Min aydan daha xeyirli

Min aydan daha xeyirli

Qurani-Kərimin enməyə başladığı, Ramazan ayının son on gününün tək günlərindən birinə məxsus, İslamda ən müqəddəs və fəzilətli sayılan gecə Qədr gecəsidir. Qədr gecəsi min aydan daha xeyirlidir. Qurani-Kərimdə bu gecənin fəzilətini bildirən müstəqil bir surə vardır. Bu surədə Uca Allah buyurur:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! Sən nə bilirsən  ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrayıl) Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır (əmin-amanlıqdır)!” (əl-Qədr, 1-5)    

 Bu gecəyə “Qədr gecəsi” deyilməsi onun şərəf və qiymətindən irəli gəlir. Çünki:

- Qurani-Kərim məhz bu gecə nazil edilmişdir.

- Bu gecədə edilən ibadət, içərisində Qədr gecəsi olmayan min aydan daha xeyirlidir.

- Gələn ilə qədər baş verəcək olan hər cür hadisələr Allah-Təalanın əzəli qəza və təqdiri ilə mələklərə məhz bu gecə bildirilir.  (Təcridi-Sarih tərcüməsi, VI, 312)

Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuzda əvvəlcədən yazılıb. Qədr  gecəsində isə Lövhi-Məhfuza müvafiq olaraq məxluqatın bir illik qədəri təyin edilir. Qədr gecəsinin bu xüsusiyyəti bir ayədə belə ifadə edilir: “Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Biz (o Kitab vasitəsilə kafirləri əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur”.  (əd-Duxan, 3-4)

- Bu gecə Yer üzünə Cəbrayıl (ə.s) və bir çox mələklər enər.

- Bu gecə dan yerinin ağarmasına qədər sabitlikdir, hər cür şər işlərdən uzaqdır.

- Bu gecə Yer üzünə enən mələklər rast gəldikləri hər bir möminə salam verərlər.

Qədr gecəsinin hansı gecə olduğu dəqiq olaraq bilinməməklə bərabər, ümumiyyətlə, Ramazanın iyirmi yeddinci gecəsində olduğu daha çox ehtimal olunur. Peyğəmbərimiz (s.ə.s) bunun qəti olaraq hansı gecədə olduğunu bildirməmiş, ancaq: “Siz Qədr gecəsini Ramazanın son on günü içərisində tək (rəqəmli) gecələrdə axtarın”, - deyə buyurmuşdur. (Buxari, Leylətül-Qədr, 3, Müslim, Siyam, 216)

Peyğəmbərimizin (s.ə.s) səhabələrindən olan Übey ibn Kəb (r.a) belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbərimiz (s.ə.s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O, (Ramazanın) 27-ci gecəsidir. Onun əlaməti odur ki, həmin günün səhərində Günəş ağappaq, şüasız çıxar”. (Müslim, Əbu Davud, Tirmizi)

Übey ibn Kəbin (r.a) bu sözünü əsas götürərək deyə bilərik ki, Qədr gecəsinin Ramazanın 27-ci  gecəsi olma ehtimalı daha çoxdur.

Bütün bunlarla yanaşı, İslam mənbələrində bildirildiyinə görə, Allah-Təala bir çox hikmətlərə bağlı olaraq Qədr gecəsinin dəqiq vaxtını gizli saxlamışdır. Möminlər bu gecəni qəflət içərisində keçirməməli, ibadət və zikr ilə dəyərləndirməlidirlər. Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim Qədr gecəsinin fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə, keçmiş günahları bağışlanar”. (Buxari, Səla, 323)

Qədr gecəsinin əlamətlərini bu şəkildə xülasə edə bilərik:

- Həmin gecə sakitlik, əmin-amanlıq olar. Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”. (əl-Qədr, 5)

- Gecə boyu möminin qəlbi rahatlıq tapar. Daxilində razılıq, arxayınlıq, mənəvi dinclik hiss edər.

- Həmin səhər Günəş durğun olaraq çıxar. Yəni kəskin şüaları ilə göz qamaşdırmaz.

Bu gecəni necə keçirməyə gəldikdə isə bunları deyə bilərik:

Əvvəla onu qeyd edim ki, bu gecəyə məxsus xüsusi bir namaz yoxdur. Ancaq bununla birlikdə, Qədr gecəsini namaz qılaraq, Qurani-Kərim oxuyaraq, tövbə edərək, bağışlanma diləyərək, dua edərək keçirmək lazımdır.

Hz. Aişə anamız (r.a) belə demişdir: Bir gün Peyğəmbərimizə (s.ə.s) sual verdim: “Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm, necə dua edim?”. Rəsulullah (s.ə.s) belə buyurdu: “Allahım, Sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla, - deyə dua et”. (Təcridi-Sarih tərcüməsi, VI, 31)

Bu gecənin elə bir anı var ki, o anda edilən ibadət və dualar mütləq qəbul olunar. Bu önəmli anı yaxalamaq üçün gecənin heç olmasa son üçdəbir hissəsini tövbə və zikrlə keçirmək lazımdır.  

Uca Allah hər birimizi bu gecədən lazımınca istifadə edərək bağışlanan qullarından eyləsin! Amin.

 

 

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz