Ramazanla qalanlar

Ramazanla qalanlar

Ölkəmizin fərqli yerlərində Vlll əsrin ortalarında tikilmiş bir çox məscid və məbədlər var. Bunlar İslamın bu torpaqlardakı qədim varlığından xəbər verir. Demək olar ki, on üç əsrdir ki, Ramazan bayramı bu torpaqlarda ata-babalarımız tərəfindən qeyd olunub, xoş məram dolu və dəyərli bir gün olaraq nəsildən-nəslə ötürülmüşdür. Arada təkcə Sovet dövründə müvəqqəti bir kəsilmə olmuşdur ki, bu dövrdə yetmiş illik bir format dəyişimindən bəhs edə bilərik.

Belə ki, həmin dövrün təsiri ilə müsəlmanların yaddaşına bu bayram, ölüsü olan evləri təsəlli edən mahiyyətdə yaddaşlarda yer alan “Qara bayram” anlayışı ilə ifadə edilməyə başlanmışdır. Yenə də, şükür ki, ən az bu qədəri ilə də olsa, bayram adı yaddaşlardan silinməyib, xatırlanmağa davam edib. Biz həmin dövrün son illərinin canlı şahidləriyik.

O dövrdə, təəssüf ki, İslam adına bayram təəssüratı yaşanan yerləri heç görmədik. Namaz qılanların sayı iki əlin barmaqları qədər olmazdı. Qurban kəsənlər Allah üçün, ibadət məqsədi ilə yox, işləri avand olsun deyə kəsər, sədəqə verənlər İslamın əmri olaraq deyil, bəla və müsibətlərə məruz qalmaması, onun da qapısını döyməməsi üçün verərdilər. Pirlərə olan ehtiram da həddi aşmışdı. İnsanlar Allahdan istəyirmiş kimi ehtiyaclarını pirlərdən istəyir, ona dua edirdilər. Hətta xatırlayıram, babam: “İslamda bir bayram var, o da Novruz bayramıdır”, - deyərdi. Bununla da Sovetin o dövrdə ata-babalarımıza din sahəsində nə qədər yanlış təsir etdiyinin, xurafata sövq etdiyinin şahidi olmuşdum. Milli bayramı dini bayram kimi göstərmək, qəbir ətrafında Kəbə ətrafını fırlanırmış kimi fırlanıb, ondan mədəd diləmək, qəbir ətrafı ağaclara pir adı altında niyyət tutaraq bez parçaları bağlamaq, dinin sadəcə yasdan-yasa istifadə olunan bir adət halına gəlməsi və s. Bu xurafələr az-çox indi də davam etsə də, müstəqilliyimizin bərpası ilə yenidən həqiqətinə qovuşduğumuz haqq din İslam ölkəmizdə mentalitetimiz olaraq əvvəlki yerini aldı və qəlblərə gözəllikləri yenidən yaymağa başladı.

Ölkəmizin azadlığının ən dəyərli anlarından biri İslam dəyərlərinə yenidən qovuşması oldu. Ramazan bayramının bu qədər orijinal olaraq ənənəvi əsaslar üzərində öz əksini tapması, bu bayramın bəşər mənşəli yox, ilahi mənşəli olduğunun bariz bir isbatıdır. Bəşər mənşəli, yəni dədə-babadan qalma adət-ənənələrdə hər zaman bir yenilik, dəyişiklik görmək mümkündür. Niyə? – Çünki bəşər mənşəli proseslər, yenə bəşərin müdaxiləsi ilə dəyişə bilər və dəyişən adət yeni nəsil üçün də dədə-baba ənənəsi olaraq davam edər. İlahi mənşəli günlər, gecələr, bayramlar, ayinlər isə təlimatı birbaşa aləmlərin Rəbbindən aldığı üçün, nə forması dəyişər, nə də əlavələr edilər. Bu bayramların sayı və məqsədi on üç əsrdir ki, dəyişmədən davam etməkdədir.

Əvvəllər (Sovet dövründə) dini bayram anlayışımız unutdurulduğu üçün bayram sevincini bəşəri adətlərin bayramları ilə əvəz etmişdik. Burada məşhur filosof Əflatunun bir sözünü xatırladım: “Mənfi işlərin yolu yaxındır, asanlıqla əldə edilir; yaxşılığın önünə isə tanrı alın təri və vicdanı qoymuşdur”. Həqiqətən, dini bayramlar sosial sferada cəmiyyəti oyandıran, həyəcana gətirən bir əziyyət, əmək və alın təri ilə əldə edilən bayramlardır. Əxlaqa, xarakterə birbaşa təsir edən mahiyyətdədir. Adət yoluyla gələn bayramlar isə təbiət qanunlarının sıralaması zamanı insanların niyəsini dərindən bilmədiyi, kökü bizə aid olmasa da, sadə səbəblərdən var olmağa davam edən sevinc və məhdudiyyətsiz əyləncə vasitələridir. Kökündə əsaslı bir dayağı olmadığı üçün hər yeni nəsil ona fərqliliklər əlavə edə bilir.

İslamın ilk təmsilçilərinin etdiklərini təkrar edərək Allahın rizasını əldə etmək mümkündür. Çünki Allah onların əməllərindən razı olmuşdur. İnsan olaraq dəyişmədik, texnika olaraq dəyişdik. Bu səbəblə dini bayramlar insan xarakterinə olan təsirini olduğu kimi davam etdirir. Oruc, zəkat, sədəqə, iftar, təravih namazı, sahur, əhya gecələri, etikaflar, Quran qiraəti, zikrlər, ibadətlər, yoxsulu sevindirmək, qəlbiqırıqların könlünü almaq, küskünləri barışdırmaq kimi saleh əməllər ilə qəlb aləmi qucaqlayıcı və keyfiyyətli hala gələr. Qeybət, iftira, xəyanət, nalayiq söz, Allaha üsyan, həyatı ilə razılaşmayıb pessimist hal almaq, bütün normlarda əxlaqsızlıq olaraq bilinən günahlara rahatlıqla sarılmaq kimi əxlaq çöküntüsü hallar yox olaraq insani dəyərlərə sahib olunmağa başlanar.

Ramazan Quranda adı çəkilən yeganə aydır ki, Quran o ayda inkişafımızın mümkünlüyünü bizə ifadə edir. Bəqərə surəsinin 185-ci ayəsində belə buyurulur: “Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydırSizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və şükür edəsiniz”. Beləliklə, qazanılan bu məziyyətlər sayəsində Ramazanın qiyməti bilinər. Qəlbə verdiyi hüzur və səkinə həyat hekayəmizi mənalandırar.

 

 

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz