BİR AYƏ

BİR AYƏ

Bir ayə

بسم الله الرحمن الرحيم

وَالَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمْ سُجَّدًا وَقِيَامًا

“Onlar gecəni də Rəbbi üçün səcdə və qiyamda (namaz qılaraq) keçirərlər”. (əl-Fürqan, 25/64)

Allah-Təala bu ayeyi-kərimədə möminlərin əsas xüsusiyyətlərindən birinin də məhz səcdə və qiyamla gecələmələri olduğunu bildirir. Ayədə qeyd olunan “qiyam / namazda ayaqda durmaq” ilahi əmrlərə hazır olmağın, “səcdə / Allahın əmrlərinə boyun əymək və Allaha bəndə olmaq məqsədilə ayaq, diz və əllərlə birlikdə alın və burunu yerə qoymaq” isə əsl bəndə olmağın, təvazökarlığın və təslimiyyətin ifadəsidir. Gücü çatan kimsə üçün namaz qılarkən qiyamda Qurani-Kərimdən uzun surələrdən oxuması çox fəzilətli bir əməldir. Çünki Peyğəmbərimizə (s.ə.s) “Hansı namaz daha fəzilətlidir?” – deyə sual verildikdə o: “Qiyamı uzun olan namaz”, (Müslim, Müsafirun, 165) - deyə cavab vermişdir. İnsan oğlunun nəfsinə ən çətin gələn əməllərdən biri isə səcdə etməkdir. Hətta şeytan belə səcdə etməkdən imtina etdiyi üçün əbədiyyən lənətlənmişdir. Belə ki, “səcdə etmək” insanın mənliyini və təkəbbürünü tərk edib heçliyini qəbul etdiyini və bütün səmimiyyəti ilə Rəbbinə təslim olduğunu göstərən bir davranışdır. Allah Rəsulu bu haqda buyurur: “Bəndənin Rəbbinə ən yaxın olduğu hal səcdə halıdır”. (Müslim, Səlat, 215) Uca Rəbbimiz də: “Səcdə et və (Rəbbinə) yaxınlaş!” (əl-Ələq, 96/19) – buyuraraq səcdənin nə dərəcədə önəmli və Allaha yaxınlaşdırıcı olduğunu bildirmişdir.

 Ayədə vurğulanan digər bir xüsus isə bu ibadətlərin gecənin bir vaxtında əda edilməsidir. Buna görə də mömin fərz, vacib və sünnə namazlarını əda etməklə yanaşı, gecə ibadətlərinə də əhəmiyyət verməli və əlindən gəldiyi qədər buna səy göstərməlidir. Gecəni ibadətlə keçirməyin əsas yolları isə, əlbəttə, namaz qılmaq, tövbə-istiğfar etmək, Qurani-Kərim oxumaq, zikr və dua etməkdir. Allah Rəsulu bir hədisində: “Fərz namazlardan sonra ən fəzilətli namaz gecə namazıdır”, (Müslim, Siyam, 202) - buyurmuşdur. Bir qüdsi hədisdə isə Uca Allah belə buyurur: “Bəndəm ona əmr etdiyim fərzlərdən başqa Mənim üçün daha sevimli hər hansı bir şeylə Mənə yaxınlıq edə bilməz. Bəndəm mənə nafilə ibadətlərlə daim yaxınlaşar”. (Buxari, Riqaq, 38)

Digər tərəfdən, gecə ibadətində hər hansı bir sərhəd olmamaqla yanaşı, önəmli olan çoxluğundan ziyadə davamlı olmasıdır. Çünki Peyğəmbərimiz (s.ə.s): “Əməllərin içində Allaha ən sevimli gələni, az da olsa, davamlı olanıdır”, (Müslim, Səlatül-müsafirin, 218) – buyurur. Elə isə Allaha yaxın olmaq istəyən mömin gecələrini əlindən gəldiyi qədər namaz, Quran tilavəti, zikr və dua ilə keçirməli və bunu mütəmadi bir şəkildə etməlidir ki, onun bu halından razı qalan Rəbbi feyz, bərəkət və rəhməti ilə ona böyük xeyirlər bəxş etsin.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz