MÜƏLLİM KİMDİR..?
Müəllimi tərif etmək, onun barəsində hər hansı bir yazı qələmə almaq adı qədər diqqət, işi qədər məsuliyyət tələb edir. Çünki tərifi tükənməyən, borcu ödənməyən yeganə peşənin adıdır müəllim. Bəzi kimsələr vardır ki, onlara olan borc ödənməz, ödəmək belə mümkün deyildir. Müəllimlərimiz kimi…
Müəllim kiçik addımlarla başlayan nəhəng bir həyatın ilk bünövrəsini, özülünü qoyan insandır. Ailə qədər olmasa belə, çox sevən və heç bir qarşılıq gözləmədən əlindən gələni etməyə çalışan yeganə şəxsiyyətdir. Sənə güc, cəsarət verən, xəyal etməyi öyrədəndir. Sevdiyin şeylərlə məşğul olman və arxasınca getmən üçün sənə ilham verəndir…
Səni səbir etməyə alışdıran, gələcəyə ümidlə baxmanı təmin edəndir. Kədərləndiyində səni düşünən, üzündə kiçik bir təbəssüm yaratmaq üçün özünü fəda edəndir. Nə olursa olsun, şəxsi problemlərini yansıtmayan, səni bir fərd olaraq dinləyən, fikirlərini nəzərə alan ilk insandır…
Müəllim hər şeydən öncə, ona əmanət edilən tərtəmiz ruhlara, ağıllara şəkil verən bir ruh sənətkarıdır. Müəllim gələcəyin memarıdır.
Ən qiymətli müəllim həyata rəng qatmağı bacaran, dəyər verən, mənalı edən və məsuliyyətini dərk etməyi biləndir.
İnsan yetişdirmək dərdində olan və onun dərdi ilə dərdlənəndir.
Müəllimin şəfqəti insanlığı dünyaya gətirən ana kimidir.
Övladının dəyər qazanması üçün narahat olan, səy göstərən ata kimidir.
O, qardaş kimi qayğıkeş, bacı kimi həssasdır.
Müəllim maddi və mənəvi mənada özünü yaxşı yetişdirməlidir. Ancaq peşə, sənət və insanlıq baxımından tam təchiz olunmuş müəllim şagirdinə rəhbərlik edə bilər. Nəfsini tərbiyə edə bilməyən nəslini tərbiyə edə bilməz!
Nəsli islah etmək ilə vəzifəli olan bir müəllimin ondan şikayət etmə haqqı yoxdur. Yaxşı müəllim heç vaxt şagirdə fiziki cəza verməz, onu alçaltmaz, təhqir etməz.
Müəllimlik peyğəmbər peşəsidir. Axı peyğəmbərlər də ümmətə haqqı və həqiqəti öyrədir, onlardan haqq, ədalət tərəfdarı olmalarını tələb edir. Ümmətini səhvlərdən qoruyaraq doğru yola yönəltməyə çalışır. Əgər bir müəllim səmimi olaraq öz peşəsinə bağlanırsa, məsləyi üzrə özünü yaxşı yetişdirirsə və bu ümmətin övladını ilahi dəyərlərlə yoğurmağa çalışırsa, bu onun peyğəmbər varisi olduğunu göstərir.
Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir. Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik məsuliyyətli işdir, çünki gələcək nəsillərin böyüməsində və tərbiyə olunmasında həlledici rol oynayır.
Dünya bir məktəb, həyat bir müəllimdir. Dünyaya gədiyimiz gün başlar, amma öldüyümüz gün bitməz. Digər aləmdə belə öyrənəcəyimiz şeylər olacaqdır. Əslində isə həyatın başladığı ilk gündən bu yana ən böyük müəllimdir həyatı və ölümü Yaradan. Öyrətməyi və öyrənməmizi O istədi. Biz “İqra”dan yola çıxan son nəsil olaraq oxuduq, oxuyuruq. Öyrədən hər kəs müəllimdir.
Bütün cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan bu zümrə hər cür hörmət və qayğıya layiqdir. Necə ki, şairin ifadə etdiyi kimi:
Müəllim zülmətdə parlayan bir nur,
Zəkası incilər xəzinəsidir.
Müəllim məsləki, amalı büllur,
Hər sözü, çağrışı həyat səsidir.
Müəllim ən ülvi, müqəddəs insan,
Ondan dərs alacaq nəsillərimiz.
Müəllim olmasa kor qalar cahan,
Bu adın önündə baş əyirik biz.
Gerçək müəllim olmaq ümidi ilə…
ŞƏRHLƏR