Dünyanin xilaskari

Dünyanin xilaskari

Tez-tez belə bir cümləni müxtəlif insanlardan eşidir və ya müxtəlif yazılarda oxuyuruq: "Dünyanı gözəllik xilas edəcək!" Bu cümlə XIX əsrdə Fransa və dünya ədəbiyyatının klassiki, tanınmış şair, yazıçı və tənqidçi, həmçinin Avropa şeirlərinin inkişafına təsir göstərən simvolizm estetikasının təsisçisi Şarl Pyer Bodler (1821-1867) tərəfindən söylənmişdir. Cümlə olduqca cazibədar və çox gözəldir. Ona görə də dünya millətləri arasında geniş yayılmışdır. Amma onun hansı mənada olmasına insanlar tərəfindən diqqətin az yetirildiyini görür, bir çox hallarda insanların bu cümləni təkcə zahiri gözəllik kimi təsəvvür etdiyini müşahidə edirik. Doğrudan da, görəsən, dünyanı kim və nə xilas edəcək? İnsanın zahiri gözəlliyi və ya ətraf mühitin təmizliyi, gözəlliyi və abadlığı Yer kürəsini xilas edə bilərmi?

İlk olaraq qeyd edim ki, dünya heç də zahiri gözəlliklə xilas olan deyil. Çünki indiyədək Yer kürəsi onu fitnə-fəsada, azğınlıq, pozğunluq, səviyyəsizlik və bir çox tükürpərdici hallara salan, onu qanlı-qadalı müharibələr və çəkişmələrə sürükləyən çox "gözəllər" görüb. Əgər şairin bu cümlədə məqsədi zahiri gözəllik olsaydı, o zaman dünyamız çoxdan xilas olar, bu qədər acı və ağrılara şahid olmazdı.

Doğrudur, hər bir insan məhz insan olduğuna görə öz zahiri görünüşünə, geyiminə və təmizliyinə fikir verməli, vaxtlı-vaxtında saçlarına qulluq etməli, dişlərini fırçalamalı, təmiz geyinməli və s. bu kimi insana xas olan gündəlik vəzifələrə riayət etməlidir. Lakin unutmayaq ki, bu həyatda gözəllik sadəcə xarici görkəm deyil. İnsanın xarici görkəmindən əlavə onun daxili saflığı, ağıl və düşüncə səviyyəsi, etika və mədəniyyəti, həyatın hər bir sahəsində xoş niyyətli və xoş məramlı olması da önəmlidir.

Hər halda Şarl Bodler öz dövrünün bacarıqlı şair və yazıçısı kimi bir cümləsi ilə neçə-neçə mənaları nəzərdə tutmağı, müəyyən bir mənanı fərqli ifadələr və işarələrlə çatdırmağı sevirdi. Amma mən dünyanı xilas edəcək amil barədə danışarkən hər hansı fərqli və çoxsaylı məna və məzmunları özündə ehtiva edən cümlə və ifadələrdən istifadə etməyi yox, bu haqda tam şəffaf fikir yürütməyi üstün tuturam. Bu baxımdan, düşünürəm ki, dünyanı xilas edəcək amil “etika”dır.

Rəngi, irqi, sosial durumu, dini və siyasi baxışından asılı olmayaraq bir çox insan etika məsələsinə çox sadə yanaşır. Lakin beş hərfdən ibarət olan bu sadə ifadənin çox dərin və zəngin mənaları var. Bir çoxları etika dedikdə yalnız sadə davranış qaydalarını nəzərdə tutsa da, əslində, yunan sözü olan etika ifadəsi həyatda insanın özünü dərk etməsi, kimliyi, bacarığı və ixtisasını tanıması, üzərinə düşən vəzifələri məsuliyyət və vicdanla həyata keçirməsi və ümumiyyətlə, həyatı boyunca Uca Yaradan, cəmiyyət, insanlar, təbiət, ətraf mühit, heyvanlar və bütün varlıq aləmi qarşısında məsuliyyətli davranması kimi olduqca böyük və əzəmətli mənaları özündə ehtiva edir.

Etika sözün həqiqi mənasında çox böyük bir məktəb, əhatəli bir ideologiyadır. Bunu həyatda gözəl düşüncə, gözəl danışıq və gözəl davranış prinsipi ilə də ifadə etmək olar. Etika fəlsəfəsi insana mən kiməm, necə olmalıyam və nə etməliyəm kimi suallara ən gözəl və dolğun səviyyədə cavab tapmağı öyrədir. Etika hər kəsin həyatda yalnız öz işi və peşəsi ilə məşğul olmasını tələb edir, ona aid olmayan sahələrə müdaxilə etməsini rəsmən yasaqlayır. Bu, sadə bir məsələ olsa da, həyatımızın müxtəlif sahələrində üzləşdiyimiz fəsadların daha çox bu səbəbdən qaynaqlandığı məlumdur.

Yaşadığımız əsrdə elm və texnika öz intibah dövrünü yaşayır və sürətlə inkişafdadır. Artıq müxtəlif dünya ədəbiyyatında "Postmodernizm"dən sonra "Post insan" konsepsiyası gündəmə gəlib. Lakin bəşər övladını bu həyatda axsadan və dönə-dönə büdrədən, həm də yüksəklərdən uçuruma atan bir amil: etikasızlıq məsələsi hələ də diqqət mərkəzində deyil. Bu gün bu qədər elmi nailiyyətlərə rəğmən bəşəriyyət özünü kamil olaraq sübut edə bilmir. Bu gün dünya mənzərəsi çox utancverici təsvirlərlə doludur: günahsız insanlar qətlə yetirilir, siyasi sahədə hər növ hiyləgərlik və yalanlara, mədəniyyət sahəsində mədəniyyətsizliyə, din adı altında ən böyük dinsizliklərə imza atılır...

Biz və bütün dünya ölkələri bu günlərdə koronavirus (COVİD-19) pandemiyası ilə üz-üzə dayandıq. Bu pandemiyanın əsl yaranma və yayılma səbəbi bəlli olmasa da, inanıram ki, tezliklə bu sirrin üstü açılacaq. Lakin o zaman bütün bəşəriyyət bir daha bu virusun məhz insan oğlunun etikasızlığı (ya təbiətlə vəhşi kimi davranışı, ya da bilə-bilə öz mənafeyini təmin etmək və dünyada ağalıq niyyəti) ucbatından yarandığına əmin olacaq.

Yer kürəmizin salamatlığı üçün hər birimizin üzərinə düşən vəzifəni dərk etməliyik. Müdrik insanların dediyi kimi: "Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır!"

 

PAYLAŞ:                

İlqar İsmayılzadə

İlqar İsmayılzadə

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz