POLAD KİMİ OĞULLARIN YETİŞMƏSİNİN YOLU HALAL QİDADAN KEÇİR

POLAD KİMİ OĞULLARIN YETİŞMƏSİNİN YOLU HALAL QİDADAN KEÇİR

 

Milli Qəhrəman Şəhid General-mayor Polad Həşimovun anası Səmayə ana:

“Polad kimi oğulların yetişməsinin yolu halal qidadan keçir”.

 

İrfan: Səmayə xanım, Polad kimi, Mübariz kimi oğullara hər elin, hər obanın, hər zaman ehtiyacı var. İstəyirik ki, gələcək nəsillər də bu qəhrəmanların yolunu davam etdirsin. Belə oğulların yetişməsi üçün də, əlbəttə, onları yetişdirən ana kimi analara ehtiyac var. Buna görə belə bir sual ilə başlamaq istərdik: Polad kimi oğullar necə yetişir?

Səmayə ana: Düz deyirsiniz, vətənpərvər övladın yetişdirilməsi, ona bu şüurun verilməsi lazımdır. Birinci bunu unutmamalıyıq ki, bunlar hamısı Allahın qismətidir; biz hər işimizə Allahın adı ilə başlayırıq, bismillah deyirik. Övladı, əvvəla, Allah verir, onu hansısa xasiyyətlə yaradır. İkinci də, dediyiniz kimi, böyüməyindən, mühitindən, tərbiyəsindən çox şey asılıdır. Onu deyim ki, Polad Həşimovun dilinə zərrə qədər haram dəyməyib. Biz onu halal loğma ilə, öz zəhmətimizlə, əl əməyimizlə böyütmüşük. Biz fəhlə ailəsi olmuşuq. Bu da Allahın bir qismətidir. Siz də məni bağışlayın, üzr istəyirəm, indi hamı körpəyə əmzik verir, qutu südü verir... Poladın dilinə heç əmzik də dəyməyib. Bir dəfə körpə vaxtı onun ağzına əmzik vermişdim ki, yatsın, mən ev işləri ilə məşğul olum. Bir də eşitdim ki, ağlayır. Əmziyi ağzına qoyanda üfürüb elə uzağa atdı ki, tapa bilmirdim. Ondan sonra bildim ki, əmziyi sevmir. Böyüdükcə də evdə gördüyü tərbiyə ilə ancaq halal qazancı öyrəndi, çünki evdə gözünü açandan gördüyü bu idi.

Polad 28 il Vətən yolunda can qoydu, general oldu. Cəbhə bölgəsində, Murovda, Daşkəsəndə çox əziyyətlər çəkdi. Orada təkcə zabit heyətinin deyil, bütün əsgərlərin sevgisini qazandı. Elə bil ki, bir müəllim kimi bütün tələbələrini bağrına basdı, onların qeydinə qaldı. Çünki o özü qayğı ilə, sevgi mühitində böyümüşdü.

- İndi bir çox gənc ailələrdə problemlər yaşanır, narazılıqlar olur. Sizcə nələrə diqqət etmək lazımdır?

- Düzdür, gənc ailələrdə söz-söhbətlər çox olur. İndi bir çox şeylər dəyişib. Biz o vaxtlar telefon görməmişdik (smartfonlar). İndi insanların günü telefonda keçir. Evimizdə bircə dəfə olsun ailə arasında başqa söz-söhbət olmayıb. Biz həyat yoldaşımla 36 il birgə yaşadıq. Yoldaşım uzun müddət xəstə yatdı. Yenə də, o 36 il müddətində ailəmizdə qətiyyən söz-söhbət olmadı. Yaxud evdə nə isə çatmırsa, evimizdə ondan ötrü dava-dalaş olmadı. Qənaətlə dolandıq. Uşaqlarımız da belə görüb belə götürdülər. Evdə pis söz eşitməyib ki dilində söyüş olsun, kimisə incitsin. Amma indiki zəmanədə bu işlər bir az çətindir.

Mən bunları evimizə gələn hər qonağa da deyirəm, hər yerdə dilə gətirirəm; birinci növbədə ana qızını gəlin köçürəndə ona düzgün tərbiyə verməlidir. Ailə qurmaqla iş bitmir, onu saxlamaq üçün fədakarlıq etmək lazımdır. İki dəqiqə çətinlik olan kimi ərizə yazırlar ki, mən boşanıram. Bu dəqiqə belə hallar çoxalıb. Bəs yaxşı, arada qalan körpə nə gördü, nə öyrənəcək? İki gün əvvəl Şəhidlər xiyabanındakı bir tədbirlə bağlı ora getmişdim. Bura bir nəfər gəlib, deyib ki, övladımız olub, adını Polad qoymuşuq; gəlib ki, məndən halallıq alsın. Bizi evdə tapa bilmədiyinə görə, dünən təzədən gəldi. Yoldaşıyla, uşağıyla gəlmişdi. Dedim ki, adını Polad qoymaq o demək deyil ki, o da Polad kimi olacaq. Onu gərək Poladı yetişdirən kimi yetişdirəsən. Soruşdum ki, uşağa nə yedirirsən, çünki gördüm ki, uşaq ağlayan kimi çantasından çıxardıb şüşədən nəsə verdi. Dedi ki, nə oldu yediririk. Yəni ki, fabrik yeməkləri yedirir. Dedim ki, əgər Polad kimi böyütmək istəyirsənsə, onu bil ki, Poladın dilinə əmzik (soska) dəyməyib, hökumət yeməyi yeməyib. Mən bilmirəm o yeməyi nədən hazırlayırlar. Uşaq südü nədən hazırlanır, tərkibində nə qədər ana südü var, hansı ananın südü var, kimin xasiyyətini götürəcək?.. Bizim vaxtımızda deyirdilər ki, ana südü olmazsa, körpəyə təmiz keçi südü verərlər. Amma indi marketdən alınan südlərin tərkibində nə var, bilmirik.

Bir digər yaralı yerimiz gənclərin əlindəki telefonlardır. Gənc ana uşağın ağzına əmzikli şüşəni verir, başı qarışır telefona. Uşaq gah soskanı boş çeynəyir, gah çirkli olur, diqqət edilmir. Mən şəxsən məəttəl qalıram. Mənim də gəlinim var. Poladın yoldaşından çox razı qalmışam. Mən ona necə dedimsə, maşallah olsun, o da uşaqlarına o şəkildə baxdı. Əvvəlki adətlərimizlə, uşağı bələmək, açmaq, hamısını öyrətdim; qolu düz olsun, ayaqlarında əyrilik olmasın, masaja gərək qalmasın... İndikilər uşağı bələmirlər, uşaq necəgəldi böyüyür. Uşaqların çoxunda sümük əyriliyi olur. Sonra başlayırlar masaja aparmağa. Həm masaja, pampersə pul çıxır, həm də sağlamlığı təhlükədə olur, qutu yeməklərinə pul gedir... Bəs onda ananın vəzifəsi nədir? Uşağı bu çətinliklərə dözərək böyütmək lazımdır. Mənim Poladımın boyu-buxunu, yaraşığı, əl-ayağının düzgünlüyü... bunu hamı görür, hamı bilir. Uşaq bələkdə, təbii ana südü ilə böyüməlidir. Əlbəttə, bütün günahı gənc ananın üstünə atmaq da düzgün deyil. Gənc atanın da məsuliyyətləri var. Atanın öz mövqeyi, fikri düzgün olmalıdır. Polad necə ki hərbidə öz fikrindən, düşüncəsindən dönmürdü, evdə də eləcə idi: mehriban, qayğıkeş və ciddi.

- Övlad itkisi, əlbəttə, böyük dərddir, ağırdır, Allah bütün balalarımızı qorusun. Şəhid olmaq, yəqin ki, övlad itkisində müəyyən qədər fərqlidir, çünki bu, ən uca amal uğrunda verilən bir itkidir. Bununla bağlı duyğularınızı bizimlə bölüşərdinizmi?

- Övlad itkisi elədir ki, şəhid oldu, yaxud başqa bir səbəblə oldu, ana üçün bunun fərqi yoxdur, çox ağırdır. Düzdür, hamımız bilirik ki, oğullarımızı vətənin dar günü üçün böyüdürük, oğlan düşmən çəpəridir deyirik. Onu da bilirik ki, şəhidlik özü böyük məqamdır, çox yüksək addır. Mənim üçün böyük bir qürurdur ki, Polad sınmadan, əyilmədən hər şeyin üzünə dik baxdı, heç nədən qorxmadı, çəkinmədi. Vətənimiz, millətimiz uğrunda canından keçdi. Həm ağır itkidir, çətindir, həm də qürurvericidir.

- Bu gün Azərbaycanda minlərlə şəhid anaları var və siz onlar arasında ağbirçəksiniz, sözünüz dinlənir, eşidilir. Hardasa şəhid analarının simvolu kimi qəbul edilirsiniz. Şəhid analarına səbir, mətanət tövsiyə etmək, yaxud gələcək həyatları barəsində sözünüz ola bilər, bu barədə nə demək istəyərdiniz?

-  Şəhid yaxınları öz davranışları ilə şəhidinə layiq bir tərzdə hərəkət etməlidir. Bəzən istisna olaraq neqativ hallarla da qarşılaşırıq. Şəhid analarına səslənmək istəyərdim ki, belə hallara yol verməsinlər. Hər bir hərəkətimizdə diqqətli olmalıyıq ki, övladımızın şəhid adına xələl gəlməsin. Biz şəhid ailəsi deyəndə bundan əvvəl şəhid olanları da, yəni Birinci Qarabağ müharibəsindən bəri bütün şəhid ailələrini nəzərdə tuturuq. Bütün anaları fikirləşmək lazımdır. Məclis yerlərində analara söz verib danışdırırlar. Bu zaman kənardan edilən təsirlərə qulaq asmamaq lazımdır. Belə hallarda diqqətli olmaq lazımdır ki, kiminsə xətrinə dəyməyək, gərəksiz mövzularla bir-birimizi incitməyək. 

- Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, bizə vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Mən də təşəkkür edirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz