DƏMİR YUMRUQ

DƏMİR YUMRUQ

Tarix: 27 sentyabr, 2020-ci il. Cəbhədən qaynar xəbərlər gəlməyə başlamışdı. Erməni quldurları Azərbaycan xalqının, ordusunun bu günə qədər göstərdiyi səbri, təmkini zəiflik olaraq anlamış olacaq ki, iştahı qabarmış, yeni torpaqlar ələ keçirmək məqsədi ilə postlarımıza hücum etmişdi. Amma onların bu son hərəkəti ordumuzun, dövlətimizin səbir kasasının daşmasına yetəcək bir damla olmuşdu. Ali baş komandanımız cəbhə boyunca əks-hücum əmri verdi...

Baş verənlər bütün xalqı həm həyəcanlandırır, həm də erməni havadarları hansı addımı atacaqlar deyə əndişələndirirdi. Savaşın ilk günləri idi, bir yandan cəbhədən ordumuzun irəlilədiyini eşidərək sevinir, bir yandan da şəhid xəbərləri ilə üzülürdük. Hər keçən gün həyəcanımız daha da artırdı. Çünki ermənilərin illərdən bəri cəbhə xəttində qurduqları müdafiə istehkam xətti yarılmış, ordumuz son sürətlə hədəfə doğru irəliləyirdi.

Gedişat xoşumuza gəlsə də, erməni havadarlarının bir gün bunu dayandırmaq üçün hərəkətə keçəcəyi narahatlığını da hiss edirdik. Ta ki, Ali Baş Komandanımızın ağzından: “Bizi heç bir qüvvə durdura bilməz!” sözünü eşidənədək. Qətiyyətlə söylənən bu söz bütün xalqda böyük bir inam yaratdı. Hər kəs öz prezidentinin, ordusunun ətrafında dəmir yumruğa döndü. Ön cəbhədə əsgərlər, arxa cəbhədə bütün xalq savaşırdı. Xalqımızın hər bir fərdi birlik olaraq əlindən nə gəlirsə edir, heç kim bu savaşda əsgərlərimizə kömək göstərməkdən geri durmurdu. Cənab Prezidentimiz İlham Əliyev bu halı iki kəlmə ilə çox gözəl ifadə etmişdi: “DƏMİR YUMRUQ”. Bu yumruq milliyyətindən, dinindən, böyüyündən, kiçiyindən, yaşlısından, cavanından asılı olmayaraq bütöv Azərbaycan xalqını təmsil edirdi.

Həmin tarixi məqamda “El gücü, sel gücü” atalar sözünün əyani sübutunu yaşayırdıq. Bu gücün qarşısını nəhəng dövlətlər belə kəsməyə cəsarət etmədi. O güclərin oturduqları yerdən  səsləndirdikləri qərəzli fikirlər isə haqq davamıza mane ola bilmədi.

Bu savaş sadəcə Azərbaycanın yox, başda Türkiyə olmaqla bütöv türk dünyasının, İslam coğrafiyasının dirçəliş mübarizəsi idi. Təsadüfi deyildi ki, Türkiyə üçüncü bir dövlətin müharibəyə qarışacağı təqdirdə qarşılarında Türkiyəni görəcəyini elan etməklə qalmamış, F-16 qırıcılarını Azərbaycanda hazır vəziyyətə gətirmişdi. Bütün dünya türkün birliyi qarşısında heç kimin dayana bilməyəcəyini müşahidə edir, dostlar sevinir, düşmənlər qudururdu.

Bir yandan müzəffər ordu hər keçən gün bir zəfərdən digərinə can atır, bir yandan da Ali Baş Komandanımız böyük güclərə, onların göndərdiyi jurnalist libaslı nümayəndələrə layiqli cavablar verərək bu savaşı siyasi, diplomatik arenada ən üst səviyyədə davam etdirirdi.

Möhtəşəm günlər yaşayır, tarixin nadirən şahid olduğu hadisələri tarix kitablarına qızıl hərflərlə yazırdıq. Cəbhədən gələn gözəl xəbərlərə sevinir, verdiyimiz şəhidlərlə daha da “qızışır”dıq.  Nəhayət, savaşın 43 gününü geridə qoymuş, Möhtəşəm Şuşa şəhərini mənfur düşməndən azad etmişdik. Bu, artıq ermənilərin məğlub olduqlarının elanı idi. Sadəcə bunu rəsmiləşdirmək lazım idi. Bu da 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli bağladıqları protokolla icra edilmiş oldu. Bu əslində Ermənistanın məğlub olduğunu qəbul etdiyi kapitulyasiya aktı idi.

Artıq müharibə bitmiş, BMT-nin verdiyi qərarı Azərbaycan təkbaşına icra etmişdi.

O möhtəşəm günlərin üzərindən bir il keçir. Bu bir il zərfində cəbhədəki döyüşlər bəlkə bitib, ancaq siyasi arenada mübarizə hələ də davam edir. Hələ də erməni havadarlarının təzyiqi dayanmır. Onlar bu nəticə ilə barışmaq istəmir, Ermənistanı 10 noyabrda bağlanan protokolda qeyd olunan öhdəlikləri yerinə yetirməməyə məcbur edirlər. Ancaq Müzəffər Ali Baş Komandanımız açıq şəkildə Dəmir Yumruğun hər an təkrar qalxıb düşmənin başına enə biləcəyini bildirdi.

Bu Dəmir Yumruğun çölü düşmən üçün çox sərt, içi isə xalqına göstərilən bağlılıq və şəfqəti tərənnüm edən pambıq kimi yumşaqdır. Bunu Prezidentimizin Türkiyənin Anadolu Ajansına verdiyi müsahibəsində bariz şəkildə görmək mümkün idi. O, Qarabağa ilk səfərlərini rəsmi çəkilişlə yox, xanımı Mehriban Əliyevanın çəkdiyi video ilə xalqa çatdırmasının təfərrüatlarını açıqlayarkən qeyd edir ki, mən Qarabağa səfərə gedəndə oranın sakinləri gözümün önünə gəlir, onların bu günə kimi nə qədər əzab-əziyyətdən keçdiklərini düşünürəm, ona görə istəyirəm ki, onlar mənim gözümlə doğma torpaqlarını görsünlər… - deyir və kövrəlir... Gözləri nəmlənir... Hətta müsahibə alan jurnalist də bu vəziyyətə dayana bilməyib ağlayır. Bax, budur öz xalqını özündə, vəzifəsində təcəssüm etdirən Prezident, budur xalqın hissiyyatını hiss edib ona reaksiya verən lider, budur çölü düşmənə qorxu salan, içi xalqına mərhəmətlə dolu olan DƏMİR YUMRUQ.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz