QARABAĞDA ERMƏNİ VANDALİZMİ

QARABAĞDA ERMƏNİ VANDALİZMİ

Doç.Dr.Telman Nüsrətoğlu

Türk İslam Araşdırmaları Mərkəzinin sədri

QARABAĞDA ERMƏNİ VANDALİZMİ

Azərbaycan ordusunun mütləq zəfəri ilə nəticələnən İkinci Qarabağ müharibəsi təkcə Ermənistan daxilindəki siyasi-iqtisadi, hərbi böhranı dərinləşdirmədi, eyni zamanda özünü qədim mədəniyyət daşıyıcısı kimi dünyaya tanıtmağa çalışan millətin - Azərbaycanın min illik mədəni mirasına, tarixi abidələrinə qarşı necə vandalca davranaraq şəhər və qəsəbələri yer üzündən silməyə çalışdığını da ortaya qoydu. Regionun tarixi reallıqları, erməni xalqının demoqrafik imkanlarıyla üst-üstə düşməyən, öz imperialist məqsədləri üçün erməni kartından türk millətinə, Azərbaycana qarşı istifadə edən dövlətlərin maraqlarına xidmət edən Böyük Ermənistan xülyası, “Miatsum” fikri Azərbaycan ordusunun parlaq qələbəsi ilə iflas etdi, erməni xalqı uydurulmuş tarix yalanları yerinə acı həqiqətlərlə tanış olmaq məcburiyyətində qaldı.

Bilindiyi kimi, milliyyətçi yunan siyasi dairələrinin Kipr adasının Yunanıstana birləşdirilməsi məqsədi güdən "Enosis" fikrinin oxşarı olan “Miatsum” da Azərbaycan və Türkiyə torpaqlarının ilhaq edilərək Ermənistana birləşdirilməsini əsas hədəf olaraq müəyyənləşdirmiş, Çarlıq və Sovet Rusiyasının dəstəyi ilə İrəvan və Zəngəzur torpaqları türk-müsəlman əhalidən təmizlənərək erməniləşdiriləndən, ardınca 90-cı illərdə Qarabağın Ermənistan tərəfindən işğal edilməsindən sonra erməni cəmiyyətində bu xülyaya inananların sayı çoxalmışdı. Ancaq tarixin müəyyən bir dövründə geopolitik təlatümlər nəticəsində müvəqqəti olaraq geri çəkilmə və ya toparlanma mərhələsinə daxil olmuş Türkiyə və Azərbaycanın bu mövqeyi səhv anlaşılmış, türk millətinin Avrasiyanın oyun qurucu güclərindən biri olduğu unudulmuş, ağalarının təşviqi və şovinist həvəslərlə böyük türk arealına qarşı işğalçılıq siyasəti aparmağa başlayan balaca Ermənistan baltanı daşa vurmuş, tarixi düşmənçilik siyasətini davam etdirmənin Ermənistan dövlətçiliyinin də iflasını gətirəcəyi anlaşılmışdır. Sadəcə son yüz il boyunca Cənubi Qafqazda baş verənlərin dərindən incələnməsi Daşnaqsütun başda olmaqla erməni millətçilərinin sarıldıqları utopik fikirlərin, şovinizm xəstəliyinin regiona ancaq qan və gözyaşı gətirdiyini görmək üçün kifayətdir.

Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsindən sonra İrəvandan Qarabağa tarixi Türk coğrafiyalarına ermənilərin kütləvi şəkildə yerləşdirilməsiylə birlikdə sadəcə regionun etno-demoqrafiq xəritəsi dəyişdirilməmiş, Azərbaycanın toponimləri, tarixi-mədəni irsi, memarlıq abidələri, musiqi və incəsənəti də saxtalaşdırılaraq erməniləşdirilməyə çalışılmış, təkzibedilməz tarixi həqiqətlərin işığında buna nail olmaq mümkün olmadıqda isə o torpaqlardakı türk izlərinə qarşı sözün həqiqi mənasında müharibə elan olunmuşdur. Əsrlər boyu bir türk xanlığı olaraq siyasi–mədəni varlığını davam etdirən İrəvan xanlığı ərazilərində monoetnik erməni dövləti yaradılması proyekti çərçivəsində Rəvanqulu xanın tikdirdiyi İrəvan qalası başda olmaqla Səfəvi və Osmanlı dövrlərinə aid olan yüzlərlə türbə, məscid, mədrəsə külliyəsi, karvansara, orta əsrlər dövrünün müsəlman qəbiristanlıqları məqsədli şəkildə dağıdılmış, Çarlıq dövrü rus səyyah və məmurlarının da qələmə aldığı əsərlərində mədh edərək bəhs etdiyi İrəvandakı qədim türk-islam memarlığının izlərindən günümüzə heç nə qalmamışdır.  

Aparılan tədqiqatlarla Qərbi Azərbaycan ərazilərində həm də tarixi abidə qismində olan 110 məscidin erməni silahlı dəstələri tərəfindən yandırılaraq məhv edildiyi arxiv sənədləriylə ortaya qoyulmuşdur. Çarlıq Rusiyasından Sovetlərə ardıcıllıqla davam etdirilən Azərbaycan türklərinin öz dədə-baba yurdlarından kütləvi köçə məcbur edilərək erməniləşdirilmə aparılması siyasətinin son halqası olaraq 1988-89-cu illərdə Ermənistandan 250 minə yaxın Azərbaycanlı da çıxarıldıqdan sonra onlara aid olan çox sayda məktəb və kitabxana binalarına içərisindəki kitab və müxtəlif ləvazimatlar, milli motivləri özündə ehtiva edən əşya və eksponatlarla birlikdə müsadirə edilmiş, yüzlərlə qəbiristanlıq, 68 tarixi-memarlıq abidəsi, 49 məscid dağıdılmışdır.

Erməni işğalçılarının həyata keçirdiyi, dünya tarixinin şahid olduğu ən qəddar mədəniyyət düşmənçiliyi hadisəsi insanlığın da qədim mədəniyyət məskənlərindən olan Qarabağda yaşanmışdır. Eramızdan əvvəlki minilliyə aid Xocalı mədəniyyətini təmsil edən nümunələrdən Alban dövləti, Sacilər, Səlcuqlular, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Osmanlı və xanlıqlar dövrünə qədər çox zəngin tarixi-memarlıq abidələrinə ev sahibliyi edən, London, Paris, Berlin kimi şəhərlərin dünyaca məşhur muzeylərində parlaq nümunələrinin yer aldığı Azərbaycanın qədim əl sənəti və xalçaçılıq məktəblərinin də məkanı olmuş, istehsal texnikası, üzərinə həkk olunmuş naxış, motiv və təsvirləri etibarıyla zəngin arxeoloji materiallarla dolu muzeylər diyarı kimi bilinən bu bölgədə işğal dövründə sözün həqiqi mənasında mədəniyyət soyqırımı yaşanmışdır.

Sadəcə işğal nəticəsində yurd-yuvasından didərgin düşən yüz minlərlə azərbaycanlının əmlakı, mülkləri, yüzlərlə məktəb, kitabxana, mədəniyyət müəssisələri talan edilməmiş, coğrafiyanın tarixi yaddaşını özündə ehtiva edən, orta əsrlərdəki Arazboyu türk-islam türbələrinin səciyyəvi xüsusiyyətlərini daşıyan Füzuli rayonundakı XIII əsrə aid olan Şeyx Babı türbəsi, eyni əsrlərə aid Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən Başıkəsik türbə, Xubyarlı kəndindəki Dairəvi türbə, Qubadlı rayonunun Dəmirçilər kəndindəki Qülləvari türbə, Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikilən səkkizguşəli piramidal günbəz, XIII əsrdə inşa edildiyi təxmin edilən eyni rayondakı Şərifan sərdabəsi, Əmirxanlı kəndindəki XII əsrin Qız qalası, yenə Zəngilan şəhərindəki Səfəvilər dövrünə aid İmam Hüseyn məscidi, Qubadlı rayonunun Əliquluuşağı kəndindəki V əsrdə inşa edilmiş Göy qala, XIX əsrin Laləzar və Hacı Bədəl körpüləri, Cəbrayıl rayonunun Çələbilər kəndindəki Hacı Qaraman Əhməd tərəfindən inşa etdirilərək sufi ocağı halına gətirilən XVI əsrin məscid-mədrəsə kompleksi, Şıxlar türbəsi kimi çox sayda vacib tarixi abidələr ya yerləyeksan edilmiş, ya da ciddi zərər görmüşdür.

Qarabağın mədəniyyət paytaxtı olan Şuşa şəhərində vaxtilə tarixi memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən qorunan qala və istehkam divarları, Pənah Xanın iqamətgahı, Şahbulaq sarayı, Əsgəran qalası, böyük şair Vaqifin məqbərəsi, Xanqızı Natəvanın ev muzeyi, Mir Möhsün Nəvvabın mülkü və Ü.Hacıbəyovun ev muzeyinin hazırkı vəziyyətini görmək erməni işğalçılarının törətdiyi vandalizmin səviyyəsini təsəvvür etmək üçün yetərlidir. Sadəcə Şuşada 8 muzey, 31 kitabxana viran edilmişdir. Qarabağ və ətraf rayonlarda tarixi əhəmmiyət kəsb edən 62 məscid, rayonların ərazisindəki 26 tarix-diyarşünaslıq muzeylərindən on minlərlə qiymətli muzey əşyası və eksponatı talan edilərək Ermənistana, oradan da başqa ölkələrə aparılmış, 927 kitabxanadan 4.6 milyon kitab və əlyazma əsərin bir qismi yandırılmış, bir qismi də Ermənistana daşınmışdır.

Azərbaycan ordusu işğal altındakı torpaqları daha yeni azad etdiyindən erməni işğalçılarının ölkənin milli mədəniyyətinə vurduğu ziyanın miqyasını, nəticələrini hələ tam dəqiqliyi ilə hesablamaq mümkün deyildir. Prezident İ. Əliyevin təlimatıyla beynəlxalq ekspertlərin də cəlb edildiyi komissiya işğaldan azad edilən bölgələrdə araşdırma və hesablama fəaliyyətlərinə davam edir.

Qarabağ və ətraf rayonlarda baş verən bu vandalizm və talan siyasətindən sadəcə türk-islam abidələri deyil, ilk insan məskənlərindən olan Tağlar və Azıx mağaraları, tunc dövrünə aid Ağdamdakı Çıraqtəpə yaşayış yeri, kurqanlar, müxtəlif Alban məbədləri də nəsibini almışdır. İşğal dövründə ermənilərin Azərbaycanın memarlıq abidələriylə bağlı apardığı saxtalaşdırma və mənimsəmə siyasətinin başqa bir istiqaməti də Qafqaz Albanlarına aid olan xristian kilsələrini erməniləşdirmək olmuşdur ki, bu haqda əvvəlki yazılarımızdan birində ətraflı məlumat vermişdik. Saxtalaşdırma sadəcə qədim Alban kilsələri ilə yekunlaşmamış, yenə Qarabağdakı bəzi qədim tikililərin üzərindəki türk-müsəlman element və motivləri erməni yazısı və xaçı ilə dəyişdirilmişdir. Ermənistanın hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması və bu sərvətlərin qeyri-qanuni dövriyyəsi ilə bağlı qəbul edilən beynəlxalq konvensiyaları kobud şəkildə pozduğu, dünyanın gözü önündə insanlıq mədəniyyətinin mühüm mərkəzlərindən biri olan Qarabağda Azərbaycan xalqının mədəni mirasına qarşı da müharibə apardığı açıqdır.

Şübhəsiz, Azərbaycan dövləti maddi sübutları toplayaraq beynəlxalq məhkəmələr yoluyla bu vandalizm və mədəniyyət düşmənçiliyinin də hesabını soruşacaq, bütün insanlıq erməni şovinizminin əsl siması ilə tanış olacaqdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz