Bir Ayə
بسم الله الرحمن الرحيم
وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ دُونِ اللهِ مِنْ أَوْلِيَاءَ ثُمَّ لَا تُنْصَرُونَ
"Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz". (Hud, 11/113)
Uca Allah Qurani-Kərimin bir çox ayəsində zülmü və haqsızlığı qadağan etmiş, müsəlman-kafir fərqi qoyulmadan hər kim zülm edərsə, onun mütləq cəzalandırılacağını bəyan etmişdir. Bununla yanaşı, yuxarıda qeyd olunan ayənin əvvəlindəki "Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar" ifadəsi ilə zalımlara yaxın olmaq və onlara meyil etmək xüsusunda da xəbərdarlıq edilmişdir. Buna görə də mömin kimsə nəinki zülm etməməli, zülm edən insanlardan da uzaq durmalı, onlarla dost olmamalı, onlara yaltaqlıq etməməli və etdikləri haqsızlıqlarla razılaşmamalıdır. Bu ayədə insan oğlunun psixologiyasına da işarə edilir. Belə ki, zülmkar insan öz ətrafındakıların və tərəfdarlarının dəstəyi ilə zülm etmə imkanı tapır və daha rahat hərəkət edir. Belə insanların zülmünə qarşı səssiz qalmaq eyni zamanda onları bu pis əməllərini davam etdirmələri üçün cəsarətləndirir. Bu səbəbdən də Həzrət Peyğəmbər (s.ə.s): "Kim pis bir işin şahidi olarsa, onu əli ilə düzəltsin. Əgər buna gücü çatmırsa, dili ilə düzəltməyə çalışsın. Yox əgər buna da gücü çatmırsa, qəlbində ona qarşı büğz etsin. Bu isə imanın ən zəif dərəcəsidir", (Müslim, İman, 78) - buyuraraq əsl möminin haqsızlığın yanında yox, qarşısında dayanması gərəkdiyini bildirmişdir.
Ümumiyyətlə, Qurani-Kərimdə zülm deyildikdə bir insanın Uca Allahı inkar etməsi və ya Ona şərik qoşması, eləcə də digər insanların mal-mülkünü haqsız yerə ələ keçirməsi, zorakılıq ifadə edən hərəkət və sözlər sərf etməsi, insanlara fiziki və psixoloji əziyyət verməsi və haqsız yerə öldürməsi kimi mənfi davranışlar nəzərdə tutulur.
Ayənin davamında xəbər verilir ki, bir mömin bu kimi hallara yol verərsə, cəhənnəm əzabından xilas ola bilməz və bu baxımdan heç kim onun köməyinə çatmaz. Ayədə: "Sizin Allahdan başqa dostlarınız yoxdur!" - buyurularaq əsl möminin zalımları yox, Allahı özünə yaxın və dost bilməsi gərəkdiyinə işarə edilir. Çünki insan özünə kimi dost bilərsə, könlü ona doğru meyil edər, davranışları da ona bənzəyər. Necə ki: "Ey iman gətirənlər, Allahdan qorxun və sadiqlərlə (doğru insanlarla) birlikdə olun! " (ət-Tövbə, 9/119) - ayəsində qəlbdən qəlbə yol olduğuna və doğru insanlara meyil edib dostluq etsək, bir müddət sonra onlar kimi hərəkət edəcəyimizə işarə edilir. Zalımlar isə axirətdə dostsuz və köməksiz qalacaq, şiddətli əzaba düçar olacaqlar.
ŞƏRHLƏR