Quranın və duanın bərəkətini çox hiss etdim
İstanbul Şəmsi Paşa məscidinin imamı hafiz Binəli Murtazaoğlu:
“Quranın və duanın bərəkətini çox hiss etdim”.
İrfan: Əvvəla, vətənə xoş gəlmisiniz, Binəli müəllim. Zəhmət olmasa, oxucularımız üçün özünüzü təqdim edərdiniz.
Binəli Murtazaoğlu (Mürtəzov): Təşəkkür edirəm. Mən 1987-ci ildə Saatlı rayonunda anadan olmuşam. Əslən Axısqa türküyəm. Uşaqlıq illərimdə hər il bölgələrdə Şəki Hafizlik mədrəsəsi üçün seçmələr aparılırdı. 1999-cu ildə Saatlıda keçirilən bu imtahana girdim. İmtahandan keçdim. Bundan sonra Şəkidə üç ay hazırlıq dövrü oldu. Onu da müvəffəqiyyətlə bitirdikdən sonra hafizliyə başladım. Düzdür, ilk günlərdə bir az çətin gəldi mənə, hətta hafizlikdən ayrılmaq istədim. On bir yaşım vardı. Allah razı olsun, Əhməd Bakırkaya xoca var idi, məni bağrına basdı, təsəlli verdi. Dedi ki, sən zəkalı uşaqsan, inşallah, hafizliyi bitirərsən. Razı saldı. Davam etdim və on ayda hafizliyi tamamladım. Durmuş Ali Toprak xoca vardı, Allah rəhmət etsin, onun qrupunda idim. Böyük əməyi oldu üstümdə. Bundan sonra da təhsilimə Şəkidə davam etdim. Şəki Pedaqoji Texnikumuna bağlı Milli Əxlaq və İslamşünaslıq fakültəsini bitirdim. Oradakı təhsilim dörd il davam etdi. Bundan sonra imtahan verdim və Konyanın Səlcuq Universitetinin İdarəçilik fakültəsinə qəbul olunaraq Türkiyəyə getdim.
- Biz sizi məscid imamı kimi tanıyırıq, elə deyilmi?
- Düz deyirsiniz. O da belə oldu ki, Türkiyəyə gedib oxumağa başladım. Üçüncü kursda ikən Türkiyədə imamlıq üçün müraciət etmək qərarına gəldim. Şəkidən aldığım texnikum diplomunu nostrifikasiya etdirdim və Diyanətə müraciət etdim. İmamlıq üçün bəzi imtahanları keçməli oldum. Hafizliyim də olduğuna görə rahatlıqla qəbul etdilər. İlk olaraq Kastamonu şəhərində bir məscidə təyinat aldım. Təhsilimi saxladım, möhlət götürüb işə başladım. Maddi mənada bəzi çətinliklərim olduğu üçün işləmək məcburiyyətində idim. Bu dövrdə Eskişehirdə ilahiyyat institutunda qiyabi olaraq iki illik ilahiyyat təhsili aldım. Kastamonudakı bir illik xidmətimdən sonra yenə imtahana girdim və İstanbula təyinat aldım. Orada əvvəla Tuzlada, sonra isə Üsküdarda iki məsciddə xidmət etdim. Üsküdarda əvvəlcə Qara Davud Paşa məscidində işlədim, 4-5 il. Hazırda isə İstanbul boğazının kənarında yerləşən Quşqonmaz deyə tanınan məsciddə (Şəmsi Ahmed Paşa məscidi) imamlıq vəzifəsindəyəm. Bunu da qeyd edim ki, balacalıqda, hələ hafizlikdən əvvəl, biz kənddəki məscidə oxumağa gedərkən bir gün Osman əfəndi və Abdullah Sərt xoca gəlmişdi. 9-10 yaşlarımda idim. Sinfin yaxşı oxuyanı və səsi gözəl olanı olaraq müəllimim məni qabağa çıxartdı, Quran oxutdu. Osman əfəndi başımı oxşadı, məni qucaqladı və dua etdi. O an nə dediyini xatırlamasam da, inanıram ki, bu gün əldə etdiyim nailiyyətlərin kökündə böyüklərin duası var. Yoxsa Saatlının bir kəndindən çıxıb Hüdayinin yaxınlığında, İstanbulun ən gözəl yerində imamlıq etmək mənim xəyalıma belə gəlməzdi. Məncə bu, duanın və Quranın bərəkətidir.
- Tarix boyu Azərbaycan ilə Türkiyə, Anadolu arasında qarşılıqlı yardımlaşma, qardaş köməyi fəaliyyətləri olub. Siz də bu ruhun davamçısı kimi Qafqazdan, Saatlıdan yüksələn bir Quran səsi olaraq İstanbul səmalarında əks-səda verirsiniz. Orada nümunəvi bir könüllülük fəaliyyətinə öncü olmusunuz. Bir az da bu haqda danışsaq...
- Müsəlmana boş dayanmaq, vaxt itirmək yaraşmaz. Mən məsciddə imamlıq etsəm də, ora gələn camaatla, xüsusilə də gənclərlə birlikdə nələr edə bilərik, daim bunun üçün çalışırdım. Sonda belə bir qərara gəldim ki, bir dərnək quraraq fəaliyyətlərimizi rəsmi çərçivədə davam etdirək. Dərnək qurulmadan əvvəl də Afrika ilə bağlı bəzi yardım fəaliyyətlərimiz olmuşdu. Orada məscid inşası, qurban kəsdirmək, su quyusu açdırmaq kimi insani yardım fəaliyyətlərinə başlamışdıq. Sonra bunu rəsmi dərnək adı altında davam etdirərək genişləndirmək, təhsil fəaliyyətlərinə də dəstək vermək qərarına gəldik və “Beyruha” adında bir dərnək qurduq.
- Bu adın xüsusi bir mənası və ya məqsədi varmı?
- Həmin günlərdə bir kitabda oxuduğum bir qissə məni çox təsirləndirmişdi. Belə ki, Mədinədə Əbu Talhanın “Beyruha” adı ilə bilinən böyük bir xurma bağı var idi. Peyğəmbərimiz (s.ə.s) də bəzən o sıx kölgəli xurmalığa gedər, sərin suyundan içər, dincələrdi. Çox dəyərli və geniş bir bağ idi (təxminən 400 hektar). Oradakı su quyusunun Mədinədə bənzəri yox idi. Beyruha adı da elə oradakı quyunun adından gəlir, “Ha” quyusu deməkdir. Bir gün ayə enir: “Sevdiyiniz şeylərdən infaq etmədikcə həqiqi yaxşılığa (cənnətə, Allahın rizasına) çata bilməzsiniz”. Bunu eşidəndə Əbu Talha gəlib Peyğəmbərimizə deyir ki, ya Rəsulallah, mənim həyatda ən çox sevdiyim malım bu bağımdır, onu Allah yolunda vermək istəyirəm. Peyğəmbərimiz də deyir ki, çox gözəl bir təşəbbüsdür, lakin yaxşı olar ki, bunu əvvəla öz yaxınlarına, kasıb qohumlarına paylayasan. Belə də edir, bütün bağı infaq edir, bir çox qohumları arasında paylaşdırır. Hətta xanımı da çox mübarək bir səhabədir, Əbu Talhanın təklifini eşidəndə deyir ki, savabına məni də ortaq etmək şərti ilə razılıq verirəm. Onların hər şeyləri Allah rizası üçün idi. Bu hadisə məni çox təsirləndirdi. O sırada dərnəyimizə ad axtarışında idik, bu adı vermək qərarına gəldik.
- Dərnəyinizin fəaliyyəti haqda məlumat verə bilərsiniz?
- Dərnəyimiz təzə qurulub, 2019-cu ilin sonlarında. Hər il Afrikada təxminən 70-80 su quyusu (artezian) açırıq. Ən çox Çad bölgəsində suya ehtiyac var. Elə yerlərə gedib çıxırıq ki, oralarda heç elektrik, maşın yolu yoxdur. Yol boyu susuzluqdan quruyan yerləri, ölən heyvanları görürsən, təsirlənirsən. Tamamilə unudulmuş, baxımsız bölgələrdir. Bundan başqa, Malidə və Tanzaniyada da su quyuları açdıq. Hər il bölgədə qurban fəaliyyətlərimiz davam edir. İldə üç-dörd dəfə o bölgəyə gedirik.
- Bunu dövlət dəstəyi ilə edirsiniz?
- Rəsmi olaraq dövlət qeydiyyatındayıq. Hesabatımız, mühasibat işlərimiz qanuna uyğun davam edir. Amma dərnəyimiz müstəqildir, Diyanətə, yaxud hansısa quruma bağlı deyil. Xeyriyyə işlərimizi dərnəyimizə edilən ianələr hesabına gerçəkləşdiririk.
- Yardımlarınız təkcə Afrika ilə məhdudlaşır?
- Xeyr. Biz Türkiyədə də yardım fəaliyyəti göstəririk. Afrika daha çox gözə bata bilər. Amma bunun dörd-beş qat artığını Türkiyə üçün edirik. Məsələn, bu il 150 tələbəyə təqaüd veririk. Amma bunu, hər tələbəyə ayda bu qədər yardım etdiyimizi deyərək reklam edib o tələbəni rəncidə edə bilmərik. Və ya keçən il güclü meşə yanğınları oldu. Dərnək olaraq üzvlərimizi ora ezam etdik. Oraya lazım olan ehtiyaclardan bacardığımız qədər toplayıb göndərdik. Bu yaxında baş verən böyük fəlakətdə, zəlzələdə də əlimizdən gələni əsirgəmədik. Bir neçə tır yardım göndərdik. Bununla bərabər, AFAD hesabına xeyli maddi vəsait köçürdük. Hazırda konteyner evlər almışıq, onları orada, AFAD-ın münasib gördüyü bölgədə quraşdırıb “Beyruha məhəlləsi” salacağıq. Altısını almışıq, bu sayını on beşə çatdırmağı planlayırıq. Bunun yanında oradakı uşaqlar üçün “Nəsrəddin xoca”, “Hacıvat-Qaragöz” kimi əyləncəli tədbirlər təşkil edirik və s.
Başqa xarici ölkələrdə də ehtiyaca görə yardımlarımız oldu. Filippinlərə, Banqladeşə də getdik, orada tibb məntəqəsi açdıq. Amma yeni dərnəkdir, fəaliyyətlərimiz daha çox ehtiyaca görə formalaşır. Harada bir acı varsa, ona dərman olmağa çalışırıq.
- Təşəkkür edirik, Allah bu xeyirli yolda müvəffəqiyyət versin.
- Mən də təşəkkür edirəm. Bu yardımlar çox ciddi mənada birlik və bərabərliyimizə xidmət edir. Bu gün ən çox ehtiyac duyduğumuz şey budur. Bunu Qarabağ müharibəsində də, son zəlzələdə də yaxından hiss etdik, müşahidə etdik. Allah qardaşlığımızı daim etsin.
ŞƏRHLƏR