Rusiya-Ukrayna müharibəsinin bir ili: reallıqlar və gözləntilər
“Elə bil dünəniydi”. Bu sözlər tək yaşadığımız həyatla deyil, siyasi reallıqlarla da bağlı deyilə bilər. Keçən il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan sonra dünyanı böyük bir həyəcan bürüdü. Mətbuatda “3-cü dünya müharibəsinin astanasında”, “Müharibə sahəsi başqa ölkələri də əhatə edəcək”, “Əgər Rusiya bu müharibədə qalib gəlsə, SSRİ bərpa oluna bilərmi?” kimi fikirlərə tez-tez rast gəlməyə başladıq.
Bir çox ekspertlərin söylədiyinə görə, hələ bu ilin yaz və yay aylarında da davam etməsi gözlənilən bu müharibə XXI əsrdə istər insan itkiləri, istərsə də dağıntılar baxımından ən qanlı regional münaqişələrdən biridir. Tək Ukraynadan qaçqın düşmüş insanların sayı 10 milyonu keçir ki, bu, 40 milyon əhalisi olan bir ölkə üçün çox böyük rəqəmdir.
Artıq bir ildən çoxdur davam edən bu müharibə haqqında ilkin olaraq nələri demək mümkündür? Hələ ki, nə Rusiya, nə də Ukrayna müharibə cəbhəsində strateji uğura nail olmayıb. Düzdür, Ukrayna döyüş əməliyyatlarının ilk mərhələsində göstərdiyi ciddi müqavimət nəticəsində paytaxt Kiyevin işğal olunmasının qarşısını ala bildi və bunun nəticəsi olaraq 2022-ci ilin martında Türkiyənin vasitəçiliyi ilə İstanbulda əldə edilən razılaşmaya əsasən, Rusiya Kiyev və Çerniqov vilayətlərindən öz qoşunlarını geri çəkdi. Bundan sonra Buça şəhərində dinc əhaliyə qarşı törədilən qırğın dünya ictimaiyyətinə məlum oldu və Ukrayna İstanbul razılaşmasını tərk edərək danışıqlar deyil, döyüş əməliyyatları taktikasına üstünlük verdi. Həmin dövrdən etibarən, əsirlərin dəyişdirilməsi istisna olmaqla, tərəflər arasında heç bir danışıq keçirilmir və Zelenski hökuməti açıqca bildirir ki, Rusiya Krım daxil olmaqla, işğal etdiyi torpaqları tərk etməyincə heç bir danışıqdan söhbət gedə bilməz.
Bu müharibənin gedişatında, sözsüz ki, həlledici məqamlardan biri Qərbin Ukraynaya hərbi dəstəyi oldu. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Niderland və başqa Qərb ölkələri Ramştayn formatı çərçivəsində periodik olaraq Ukraynanı silah və sursatla təmin etməkdədir. İndiyə qədər Almaniyanın Ramştayn şəhərində Qərbi təmsil edən aparıcı ölkələrin müdafiə nazirlərinin iştirakı ilə keçirilən 9 görüşdə Ukraynaya artilleriya qurğuları (əsasən Amerikanın HİMARS sistemləri), tanklar, döyüş maşınları, hava məkanını müdafiə qurğuları, eləcə də mərmilərin verilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib. Hazırda bu ölkəyə döyüş təyyarələrinin, hər şeydən öncə F-16 qırıcılarının verilib-verilməməsi ilə bağlı Zelenski hökuməti ABŞ, Fransa və Böyük Britaniya ilə danışıqlar aparır.
Məsələ burasındadır ki, Qərbin hərbi və maliyyə dəstəyi olmasaydı, Ukrayna bu müharibədə uduzardı və yeri gəlmişkən, bunu Kiyev rəsmiləri öz açıqlamalarında etiraf edirlər. (Eyni zamanda Ukrayna xalqının əzmkarlığını inkar etmək olmaz.) Biz onların son zamanlardakı siyasi ritorikalarına fikir versək, həyəcan və Qərbin silahla təmin etməsi məsələsində tələskənlik notlarını görərik. Ukraynanın 2022-ci ilin noyabrında Xerson şəhəri daxil olmaqla eyni adlı vilayəti, eləcə də Xarkov vilayətinin böyük bir hissəsini işğaldan azad etməsi ciddi uğur sayıla bilər, yeri gəlmişkən, Qərbin məhz bu qələbədən sonra Ukraynaya hərbi dəstəyi gücləndirməsi diqqəti cəlb edən faktlardan biridir. Məsələ burasındadır ki, həmin uğura qədər xarici mətbuatda belə bir fikir yayılmışdı ki, ABŞ və Avropa Ukraynanın cəbhədə hələ də ciddi uğur əldə edə bilməməsindən ciddi narahatdır və əgər yaxın zamanda işğal olunmuş torpaqların azad olunması uğrunda irəliləyiş əldə edilməsə, birincilər rəsmi Kiyevi kompromisə getmək üçün Rusiya ilə danışıqlara getməyə məcbur edəcək.
Hazırda biz Ukraynanın bu istiqamətdə hər hansı bir təzyiqlə üzləşdiyini müşahidə etmirik, əksinə, istər ABŞ prezidenti C.Bayden, istərsə də NATO və Avropa İttifaqının yüksək rəsmi nümayəndələri öz açıqlamalarında bir şeyi xüsusilə vurğulayırlar: Nə qədər lazımdırsa, Ukraynaya hər cür dəstək göstəriləcək və münaqişənin son həlli yolu Rusiya əsgərlərinin işğal olunmuş torpaqları tərk etməsindən keçir.
Öncə qeyd etdiyimiz kimi, bir çox hərbi ekspertlərin proqnozlarına və Qərbdə strateji qərar qəbul edənlərin gözləntilərinə görə, yaz aylarında Ukrayna ordusunun geniş əks-hücum əməliyyatlarına başlayacağı bildirilir. Belə bir əməliyyatın mümkünlük ehtimalının yüksək olması bu ilin yanvar ayında ABŞ, Böyük Britaniya və Almaniya hökumətlərinin tankların və başqa silahların Ukraynaya verilməsi haqqında qərar qəbul etməsi ilə bağlıdır.
Bu müharibə haradasa mənə keçən əsrin 90-cı illərində baş vermiş Qarabağ müharibəsinin ilk iki ilini xatırladır. Bəzən mövqe döyüşləri, bəzən irihəcmli hücumlar nəticəsində gah Azərbaycan, gah da Ermənistan cəbhədə ciddi uğurlar əldə edirdi. Həmin müharibədə uduzmağımızın əsas səbəblərindən biri 1993-cü ilin iyununda baş verən Gəncə qiyamı olmuşdu. İstənilən halda, Rusiyada siyasi vəziyyət kökündən dəyişmədiyi halda, hətta Rusiyaya qarşı sanksiyalar daha da sərtləşdiyi halda, bu müharibənin ən azı yay və payıza qədər davam edəcəyini ehtimal etmək olar.
ŞƏRHLƏR