Şükür
Allah-Təala yer üzündə cürbəcür nemətlərlə insan oğluna ikram edir. Torpaqdan bitən meyvə və tərəvəzlər, quruda və suda yaşayan heyvanlar və adını bildiyimiz, bilmədiyimiz saysız nemətlər bəxş edir. Və ya belə düşünək:
- Allah-Təala keçini, qoyunu, inəyi bizim üçün yaratdı. İnsan oğlu bu heyvanların ətindən, südündən, dərisindən istifadə edir. Halbuki onların özlərindən sağılan südün içindəki vitamin və proteinlərdən heç xəbəri də yoxdur.
- Toyuq bizim üçün yaradıldı, amma o, yumurtasının fərqində deyil.
- Allah göydən şirin su endirir. Ayeyi-kərimədə buyurulur: “Əgər istəsəydik, onu içilməsi mümkün olmayan acı, duzlu bir su edərdik. Bunun üçün şükür etməli deyilsinizmi?!” (əl-Vaqiə, 70)
Nemətlər çoxdur. Bunları saymaqla bitirə bilmərik. Necə ki, Rəbbimiz ayeyi-kərimədə buyurur: “Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz”. (ən-Nəhl, 18)
Rəbbimizin bizə verdiyi bu nemətləri hər daim xatırlayıb şükür etməliyik. Şükür təkcə dildə qalmamalı, bütün üzvlərimizlə həyata keçirilməlidir. Ən başda da, kamil bir imana sahib olmalıyıq. İbadətlərimizi diqqətlə əda etməliyik. Allahın bizə verdiyi nemətləri başqaları ilə də bölüşməyi bacarmalıyıq.
İnsan, nail olduğu maddi-mənəvi saysız nemətlərdən savayı, şükür edə bildiyi üçün də ayrıca şükür etməlidir. Çünki Haqq-Təala bütün ehtiyaclardan münəzzəhdir. Bizim qulluğumuza da, şükrümüzə də əsla ehtiyacı yoxdur. Uca Allaha dua, zikr, şükür və həmd-sənalarla iltica etməyə əsl biz möhtacıq.
Necə ki, Allah-Təala insanın bu xüsusiyyətinə işarə edərək belə buyurur: “Biz ona doğru yolu göstərdik. Bundan sonra istər şükür etsin, istər nankor olsun”. (əl-İnsan, 3) Yəni şükür etməyin də, nankorluğun da ancaq bəndəyə fayda və ya zərər verəcəyini bəyan edir.
Elə isə fərqində olduğumuz və ola bilmədiyimiz saysız nemətlər üçün Allaha şükür edərək Onun rizasını əldə etmək yerinə ruziyə taxılıb Rəzzaqı, yəni Allahı unutmaq qədər böyük bir qəflət və axmaqlıq ola bilməz.
Yunus Əmrə həzrətləri nemətə baxıb onun həqiqi ikram edənini görə bilməyən, aynadakı yalana aldanıb qəflət içində qalanlara belə səslənir:
Mal sahibi, mülk sahibi,
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan,
Var bir az da sən oyalan!..
Əsri-səadət dövründə Saləbə adında ibadət əhli, kasıb bir səhabə özü üçün xeyirli olub-olmayacağını bilmədən, israrla dünya sərvəti istəmişdi.
Peyğəmbərimiz (s.ə.s):
“Ey Saləbə! Şükür edə biləcəyin az bir miqdar şükrünü əda edə bilməyəcəyin çox miqdardan daha xeyirlidir”, - buyuraraq ona xəbərdarlıq etdi. Özünün sadə və təvazökar həyat tərzini xatırladaraq:
“Mənim halım sənin üçün gözəl bir nümunə deyilmi?!.” – deyə nəsihət etdi. Lakin Saləbə dinləmədi, təkidlə zəngin olmaq istədiyini bildirdi. Nəhayət, arzusu geçək olub böyük bir sərvətlə imtahan edildiyi zaman isə bu nemətlərin əsl sahibi olan Rəbbini unutdu. Beləliklə, dünya imtahanını keçə bilməyənlərin düçar olacağı həzin aqibətin ibrət götürülməli bir misalına çevrildi. Ölüm döşəyində: “Ah, kaş Peyğəmbərimizin nəsihətinə qulaq asaydım!..” – deyərək əbədi həyatını məhv edən şükürsüzlüyün, doymazlığın və hərisliyin peşmanlığı içində iztiraba qərq oldu. (Bax. Təbəri, “Camiul-bəyan”, XIV, 370-372)
Dolayısilə, qula fayda verəcək olan həqiqi nemət ancaq şükrü ifa edilə bilən nemətdir. Şükür edilməyən, hətta üsyan və nankorluq içində istifadə edilən nemətlər, əslində, bir növ fitnə, ibtila və məşəqqətdir. Qafil insan bunu nemət zənn edərək sevinər. Ondan məhrum qalsa, kədərlənər. Bu hal səfalətin səadət, səadətin isə səfalət zənn edilməsi çaşbaşlığıdır.
Uca Allah bir çox insanın düşdüyü bu qəflətə diqqət çəkərək ayeyi-kərimələrdə belə buyurur: “İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər. Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər”. (əl-Fəcr, 15-16)
Deməli, qul əvvəla nemətlərin mütləq surətdə xeyir vasitəsi olduğunu zənn etməkdən əl çəkməlidir. Onun xeyrə də, şərə də səbəb ola biləcəyini unutmamalıdır. Təkcə şükrünü əda edə bildiyi halal nemətə sevinməlidir. Qəflətə sürükləyəcək bir nemətdən məhrum qalmağın əslində özü üçün ilahi bir lütf olduğunu düşünüb bu məhrumiyyətinə də şükür etməlidir.
Uca Allah bizi düşüncəsi, danışığı və davranışı ilə daim şükür edən bəxtiyar qullarından etsin. Amin!..
ŞƏRHLƏR