Haqqa könül qazandırmaq

Haqqa könül qazandırmaq

Uca Allah Qurani-Kərimdə belə buyurur: (İnsanları) Rəbbinin yoluna hikmətlə, qaneedici dəlillərlə və ibrətamiz nəsihətlə dəvət et!” (ən-Nəhl, 125)

 Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

 Uca Allah (c.c) tərəfindən xüsusi olaraq xəlq edilmiş, adı dünya, məqsədi isə buraya göndərilən insanları və cinləri imtahan etmək olan bu mücadilə məkanı varlığını qiyamətə qədər sürdürəcəkdir.  Rəbbimiz heç bir qulunu bu imtahan yurdunda qurtuluş imkanlarından məhrum buraxmamış və insanlığın haqqa və ədalətə mərhəmətlə dəvəti üçün könül müəssisələri təsis etmişdir. Haqqa könül qazandırma müəssisələri bəşər övladlarının əbədi qurtuluşu naminə onlara Haqq sevgisini qazandıran müdhiş bir ümid və mərhəmət dərgahlarıdır. Bu mərhəmət dərgahlarının rəhbərləri peyğəmbərlər, əsrlərə yayılmış dəvətçiləri də Allah dostlarıdır. Adəm övladlarının əbədi xilası naminə ölçüyəgəlməz bir fədakarlığa qatlanmış və mənəvi ehtişamları tam mənası ilə axirətdə gün üzünə çıxacaq bu Allah ərləri, həqiqətən də, misli olmayan bir vəzifəni yürütməkdədirlər. Bu böyük mübarizədə Allahın (c.c) və Rəsulunun (s.ə.s) mənəvi himayəsinə yönələn dəvət ərləri Rəsulullahın (s.ə.s) qəlblərə həyat verən kəlamına sarılaraq bu müəssisələrin Allah (c.c) rizası üçün könül qazanma xidmətlərinə həm əməli, həm əxlaqi, həm də irfani bir zərafət nişanı vuraraq bizi təslimkar bir qul olma sənətinin sirlərinə sahib çıxmağa dəvət edirlər. Allah Rəsulu (s.ə.s) səhabələrindən birinə bir gün belə buyurdu:

 “Sənə bəzi sözlər öyrədim ki, Allah-Təala (c.c) kimin xeyrini murad edərsə, onları ona öyrədər. Sonra əbədiyyən unutdurmaz. De ki: “Allahım! Mən zəifəm. Zəifliyimi Sənin rizanı qazanma məsələsində qüvvətləndir. Varlığımdan (Qüdrət əlinlə) tutaraq məni xeyrə istiqamətləndir. İslamı rizamın ən son nöqtəsi (zirvəsi) eylə. Allahım! İnsanlar arasında etibarsız görülməkdəyəm, məni izzət sahibi eylə! Mən (Səndən gələn hər xeyrə) möhtacam, məni (maddi-mənəvi) ruziləndir!” (Hakim, əl-Müstədrək 708/1931)

Əhməd bin Hərb həzrətlərinin Bəhram adında atəşpərəst bir qonşusu var idi. Bəhramın mal karvanı quldurların hücumuna məruz qalmışdı. Əhməd bin Hərb həzrətləri vəziyyəti öyrənmək üçün qonşusunu ziyarət etməyə qərar verdi. Əhməd əfəndini görən Bəhram onun əllərindən öpərək böyük hörmət göstərdi və süfrəyə yemək qoymaq istədi. Ustad buna icazə vermədi və dedi: “Zəhmət çəkməyin! Mallarınızın oğurlandığını duyduq, bu səbəbdən də hal-əhvalınızı soruşmağa gəldik”. Bəhram isə bu cavabı verdi: “Bəli, elədir! Lakin bu hadisədən dolayı üç şeyə şükür etməyim lazımdır. Birincisi, başqaları məndən oğurladı, mən onlardan deyil. İkincisi, malımın yarısı getdi, digər yarısı məndə qaldı. Üçüncüsü, dinim məndə qaldı, dünyalığımı oğurladılar”. Bu sözlər Əhməd əfəndinin çox xoşuna gəldi və yanındakılara dedi: “Bu sözləri qeyd edin, onlardan iman qoxusu gəlir”. Sonra Bəhrama yönələrək soruşdu: “Niyə atəşə tapmaqdasan?”. Dedi ki: “Ona görə itaət edirəm ki, sabah (qiyamətdə) məni yandırmasın və məni Rəbbimə qovuşdursun!” Buna müqabil Bəhramın həqiqi iman cövhərinə həsrət duyan qəlbinə irfan pəncərəsi açmaq üçün söz alan Əhməd əfəndi bunları söylədi: “Yanılırsan! Atəş zəif məxluqdur. Ona tapmaqla hesabdan qurtulmaq mümkün deyil. Uşaq bir ovuc su ilə atəşi söndürə bilər. Bu qədər zəif olan bir şey başqasına necə faydalı olar? O, üzərinə atılan suyu və torpağı belə özündən uzaqlaşdırmağa qabil deyil. Bu şəkildə aciz və cahil bir varlıq səni Allaha necə qovuşdura bilər? Bu acizə yetmiş ildir itaət edirsən. Mən isə bir gün belə itaət etmədim. Gəl ikimiz də əllərimizi atəşə daldıraq. Onun səni qoruyub-qoruya bilməyəcəyini gör!” Bəhram atəş gətirdi. Əhməd əfəndi əlini atəşə daldırıb bir saat gözlədi. Əli heç yanmadı. Bu halı müşahidə edən Bəhramın qəlbi batil inancını alt-üst edəcək şəkildə yerindən oynadı və Əhməd əfəndiyə yönələrək dedi: “Sizdən dörd məsələni soruşacağam; cavab versəniz, iman edəcəyəm!” Əhməd əfəndi: “Soruş!” - deyincə Bəhram belə dedi: “Allah (c.c) insanları nə üçün yaratdı? Yaratdıqlarına niyə ruzi verir? Ruzi verdiyi yaratdıqlarını niyə öldürür? Nəhayət, bu öldürdüyü varlıqları nə üçün dirildəcək?”  

Mahir bir könül ovçusu olan Əhməd əfəndinin cavabı çox ehtişamlı oldu: “Allah (c.c) uca varlığının tanınması üçün insanları yaratdı. Ruzi verici sifətinin qüdrətini anlasınlar deyə onlara ruzi verdi. Qəhhar (istədiyini yox etməyə qadir) olduğunu bilsinlər deyə onları öldürməkdədir. Əzəmətli və hər şeyə qadir Hökmdar olduğunu bilsinlər deyə onları təkrar dirildəcəkdir!”.

 Rəbbinin qüdrət səltənətinin qəlbinə vurduğu iman möhrü ilə bir anda yerindən sıçrayan Bəhram təslimiyyət eşqini belə dilə gətirdi:

“ Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Muhammədən abduhu və Rəsuluh!”.                      

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz