TORPAĞIN DUASI İDİ BİZİ ORA ÇƏKƏN!”

TORPAĞIN DUASI İDİ BİZİ ORA ÇƏKƏN!”

Qazi Vidadi Ağagülov:

“Torpağın duası idi bizi ora çəkən!”

İrfan: Xoş gördük sizi, Vidadi bəy! Artıq bütün Azərbaycan sizi “Maştağa” ləqəbi ilə tanıyır. Özünüz haqda qısa məlumat verərdiniz, mümkünsə...

Vidadi Ağagülov: Mən, Vidadi Ağagülov Məmmədsadıq oğlu, 1965-ci ildə doğulmuşam. Deməli, 1990-cı ildə ovaxtkı SSRİ-nin daxili işlər naziri Bakatin 15 respublikada “OMON” xüsusi təyinatlı milis dəstəsinin yaradılması əmrini vermişdi. Həmin vaxt da Azərbaycanda vəziyyət ağır idi. Erməni quldur dəstələri durmadan dinc əhaliyə hücum edirdi. Məhz o dövrdə Məhəmməd Əsədov Əfqanıstan müharibəsindən gələn veteranların, xüsusi təlim görmüşlərin və idmançıların Azərbaycanda yaradılacaq həmin dəstəyə cəlb edilməsini tapşırmışdı. Məni də dəvət etdilər, qəbul etdim. Beləcə Azərbaycanda yaradılan ilk “OMON”çulardan oldum və bizim ilk əməliyyatımız Çaykənd əməliyyatı oldu. Bu əməliyyatdan sonra da ard-arda bir çox uğurlu əməliyyat apardıq. Onda biz vuruşa-vuruşa bir tərəfdən də milli ordu yaranırdı.

- Birinci Qarabağ müharibəsində atəşkəs imzalanana qədər vuruşmusunuz?    

- Bəli, atəşkəsə qədər orduda vuruşmuşam. Xüsusilə qeyd etmək istəyirəm ki, İkinci Qarabağ müharibəsində olduğu kimi onda da Azərbaycan oğulları böyük mərdliklə vuruşurdular. Hətta biz Sırxavəndi də almışdıq, Xankəndinin altı kilometrliyində idik. Onda indiki silahlar olmasa da, şir ürəkli oğullar vardı. Ermənilər hər gün geri gedirdi. Biz sadəcə o vaxt siyasi hərc-mərcliyin qurbanı olduq.  Nizami ordu yox idi, mərkəzlə əlaqədə problem vardı və s. Bütün bu kimi neqativ halların nəticəsində torpaqlarımızı itirdik.

44 günlük müharibədə isə artq bizim nizami ordumuz vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra görülən ən başlıca işlərdən biri məhz ordu quruculuğu oldu. Cənab Prezident İlham Əliyev də ümummilli liderin siyasi kursuna sadiq qalaraq güclü dövlət quruculuğunu davam etdirdi. Yetişmiş şəraitdən istifadə edərək qısa müddət ərzində torpaqların azad edilməsi üçün lazımi əmri verdi. Ürəyi vətən eşqi ilə döyünən igid Azərbaycan oğulları da bu qısa zaman ərzində dastan yazmağı bacardılar. Bu gün dünyanın qabaqcıl ölkələri 44 günlük müharibəni araşdıraraq müasir döyüş taktikalarını inkişaf etdirirlər. Çünki biz 21-ci əsrin müharibəsini gerçəkləşdirdik.    

- Birinci Qarabağ müharibəsindən sonra orduda xidmətiniz davam edirdi, yoxsa?

- Yox, mən hərbi xidmətdən ayrıldım. Yaralanmışdım, ikinci qrup əlillik dərəcəli qaziyəm. Amma bu 30 il ərzində hərbi formanı əynimdən çıxarmamışam. Düzdü, buna görə mənə gülənlər, istehza ilə baxanlar da çox olub, amma bu məni yolumdan döndərməyib. Mən bu forma ilə hər zaman torpaqlarımızın azadlığı uğrunda döyüşə hazır olduğumu demək istəmişəm. Eyni zamanda bu hərəkətimlə gənc nəslə vətənpərvərlik ruhu aşılamağı hədəfləyirdim. Mən çətin günlərdə bu formanı geyinərək gənclərə xatırladırdım ki, bizim hələ qabaqda həlledici döyüşümüz var. Vaxtilə mənim bu hərəkətimə dırnaqarası baxanlar özləri indi əsgər forması alıb geyinirlər.

- Son döyüşlərdə iştirakınız necə oldu bəs? Sizi çağırdılar, yoxsa könüllü olaraq cəbhəyə yollandınız?

- Yox, bizi çağırmadılar, Vətən müharibəsi elan olunan kimi özümüzü Füzuliyə çatdırdıq. Bir neçə qazi qərara gəldik ki, ordumuzun yanında olmalıyıq. Əlbəttə, bizi tanıdılar və əraziyə bələd olduğumuz üçün müəyyən məsələlərdə məsləhətlərimizi diqqətə aldılar. Beləcə ağsaqqal qazilər olaraq başdan-sona qədər əsgərlərimizin yanında olduq, onlarla birlikdə hərəkət etdik.

- Orduda ruh yüksəkliyi necə idi?

- Ruh yüksəkliyi ən yüksək səviyyədə idi.  Bilirsiniz, elə bir ailə yoxdur ki, keçən illər ərzində Qarabağ acısını yaşamasın. Qisas hissi ilə böyüyən oğullarımız qorxu nədir bilmədən birinci müharibənin, Xocalının, Şuşanın intiqamını almağa gəlmişdilər. Kimi dindirsən deyirdi ki, mən ölməyə gəlməmişəm, Vətənimə göz dikən alçaqları öldürməyə gəlmişəm. Əsgərlərimiz bir-birini qorumaq üçün güllənin qabağına atılırdılar, zarafat deyil. Məsələn, mənim yanımda Tərlan vardı. Qumbara Tərlan deyirlər. Altı əsgərin olduğu yerə düşən qranatı zərərsizləşdirmək üçün üstünə uzanıb qarnını qəlpələrə sipər etmişdi ki, yoldaşları ölməsin. Beş saniyənin içində verilən qərara baxın. Xoşbəxtlikdən əynindəki gülləkeçirməz jilet sayəsində həyatda qalmışdı. Siz fədakarlığa baxın. Hər bir Azərbaycan əsgəri “hüququndan keçən əsgər”dir.

- Bayaq qeyd etdiniz ki, birinci müharibədən sizin də əlillik dərəcəniz var.

- Bəli, mən də fəxr edirəm ki, ana Vətənin azadlığı uğrunda yeddi dəfə yara almışam. Ürəyimdə güllə var, bir böyrəyim yoxdur, sol qoluma dəmir qoyulub. Bütün bunlara baxmayaraq, yenə də mən Ali Baş Komandanın bir əsgəriyəm. Sabah əmr verilsə, ön sırada yerimi almağa hazıram. Bu gün Kəlbəcərə gedirik. Ordakı əsgərlərə dəstək olmağa, onlara ruh verməyə. Yəni proses davam edir. O oğullarımıza diqqət göstərmək hər birimizin borcudur.

- Səhv etmiriksə, Prezident sizə ev vermişdi, onu da Qarabağ qazisinə bağışlamısınız.

- Qaziyə yox, şəhid övladına. Səhər verdilər, axşam şəhid oğlunun toyuna getmişdim. Biləndə ki, kirayədə yaşayacaqlar, ürəyim dözmədi, bağışladım ona. Mənim evim var, ehtiyacım yoxdur, amma onun ehtiyacı vardı, verdim. Görürsən ki, bəzən şəhid ailələrinə və ya qazilərə qarşı yerli orqanlarda müəyyən neqativ davranışlar olur, bu yolverilməzdir. Axı onlar bizim xoşbəxt yaşamağımız üçün canlarından keçiblər. İnsan yaşadığı müddət ərzində yaxşı iz qoymalıdır. Bizim öz dəyərlərimiz var, onları yaşatmalıyıq. Baxın cənab Prezident Şuşaya ilk səfərində məscidə girmişdi. Məscid darmadağın, toz-torpaq içində idi, amma o, ayaqqabısını çıxarıb elə girdi. Budur dəyərlərə hörmət. O dəyərləri unutmamaq lazımdır.

Düşünə bilirsinizmi ki, 100 il bundan əvvəl əcdadımızın göz yaşı ilə ayaqyalın tərk etdiyi Zəngəzur torpaqlarına bu gün biz müzəffər ordu ilə qayıdırıq. Bütün o ərazilər əsgərimizin nəzarətindədir. Mən artıq rahatlıqla ölə bilərəm. O biri dünyada əcdadımızın qarşısına çıxmağa üzüm var artıq. “Mən sizin qisasınızı aldım”, - deyəcəyəm. 

Bir məsələ də var. Biz torpaqları azad etdik, şükürlər olsun, indi oralarda abadlıq və quruculuq işləri bizi gözləyir. Dövlət planı ilə bu da həyata keçirilir, şükür. Mən sadəcə bir xüsusu qeyd etmək istəyirəm və dəfələrlə də demişəm. Qarabağın inkişafı prosesində şəhid ailələrinə, qazilərə, veteranlara da orada torpaq verilsə yaxşı nəticə almaq olar. Biz xalq olaraq bir an əvvəl ora köçüb yaşamalıyıq. Ermənilər bizi orada görəndə özləri çıxıb gedəcəklər. Bu, əsas məsələdir. Orada əziyyət çəkən qazilərimiz qanla yazılan tarixin təbliğatını aparmalıdırlar.

Şou nümayəndələrini gətirib, toy-konsert verməklə Qarabağı yaşatmaq olarmı? Bu, şəhidlərimizin ruhunu incitməkdir. Bəli, orada istirahət etmək, turizm obyektləri açmaq olar, amma sadəcə pullu turizm regionu etməklə Qarabağı yaşatmaq olmaz. Qazilərimiz də mütləq orada yaşamalıdır. Şəxsən mən hazıram, bir qarış torpaq versinlər gedim orada necə lazımdı yaşayım. Mən əslən bakılıyam, burada doğulub böyümüşəm, amma hər şeyi atıb Qarabağda yaşamağa hazıram. Belə Xankəndinin mərkəzində bir evim olsun, erməni qonşuların əhatəsində yaşayım, fərq eləmir. Hər gün açıb Azərbaycan himni səsləndirim, qapıdan böyük bir bayraq asım. Bu da əslində bir mübarizədir. Biz unutmamalıyıq ki, əsl mübarizəmiz indidən sonra başlayır. 

-  Şuşanı, Kəlbəcəri işğaldan sonra ilk dəfə görəndə hansı hissləri yaşadınız?

- Nəinki Şuşanı, Kəlbəcəri görəndə, Qarabağ torpağına ayağımı basanda elə bir hiss yaşadım ki, onu sözlə ifadə etmək mümkün deyil. Elə bil ki, 10 günlük ezamiyyətə gedirik, qayıdanda anamızı necə qucaqlayırıq?! Vətən də anamızdır. Otuz il anadan ayrı qalan övlad necə olar? Yaxud da otuz il övladlarından ayrı qalan ana necə olar? Dağ-daş, torpaq danışırdı adamla. Orda namaz da qıldım, birbaşa torpağa səcdə etdim, hər səcdədə torpağı öpürdüm. Ağaclar, torpaq, daş, ot, hər şey danışırdı mənimlə. Görün, torpaq Allaha necə dua etmişdi ki, 44 gün ərzində güclü yağış yağmadı, qar yağmadı, çovğun, boran olmadı. Allah o torpağın duasını eşitdi. Ana torpaq əl açıb dua etdi ki, ya Rəbb, övladlarım gəlib, məni onlara qovuşdur (gözləri yaşarır). Baxın, eyni fəsildir, eyni tarixdir, oktyabr ayındayıq, Kəlbəcərdən iki gündür gəlmişəm, qar-borandır bu dəqiqə oralar. Bütün bu həssas telləri hiss etmək lazımdır. Bilirəm, vaxt olacaq oralarda restoranlar tikiləcək, çal-çağır olacaq, neqativ hallar da yaşanacaq… Nə deyim axı? Əsas odur ki, Ali Baş Komandan və öz canından keçən şəhidlərimiz bu millətin papağını qaytarıb başına qoydu.

Ermənilər Rusiya kanallarında deyirdilər ki, biz vuruşan xalqıq, azərbaycanlılarsa alverçidir. Biz bu müharibədə göstərdik ki, dolanmaq üçün alver edirik, bəli, amma məsələ vətən olanda hamı bir nəfər kimi silaha sarılıb onu qorumağı bacarır. Sağ olsun, bu müharibədə qardaş ölkələr də bizə dayaq oldular. Allah birliyimizi pozmasın.      

-  Çox sağ olun, Vidadi bəy! Oxucularımız adından, Azərbaycan xalqı adından sizin timsalınızda bütün qazilərimizə təşəkkürü özümüzə borc bilirik. Şəhidlərimizi dərin ehtiramla anaraq yaxınlarına başsağlığı diləyirik. Vətən oğlu, var ol!

   

   

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz