Zəfər unudulmasın, UNUTDURMASIN!

Zəfər unudulmasın, UNUTDURMASIN!

Qələbə hissi insanın bütün bədənini bürüyür, zehnini ağuşuna alır, dörd bir tərəfini sarır. Sən zəfərdən sonra əllərini səmaya qaldırıb zirvənin dadını çıxaranda geridə buraxdıqlarını görmürsən. Zəfər tacı ilə çələnglərin altından qürurla keçərkən dünya ayaqlarının altına qırmızı xalça kimi sərilir. Gözlər məğlubdan qalibə çevrilənin üzərində olur. Döyüşlərdə kameralar hücuma keçib qalib gəlmək istəyinə fokuslanır.

Zəfərlə bitən 44 günlük müharibə bizə təkcə işğal altında qalmış torpaqlarımızı qaytarmadı, bizə taleyimizin “qara”larla bağlı olmayacağını da göstərdi. Artıq “əzilmişlik/alçaldılmışlıq” kompleksi uşaqlarımızla birlikdə doğulmayacaq. Bir-birini qınama, xor görmə, günahlandırma; bir-birinin üstünə atma, ittiham etmə, günah keçisi elan etmə; bir-birini qabağa itələmə, qurban etmə halları dilimizdən düşəcək, qulaqlarımızın pası silinəcək (inşallah). Özünəinamı, gücümüzün fərqinə varmağımızı, bərabərliyin və bir olmağın qüvvətini, inam və imanla hərəkətin qüdrətini başa düşməyimizi formalaşdıracaq.

Sərxoşluğun ən təsirlisi ab-havadan qaynaqlanır. Zəfərin dadını çıxarmaq lazımdır, bu bizim (daha çox da zəfəri meydanda qazananların) haqqıdır. Ancaq zəfərin sərxoşluğuna qapılmamaq gərəkdir. Gərək qələbə süfrəsindən zamanında durub sədləri möhkəmlədəsən. Bizim nara bənzər bir hekayəmiz var artıq. Bir hekayədən doğan yüzlərlə hekayə… Vətən çağıranda evində anasını tək qoyub gedənlərin, illərlə həsrətini çəkdiyi övladının dünyaya gəlməsini görə bilməyənlərin, xəstə övladını öpə bilməyib torpağı öpənlərin, iki övladını birdən vətənə qurban verənlərin, var-dövlətindən keçib yurduna qayıdaraq qanlı meydana atılanların, “məni də döyüşə aparın” deyə səfərbərlik məntəqələrini dağıdanların, yaşı döyüşməyə çatmadığı üçün gizlincə döyüş meydanında savaşanların, bankalarda hər gün xərcliklərindən artırıb yığdıqları qəpikləri əsgərlərə göndərən boyları balaca, yaşları kiçik, amma qəlbləri böyük - mərd, cəsur uşaqların və 44 gün boyunca bu diyarın salamatçılığı üçün çalışan hər bir azərbaycanlının hekayəsi…

Bu hekayələr unudulmasın.

Hekayələr danışılmasın artıq; sənətə çevrilsin, ekrana daşınsın, kətanlara çəkilsin, fotolarda sükutlaşsın, abidələrə çevrilsin.

Hekayələr danışılmasın artıq; yazılara tökülsün, romanlaşsın.

Bizim hekayəmiz var. Hekayəmiz varsa, deməli, hər şeyimiz var.

Doxsanlarda bacarmadıq. Səksənlərdən başlayan faciələri sənətə çevirə bilmədik. Qlobal hadisə və hissləri qloballaşdıra bilmədik, yerli qaldı. Dünyanın o biri tərəfindəkilərin tüklərini biz-biz edə bilmədik, onları yerlərindən tərpətməyi bacarmadıq. Amerika Birləşmiş Ştatlarının məğlub olduğu iki müharibə var: Vyetnam və Əfqanıstan. Bu iki müharibə ilə bağlı minlərlə film çəkilib, minlərlə. Bir dəfə də olsun Amerika məğlub olaraq göstərilməyib, bir dəfə də!.. Hələ də Azərbaycan telekanalları tarixi günlərdə “Hollywood” filmlərini göstərir. Biz Rembo ilə böyümüş nəsilik. Bizim nəslimiz Rembo nəsli olmasın barı!.. Sovet istehsalı qırx incəbellinin yaddaşlarda qaldığı “Dədə-Qorqud” ilə devizi (“40 il qul kimi yaşamaqdansa, 1 gün azad yaşamaq daha yaxşıdır”) özü ilə tərs düşən “Babək” filmlərindən əl çəkməliyik. Niyə məğlub xalqın “Troya atı”, İspaniyadakı daxili vətəndaş müharibəsinin dəhşətini təsvir edən Fransisko Qoyyanın “3 may 1808” və bu qəbildən olan rəsmləri, Fransa inqilabına işıq tutan Ejen Delakruanın perspektivi yarıçılpaq qadına tuşlanmış “Xalqı istiqamətləndirən azadlıq” tablosu yaddaşa hopdurulur? Bəs niyə üç yüz ildən çox əsarətində qaldığımız, ideologiyalarını mənimsədiyimiz rusların ədəbiyyatından, dünya ədəbiyyatı sıralamasında hər zaman ilk onluqda olan Lev Tolstoyun “Hərb və sülh” əsərindən bir parça özümüzküləşdirə bilməmişik?

“Biz unutqan xalqıq” şüarını unutmalı, torpağı ovuclarının içində saxlayan şəhidlərimizin hekayələrini unutmamalı, unutdurmamalıyıq. Şuşanı yalın əllərlə dırmaşan, barmaqları doğram-doğram olan əsgərlərin qisas qaynağı Qarabağın işğalını, Xocalı faciəsini unutdurmamalıyıq. Saysız-hesabsız filmlər çəkilməlidir, musiqilər bəstələnməlidir, kitablar yazılmalıdır. Zəfərin hekayəsinə toxunulmalıdır, hiss etdirilməlidir. Cəsur Azərbaycan ordusu meydanda zəfərin rəsmini çəkdi, şanlı qələbəni yazdı. Bundan sonra əgər zəfər sənətə çevrilsə, o min il sonra da yadda qalacaq, xatırlanacaq. Təkcə 27 sentyabrda, 8 noyabrda yox, ilin bütün günlərində və təkcə bizlər tərəfindən yox, hər kəs tərəfindən... Əgər onu lokallıqdan çıxardıb qloballaşdıra bilsək.

Zəfərin cazibəsi keçmişimizi unutdurmasın. Tarixin başlanğıcından bu yana məğlub olanların içini kin və nifrət bürümüşkən, hələ-hələ hər şeyi unutdurub dost kimi görünməyə çalışan, yazıq donunu geyinib ayaqaltı oyan erməniləri unutdurmasın.

Çətin olanı etdik, indi daha çətin olanı etmək lazımdır. Zəfərin tacı başda daim durmalı, möhtəşəm əsərlərlə şahlandırılmalıdır. Çünki sənət mədəniyyətin imzasıdır. O, düşüncə yaradır, düşüncəni imzasında saxlayıb ötürür. Həqiqi sənət əsərinin yaşı sonsuzdur, ölümsüzdür. Bizim düşüncəmiz var, şəhidlərimiz ölməzdir. Zəfər dolu sənətimiz niyə ölməz olmasın?...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz