QARABAĞ AZƏRBAYCANDIR!

QARABAĞ AZƏRBAYCANDIR!

Böyük və şanlı bir zəfərin il dönümü ərəfəsindəyik. Əsrimizin tarix səhifələrinə böyük bir dastan olaraq yazılan bu zəfər, Azərbaycan başda olmaqla bütün Türk-İslam dünyasının zəfəridir.

27 sentyabr 2020-ci il səhər saatlarında, Ermənistanın təxribatçı fəaliyyətlərini artıraraq mülki əhalinin yaşayış məskənlərini ağır silahlardan atəşə tutması sonrasında, silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə düşmən hücumunun qarşısını almaq məqsədi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatları başladılmış və 44 gün ərzində torpaqlarımız düşmən tapdağından qurtarılmışdır. Vətən müharibəsi günlərində Azərbaycan xalqı bir yumruq kimi birləşmişdir. Bu çətin günlərdə qardaş türk xalqının, şəxsən Türkiyə Cümhuriyyəti Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın, hökumət nümayəndələrinin və ictimai-siyasi xadimlərin siyasi-mənəvi dəstəyi xalqımızda ruh yüksəkliyi yaratmış və qələbə əhvali-ruhiyyəsini artırmışdır.

Bir millətin gələcəyi onun sahib olduğu gəncliyin fikri kamilliyinə, ümidinə, ideallarına və ürəyindəki sevdasına bağlıdır. Milli-mənəvi hisslərlə dolu, bayrağını, torpağını, millətini, vətənini sevən bir gəncliyə sahib olan ölkə ən böyük xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi aydınlıqdır.

“İnkişaf etmiş ölkələrlə inkişaf etməmiş ölkələr arasında çox kiçik bir fərq var. O da yetişmiş bir ovuc gənclikdir”. Gələcəyini düşünən millətlər gəncliyinin yetişməsinə böyük əhəmiyyət verməli və hər cür yatırımı etməlidir. Gəncliyin xarakteri bir sənətkar həssaslığı ilə yanaşaraq, diqqətlə formalaşdırılmalıdır. Gəncliyin yetişməsində bədən ilə ruh, maddə ilə məna, dünya ilə axirət tarazlığının qurulması mühümdür. Gənc – sevgi və həyəcan dolu, nikbin, qərəzsiz, səbirli, öz daxili aləmi və içində yaşadığı cəmiyyətlə barışıq olmalıdır.

Bu gün gəncliyin qarşısında bir çox maneə və problemlər dayanır. Bunların çoxu müasir, qloballaşan dünyamızın gətirdiyi populyar mədəniyyətin problemləridir. Bu çətinlikləri aşmağın əsas yolu gənclərimizi vətənpərvər ruhda milli-mənəvi dəyərlərə yiyələndirməkdən keçir.

“Gənclik bir millətin gələcəyinin aynasıdır”. Gənclik bir millətin ümidi və gələcəyidir. Gəncliyin xarakter inşasında sağlam bir modelə ehtiyac var. Gəncliyə özlərinə nümunə götürə biləcəyi öndər və şəxsiyyətlər təqdim etməliyik. Bunlar bizim tarixi dərinliklərimizdə artıqlaması ilə mövcuddur. Hər gəncin ruhi dərinliklərində bir qəhrəman gizlidir. İstiqbalın işığı olan gənclərimizin qəhrəman şəxsiyyətlərini meydana çıxarıb vətəni və milləti üçün adını tarixə yazdırmaq ailəsi, məktəbi, media və ətrafı olaraq bizim əlimizdədir.

“Bir millət, iki dövlət” olan könül coğrafiyamızda bu ülvi dəyərlərimiz uğrunda hər şeydən əziz olan canlarını fəda edərək ölümsüzləşən saysız qəhrəman və şəhidlərə sahibik. Şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun...

Həzrət Muhamməd (əleyhissalam) “Vətən sevgisi imandandır” buyurur. Allah-Təala da “Allah yolunda öldürülənlərə əsla ölülər deməyin. Onlar diridirlər, lakin siz bunu dərk etməzsiniz” buyurmaqdadır.

Şəhid olmaq demək hər şeydən əziz olan canı müqəddəs dəyərlər uğrunda fəda edərək ölümsüzləşmək deməkdir. İnsan öləndə torpağın qucağına tapşırılar; şəhid isə ruhunu təslim edəndə peyğəmbərin gül qoxulu qucağına tapşırılmaqdadır. Şair nə gözəl ifadə edib:

Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor, Peyğəmbər...

Millətimiz şəhidlərimizi hüznlə yad etməklə bərabər, onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki “Vətən və bayraq şəhidləri ilə ucalar”. Şairin dediyi kimi:

Bayraqları bayraq yapan üstündəki qandır,

Torpaq, əgər uğrunda ölən varsa vətəndir.

Dünya hərb tarixinə qızıl hərflərlə bir igidlik dastanı kimi yazılan bu müharibədə vətən üçün, bayraq üçün, milli-mənəvi dəyərlərimiz üçün qəhrəmancasına çalışan, yardım edən hər bir vətəndaşımızı minnətdarlıq hissi ilə xatırlayır, qazilərimizə uca Rəbbimizdən şəfa və uzun ömür arzu edirəm. Bizə Qarabağımızı öz canları bahasına yenidən qazandıran əziz şəhidlərimiz başda olmaqla vətən uğrunda canını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edirəm.

Ruhları şad, məkanları cənnət olsun!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz