükət təravih qılına bilər deyə fətva vermişlər. Hənəfi və Şafeilərə görə təravihin 8 rükəti müəkkəd sünnə, 12 rükəti isə müstəhəbdir.

Təravih namazını iki-iki rükətlərlə qılmaq daha fəzilətlidir. Dörd rükətdən bir salam verərək də qılına bilər. İki rükətdə bir salam verilərkən axşam namazının sünnəsi kimi qılınır. Dörd rükətdə bir salam verəndə isə ilk oturuşda əttəhiyyat duasından sonra salli-barik salavatları da oxunur. Bütün rükətlərdə Fatihədən sonra qiraət var. Bu zaman ya ən az üç ayə uzunluğunda bir ayə, yaxud üç qısa ayə oxunur. Təravih xətmlə qılınırsa, hər rükətdə bir səhifə Quran oxunur. Hər gün 20 rükətdə 20 səhifə Quran (bir cüz) oxunduğu zaman Ramazan sonuna qədər gündüz oxunan xətmə əlavə olaraq gecə də bir xətm oxunmuş olur.

Namaza gecikən biri gəlib görsə ki, fərz bitib, təravih qılınır; əvvəlcə yatsı namazının fərzini qılar, sonra iki rükət son sünnəni, sonra isə imamla təravih namazını qılar. Qıla bilmədiyi rükətləri isə istərsə vitr namazını imamla qıldıqdan sonra qılar, istərsə də tamamlayıb vitr namazını təkbaşına qılar. Oruc tuta bilən də, bilməyən də təravih namazını qıla bilər. Ramazandan sonra təravih namazı qılınmaz.

Təravih namazının başqa namazlardan fərqi yoxdur. Ona görə də bu namazı kim daha tez qılacaq yarışına çevirməmək lazımdır. Unutmayaq ki, bu namaz bizim keçmiş günahlarımızın əfv edilməsinə bir vəsilədir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz