8 NOYABR – BAŞLANĞIC

8 NOYABR – BAŞLANĞIC

Hər bir xalqın tarixində olduğu kimi Azərbaycan xalqının da tarixində bir sıra əlamətdar günlər var. Bir xalq olaraq taleyimizdə mühüm yeri olan bu kimi günləri yada salmaq tarix şüurumuzun inkişafına və tarixi mirasımızın gələcək nəsillərə düzgün ötürülməsinə xidmət edir. Unutmamaq lazımdır ki, tarixi sırf xronologiyadan ibarət görənlər tarixin yazıldığı bu dünyada sadəcə statistika göstəricisi olan rəqəmlərdən ibarət qalanlardır. Çünki tarixin məqsədi yaşananlardan dərs alıb ibrət götürməkdir. Türk dünyasının ötən əsrdə yaşamış dahilərindən Mehmet Akif Ersoy boş yerə:

Tarixi təkərrür deyə tərif ediyorlar,

Heç ibrət alınsaydı, təkərrürmü edərdi?

- demirdi. Elə isə ibrət üçün tarixə nəzər salaq. Dünya səhnəsinə çıxdığımızdan bu yana bir çox qanlı-qadalı günlər də görmüşük, yeni fəthlərə yelkən açan fatehlərimiz də olub. Qoca tarix kitabımızı oxuyarkən gözümüzü yaşardan səhifələr olduğu kimi, üzümüzü güldürən səhifələrlə də qarşılaşırıq. Bu ay ildönümünü qeyd etdiyimiz Qarabağ zəfəri də məhz üzümüzü güldürən, iftixar hissi ilə sinəmizi qabardan, başımızı dik tutan, düşməni pərişan edən əhəmiyyətli günlərdən biridir.

8 noyabr tarixi hər birimiz üçün əlamətdar gündür. Bu əlamətdar gün işğalçı Ermənistanla Azərbaycan arasında 30 ildən artıq davam edən qarşıdurmanın zəfərimizlə başa çatdığı ən önəmli gündür. Ali Baş Komandanımızın qətiyyəti və igid oğullarımızın şücaəti qarşısında 44 gündən artıq tab gətirə bilməyən mənfur qonşularımızın darmadağın edildiyi bir gündür. Bizim üçün rəşadət, onlar üçünsə rəzalət simvoludur.

8 noyabr bütöv bir xalqın, dünyanın dörd bir yanında yaşayan bütün azərbaycanlıların yumruğa dönərək birləşməsi nəticəsində qazanılan zəfər ildönümüdür. Hər şey Vətən üçün deyib canını və malını səfərbər edən qürurlu millətin əldə etdiyi ən böyük mükafatdır.

8 noyabr tarixi Nadir şahdan bu yana itirə-itirə gələn, sinəsində Araz çayı boyda şıram açılaraq ikiyə ayrılan Azərbaycanın öz torpaqlarını geri aldığı əlamətdar bir gündür.  

8 noyabr həmçinin bütün Türk dünyasının yenidən dirçəlib dünya arenasında ədaləti hayqırdığı gündür. Uzun illər kağız üzərində qalan qətnamələrin yalnız və yalnız Azərbaycan əsgəri tərəfindən gerçəkləşdirildiyi haqq-ədalət günüdür.  

8 noyabr tarixi iki qardaş ölkənin çiyin-çiyinə verərək dünyaya qarşı dik duruşunun abidələşdiyi bir gündür.

8 noyabr dünyanın hər tərəfində əzilən müsəlman xalqların dirçəliş səsidir eyni zamanda. Hər gün bir az daha yaxınlaşmaqda olan ümmət birliyinin ayaq səsidir. Və bu ümmət içərisində göründüyü halda bizdən olmayanların, düşmən dəyirmanına su daşıyanların iç üzünün ortaya çıxdığı bir gündür.

8 noyabr tarixi 30 il bundan əvvəl amansızcasına qətlə yetirilən, yurdundan didərgin salınan soydaşlarımızın qisasının alındığı günün rəsmi adıdır. Bu gün Xocalı qətliamının intiqam günüdür. Əslində, sadəcə Xocalının deyil… Bir vaxtlar jurnalımızın fevral sayında Xocalı ildönümünü qeyd edərkən “Xocalıdan Serebrenitsaya” başlıqlı məqalə yayınlamışdıq. Sözügedən məqalədə Hira dağının övladları ilə Olimp dağının övladları arasında gedən mübarizədən söz açılaraq əslində məsələnin iman-küfr davasından ibarət olduğuna diqqət çəkilirdi. Bəli, 8 noyabr Xocalının olduğu qədər, Serebrenitsanın da intiqamıdır. İslam coğrafiyasının qanayan yarası olan bütün məzlumların zalımdan alınan qisasıdır.

8 noyabr əslində bir başlanğıcdır. Bəli, hər nə qədər Qarabağ müharibəsinin zəfərlə başa çatmasının və düşmən məğlubiyyətinin qeyd olunduğu gün olsa da, bu hələ son deyil, bir başlanğıcdır. Cənab Prezident İlham Əliyevin: “Əziz Şuşa, biz qayıtmışıq, sənin yaralarını sarıyacağıq”, - dediyi kimi, bir yandan illərdir düşmən tapdağında qalan o gözəl diyarımızın yaralarına məlhəm olacaq, quruculuq işləri aparacaq, yurdumuzu gülüstana çevirəcək, bir yandan da aramızda gizlənən, bizə dost kimi görünən ikiüzlüləri, qonşuluq münasibətinə xələl gətirənləri ifşa edəcəyik. Hələ qarşıda Zəngəzur dəhlizi planımız var. Tarixi dədə-baba torpağımız olan Zəngəzur bizi gözləyir. Bakıdan miniyinə minib doğma Qarabağı qarış-qarış gəzərək heç bir maneəyə rast gəlmədən tarixi İpəkyolu ilə Naxçıvana gedəcəyimiz, oradan qardaş Türkiyəyə keçəcəyimiz günlərə lap az qaldı.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz