QƏLBLƏRİN FƏTHİ
Məkkə, aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizin (s.ə.s) şərəfləndirdiyi, uşaqlıq və gənclik illərini keçirdiyi şəhər… Hz. Adəmdən (ə.s) etibarən tövhid inancının mərkəzi və müsəlmanların qibləsi olan Kəbənin yerləşdiyi şəhər…
Allah Rəsulu (s.ə.s) peyğəmbərlik vəzifəsi verildikdən sonra ilk əvvəl Məkkə əhlini Allahın dininə dəvət etmiş, ancaq onlar bu dəvəti nəinki qəbul etmiş, müsəlman olan hər kəsə əllərindən gələn əziyyəti vermişdilər. Hətta bir az da həddi aşaraq, Allahın Rəsulunu (s.ə.s) öldürmək qərarına belə gəlmişdilər. Daha sonra Həzrət Cəbrayılın (a.s) xəbər verməsiylə onların bu hiylələri boşa çıxmışdı.
Məkkəli müşriklərin əziyyətləri nəticəsində möminlərin buna tab gətirəcək gücü və səbri qalmayınca, Məkkəni tərk edərək Mədinəyə hicrət etmələrinə izin verildi.
Hicrətdən sonra məkkəlilər yenə dinc dayanmadılar. Peyğəmbərimizi (s.ə.s) və müsəlmanları məhv etmək üçün çalışdılar. Nəticədə Bədr müharibəsi baş verdi, ancaq məğlub oldular. Uhudda istədiklərinə nail ola bilmədilər. Müsəlmanları tamamilə yer üzündən silmək məqsədi ilə yola çıxan Məkkə müşrikləri Xəndək müharibəsində də pərt oldular. Möminlər Allahın izni ilə müdafiə olunmağı bacardılar.
Hicrətin 6-cı ilində Məkkə yaxınlığında Hüdeybiyyə deyilən yerdə Məkkə müşrikləri ilə müsəlmanlar arasında Hüdeybiyyə sülh müqaviləsi imzalandı. Bu müqavilə ilə məkkəlilər 10 il müddətində qan tökməyəcəklərinə, müsəlmanlarla heç bir halda savaşmayacaqlarına dair yazılı söz vermiş oldular. Ancaq çox keçmədən müşriklər bu müqavilənin şərtlərini pozdular. Əslində, bu hadisə Məkkənin fəthinə gedən yolun açılması demək idi.
Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz (s.ə.s) Məkkənin qan tökülmədən fəth edilməsini istəyirdi. Artıq bu istəyin həyata keçirilməsi zamanı gəlmişdi. Məkkəlilər heç gözləmədikləri bir anda on min nəfərlik İslam ordusunu qarşılarında görüncə sanki donub qaldılar. Nə edəcəklərini bilmədilər. Artıq hər kəs öz canının hayındaydı.
Rəsulullah (s.ə.s) Məkkəyə daxil olduğunda, bu fəthi ona və möminlərə bəxş edən Allaha şükür edir, təvazökarlığından dolayı başını önə əyirdi. Mühacir və ənsar Rəsulullahın (s.ə.s) dörd bir tərəfini əhatə etmişdilər. Peyğəmbərimiz (s.ə.s) vaxt itirmədən Məscidi-Harama daxil oldu. Həcərül-əsvədə tərəf yönəldi və salamladı. Sonra Kəbəni tavaf etdi. O vaxt Kəbənin içində və ətrafındakı üç yüz altmış büt hələ də dururdu. Əlindəki yay ilə bunlara bir-bir vuraraq bu ayəni oxuyurdu: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur”. (əl-İsra, 81)
Allah Rəsulu (s.ə.s) Kəbənin açarlarından məsul olan Osman ibn Talhanı çağırtdıraraq bütün müsəlmanların qibləsi olan Allahın evini açdırdı və içəri girdi. İlk öncə bütün bütləri təmizlətdirdi. Kəbənin divarının bir yerində Hz. İbrahim ilə Hz. İsmailin fal oxları çəkən vəziyyətdə çəkilmiş rəsmləri vardı. Onu sildirtdi. Zöhr namazı vaxtıydı. Hz. Bilala azan oxumasını əmr etdi və günorta namazını qıldırdı.
Vaxtilə möminlərə əzab-əziyyət verən məkkəlilər Kəbənin önündə yığışmış, Allah Rəsulunun (s.ə.s) onlara qarşı necə davranacağını maraqla gözləyirdilər. Məkkəli müşriklərin yanında dayanan minlərlə İslam əsgəri Peyğəmbərimizdən gələcək əmri gözləyirdi. O dövrdəki hərb hüququna görə, bütün Məkkə xalqı öldürülə bilər, var-dövlətləri isə müsəlmanlar üçün qənimət malı sayılaraq paylana bilərdi. Ancaq bir müddət sonra Rəsulullah (s.ə.s) Kəbədən çıxdı və məkkəlilər qarşısında belə bir çıxış etdi:
“Ey qureyşlilər! Şübhəsiz ki, Uca Allah, cahiliyyə qürurunu, babalarınızla öyünüb təkəbbürlənməyi ortadan qaldırmışdır. Bütün insanlar Adəmdəndir, Adəm isə torpaqdan yaradılmışdır!” Sonra bu ayəni oxudu: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz ən təqvalı olanınızdır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır”. (əl-Hucurat, 13)
Daha sonra çıxışına belə davam etdi:
“Ey Qüreyş camaatı! Ey məkkəlilər! Nə deyirsiniz? İndi sizə nə edəcəyimi düşünürsünüz?” - deyə soruşdu.
Qüreyşlilər:
“Biz sənin xeyir və yaxşılıq edəcəyini gözləyirik. Sən kərəm və yaxşılıq sahibi bir qardaş, kərəm və yaxşılıq sahibi bir qardaş oğlusan. Güc və qüvvət bu an sənin əlindədir, bizə mərhəmət et!” - dedilər. Bunun müqabilində Hz. Peyğəmbərimiz (s.ə.s) belə buyurdu:
“Mənimlə sizin vəziyyətiniz Yusuf (ə.s) ilə qardaşlarının vəziyyəti kimi olacaqdır. Yusufun qardaşlarına dediyi kimi mən də: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın!” deyirəm”.
Allah Rəsulu (s.ə.s) bu davranışı ilə əslində yalnız Məkkəni deyil, məkkəlilərin qəlblərini də fəth etdi. Əsl fəth də məhz elə bu idi; qəlblərin fəthi!..
ŞƏRHLƏR