EŞQƏ DƏVƏT HƏYƏCANI
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Rəsulum!) De ki: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir!”. (Ali-İmran, 31)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Mövlana Cəlaləddin Rumi həzrətləri buyurur ki, Allahın (c.c) xəlq etmiş olduğu sayı-hesabı bilinməyən, canlı və cansız zərrələrdən kürrələrə kimi hər bir varlıq Xaliqinə yaxınlaşmaq və Ona qovuşmaq üçün tərifi imkansız olan bir eşq həyəcanı ilə daima çırpınmaqdadır. Varlıqların sərxoşedici ilahi eşq həyəcanına qərq olmasında müstəsna səlahiyyət sahibi olan insan övladının həyat verici bir rəhmət səltənətinə yiyələnmə ehtiyacı Haqqa qulluq məsuliyyətinin ən önəmli tələblərindən biridir. Bu aləmin kamil, mükəmməl və tayı-bərabəri olmayan bir nümayəndəsi kimi insan övladının ilahi mərhəmətin eşq adlanan və dolub daşan rəhmət həyəcanını ağlına, qəlbinə, ruhuna, cəsədinə və əməllərinə geydirərək bu ilahi əmanətlə Allaha (c.c) aparan eşq yolçuluğunda insanlar başda olmaqla bütün varlıqlara vüslət cığırı açması olduqca önəmli bir hadisədir. Hər bir insan bu eşq sərmayəsinə nə qədər sahib olduğunu araşdırarsa, əminəm ki, onu əbədi qurtuluşu üçün olduqca yetərsiz görəcəkdir. Demək bu istiqamətdə, bu əfsanəvi ilahi eşq ehtişamının nurundan xəlq edilmiş Hz. Muhamməd əleyhissalamın mərhəmətinə, hidayət çağırışlarına, cəhənnəmdən qurtuluş xəbərdarlığına, cənnətə nail olma dəvətinə, bir sözlə, onun mübarək varlığından süzülüb gələn Allaha tam təslimiyyət əxlaqına və daima Rəbbimizlə bərabərlik ədəbinə könlümüzün və əməllərimizin tükənmək bilməyən bir ehtiyacı vardır. Unutmayaq ki, bütün kainat ehtiyac duyduğumuz heyrətamiz bir eşq cövhəri üzərinə bina edilmişdir. Bir Haqq aşiqinin ifadəsiylə: “Eşq Qədimdir! Başlanğıcı başlanğıcsızlıq, sonu sonsuzluqdur. “Gizli bir xəzinə idim” cövhəri eşqdən zühur etmişdir. Görünən və görünməyən bütün aləmlər eşq üfüqləri üzərinə bina edilmişdir. Hər şeyi meydana gətirən eşqdir. Eşqsiz heç bir şey meydana gəlməz”.
Kainatın varlıq səbəbi olan bu eşqin tərif etdiyi kamillik yolunda irəliləmək o qədər də asan məsələ deyil. Sonsuz mərhəmət, hidayət və qurtuluşu özündə birləşdirən eşq yolçuluğunun mükəmməl bir sahibi və istiqamət vericisi Hz. Muhamməd əleyhissalama saf bir könül andı, könül sədaqəti və könül əxlaqı ilə sarılmadan, onda fani olmadan bu nəhəng və min bir təhlükə ilə əhatələnən Haqq yolçuluğunda əsla addım atmaq mümkün deyildir. Uca kəlamı və kainat kitabını Rəbbimizin quluna ehsan etdiyi mötəbər qəlb aynasında mükəmməl bir fərasətlə oxuyan, yaşayan və bunu yaşanılması üçün ümmətin qəlbi dərinliklərinə nüfuz edərcəsinə təbliğ edən Mövlana həzrətləri bu həqiqəti belə dilə gətirir:
“(Parlaq bir eşq üzərinə bina edilmiş) Haqq yolu çox təhlükəli və qapalı idi. Bu yolun açılma fədailiyini ilk olaraq Rəsulullah (s.ə.s) öz üzərinə götürdü və o yolu açdı. Hər kim bu yola girərsə, Rəsulullahın (s.ə.s) hidayəti və inayəti sayəsindədir. Çünki yolu O (s.ə.s) göstərdi və hər mərhələsinin işarətlərini qoyaraq sütunlarını inşa etdi. İnsanlara da səslənərək bunları söylədi: “Ey insanlar! Mənim göstərdiyim tərəfə gedin, başqa tərəflərə getməyin. Əgər başqa istiqaməti seçsəniz, həlak olarsınız”.
Əzəli və əbədi bütün varlıqlara əzəmətli bir eşq və rəhmət sultanı olaraq göndərilən Rəsulullahın (s.ə.s) varlıqları qucaqlayan heyrətamiz bir şəfqət və eşq rabitəsini görünməmiş bir heyranlıqla izləyən Hz. Əbu Bəkr Siddiq əfəndimiz özünü hamımıza örnək olacaq bu məhşur etirafdan saxlaya bilməmişdi: Hz. Əbu Bəkr bir gün Rəsulullaha (s.ə.s) baxdı və dedi:
“Nə qədər də gözəlsən, ya Rəsulallah (s.ə.s)! Sənə baxanda Uca Rəbbimizin yaratmış olduğu sayları bilinməyən hər bir varlıqda və onların hər bir zərrəsində istisnasız olaraq cərəyan edən əzəmət və hikmət, əxlaq və həya, ədəb və ziya, haqq və ədalət təcəllilərinin bir-birini mahiranə bir şəkildə tamamladıqları qocaman bir kainatı seyr edirəm”. Əziz dostu Əbu Bəkr həzrətlərinin kamil fərasətinə qarşılıq olaraq Allah Rəsulu (s.ə.s) bunları söylədi: “Biz bir aynayıq. Bizə baxan əslində öz həqiqətini müşahidə etməkdədir”.
Böyük eşq həyəcanı ilə qəlbləri dolu olan böyüklərimizin bizlərlə bölüşmək istədiyi bu incə mənalar hər birimizi İlahi Eşq səltənətinə dəvət edən çağırışlardır. Axır zamanın ağır şərtləri fonunda iman nemətinin inşa etdiyi mənəviyyat sərmayəsini daima itirmə təhlükəsi ilə üzləşən bizlərə bu çağırışlar bir qurtuluş zəmzəmi olaraq ikram edilməkdədir. Rəbbimiz əmsalsız eşqə dəvət həyəcanı ilə qaynayan və mükəmməl bir qulluq həyatı sürən qəlblərlə rabitəmizi daimi eyləsin. Amin!
ŞƏRHLƏR