ŞUŞA AĞRISI VƏ SEVİNCİ

ŞUŞA AĞRISI VƏ SEVİNCİ

1992-ci il, 8 may. BDU-nun tarix fakültəsinin 2-ci kursunda oxuyuram. Ölkə təlatümlü günlərini yaşayır. Mən Azərbaycan Xalq Cəbhəsinin Sahil bağındakı baş qərargahının qarşısındayam. Adamlar həyəcan, təşviş, hüzn içindədir. Ermənilərin Şuşaya hücumu, işğal haqda məlumatlar gəlməkdədir. Məndən iki kurs yuxarıda oxuyan Paşaya yaxınlaşıram. “Paşa, o düz söhbətdi ki, ermənilər Şuşanı işğal edib?” – “Yox, bizimkilər geri alacaq. Narahat olma”, – deyib ərklə çiynimə vurur və mən sevinirəm. Sonra izdihamın qarşısında çıxış edən cəbhəçi mikrofonla elan edir:

- Kim Şuşada döyüşmək istəyirsə, bu avtobusa minsin! - əliylə yaxınlıqdakı hardasa iyirmi-otuz adamın yerləşə biləcəyi PAZ markalı avtobusu göstərir.

Sadəcə, müşahidə etməkçün avtobusa yaxınlaşıram. İçərisində ondan çox mülki geyimli kişilər var, başqaları da gəlib avtobusa minir. İkinci dəfə sevinirəm, içimə fərəh hissləri dolur, elə bilirəm ki, könüllülərin olduğu bu avtobus cəbhə xəttinə yola düşəndən sonra erməniləri geri oturdacaqlar, nədənsə məndə bir əminlik var: bunlar döyüş təcrübəsi olan adamlardır. Səbirsizliklə avtobusun yerindən tərpənməsini gözləyirəm, ürəyimdə deyirəm: “Tərpən də”. İndi, düzü, yadımda deyil, o avtobus yerindən nə vaxt tərpənmişdi, hərçənd bunun nə mənası var, gerisi zatən məlumdur. Şuşa, üstündən on gün sonra Laçının işğalı, yəni həmin illərdə baş verən hadisələri, daha doğrusu, faciələri aşağı-yuxarı hamımız bilirik.

Lap sonralar söhbət etdiyim qarabağlıların çoxu Şuşa ağrısını, itkisini xüsusi qeyd edirdilər. Bunun da səbəbi məlum idi: “alınmaz qala” simvoluna çevrilmiş Şuşanın o vaxt işğalı gerçəkdən, millətə ağır sillə kimi dəymişdi. Sonralar mövzunu bilənlərlə etdiyim müzakirələrdə məlum olacaqdı ki, texnikanın, silahın sürətlə inkişaf etdiyi bir dövrdə “alınmaz qala” anlayışı ümumiyyətlə, absurd səslənir. Torpaqlarımızın 29 illik işğalı dövründə ən çox Şuşanın işğalı milli şüurda travma yaratmışdı. O biri tərəfdənsə, televiziya verilişlərində, çıxışlarda, toy tostlarında “İnşallah, gələn il bu cür tədbirlərimizi, xeyir işlərimizi Şuşada keçirərik” cümlələri, açığı, qulağımızı yağır etmişdi.

8 noyabr, 2020. Və məhz bu səbəbdəndir ki, Şuşanın azad olunma xəbəri sözlə ifadə edilməyəcək ümummilli sevincə səbəb oldu. Prezident İlham Əliyev başqa rayonların və kəndlərin azad edilmə xəbərini ya tviter vasitəsilə paylaşır, ya da xalqa müraciətlərin sonunda elan edirdi. Şuşanın azad edilməsini isə çıxışının əvvəlində elan etdi: “Əziz Şuşa, sən azadsan!” Məncə, o biri rayonların azad olması ilə müqayisədə Şuşanın azad edilmə xəbəri millətdə daha çox sevinc göz yaşlarının axmasına səbəb oldu.

Qeyd: Şuşanın azad olunma əməliyyatı, Xüsusi Təyinatlı Qüvvələrin atıcı silahlarla şəhəri azad etməsi isə artıq hərb tarixinə düşüb. Bir sözlə, Şuşanın azad olunması Vətən müharibəsindəki qələbənin möhtəşəm akkordu idi.

8 oktyabr, 2021 Azərbaycanda fəaliyyət göstərən səfirliklərin mətbuat xidməti nümayəndələri ilə Şuşaya baş tutan səfərimlə bağlı təəssüratlarıma baş vuranda qəribə hisslər keçirirəm. Füzuli ərazisində “İşğaldan azad olunmuş ərazilər” yazılmış lövhəni keçəndən sonra mikroavtobusun pəncərəsindən gördüyüm mənzərə, - dağılmış evlər, boş sahələr, “Bura minalanmış ərazidir” xəbərdarlığı. Və başa düşürsən ki, televizorda, saytlarda gördüyün həmin mənzərələrlə müqayisədə pəncərədən gördüklərin arasında fərq böyükdür, təbii, ikinci daha təsirlidir. Daha sonra artıq tikilməyi sona çatan Zəfər yolu, hədsiz dumanlı havada sərt yoxuşlarla Şuşaya doğru hərəkət etməyimiz, duman bəzən azalanda Hadrutun adını bilmədiyim kəndlərindəki boş evlər və nəhayət, şəhərə daxil olub “Xarı bülbül” otelində yüngülvarı səhər yeməyi. Bir gün ərzində bizi Şuşanın tarixi yerlərinə - Bülbülün, Natəvanın ev muzeyləri, bulaqlar, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, hal-hazırda bərpa işləri aparılan xristian kilsəsinə - apardılar. Lap axırda Cıdır düzü, XTQ-nin qayaları dırmaşaraq düşmənə qəfil həmlə etdikləri yer. Oranı qoruyan əsgərlərdən biri mənə qayalardakı güllə yerlərinin izlərini göstərir, səfirlik nümayəndələri dumanlı havada şəkil çəkdirməkdədirlər. Mən də bir-iki şəkil çəkdirirəm və fikirləşirəm ki, bunu vatsap statusuma qoysam necə çıxar.

Şuşa səfəriylə bağlı bir təəssüratımı da bölüşüm. Nədənsə, mənə tarixi yerlərdən çox, şəhər alınan zaman bizim igid əsgərlərin bina divarlarındakı yazdıqları yazılar təsir etdi. “Biləsuvar uşaqları”, “Cəlilabad uşaqları”, “Talışlar yekdir” və s. Yazılara baxanda sevinmişdim ki, bu əsgərlərin çoxu sağdır. Bir də, binaların bərpası üçün görülən işlərdən fərəhlənmişdim. Maska taxıb dəmir üzərində qaynaq işləri görən çilingərə baxıb 1990-91-ci illərdə azərbaycanlı tələbələrdən ibarət könüllü tikinti dəstələrinin Xocalıda üç, beş mərtəbəli binalar tikməsini, daha doğrusu, bununla bağlı qəzetlərdən oxuduğum reportajları xatırlayıram. Və bunu xatırlayanda, üzümü göyə tutub deyirəm: “İlahi, bu dəfə tikiləcək, bərpa olunacaq evlərdə yaşayan azərbaycanlıları o vaxtkı bəlalardan uzaq et!”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz