HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Əziz Mahmud Hüdayi - 2
HAQQ DOSTLARINDAN HİKMƏTLƏR
Əziz Mahmud Hüdayi g - 2
Hüdayi həzrətləri buyurur:
Kim umar səndən vəfanı,
Yalan dünya deyilsənmi?
Muhammədi-Mustafanı,
Alan dünya deyilsənmi?
Dünya insanın müvəqqəti olaraq qonaq olduğu imtahan məkanıdır. Onun əsas xüsusiyyəti “fanilik”dir. Çünki bu aləmdə “bəqa” sifətinin heç bir təcəllisi yoxdur. Ayeyi-kərimədə belə buyurulur:
“Yer üzündəki hər kəs fanidir. Əzəmətli və kərəm sahibi Rəbbinin zatı isə əbədidir”. (ər-Rahmən, 26-27)
“Hər can ölümü dadacaqdır! Sonra siz Bizə qaytarılacaqsınız”. (əl-Ənkəbut, 57)
“…Ondan başqa heç bir ilah yoxdur. Ondan başqa hər şey yox olacaqdır. Hökm Onundur! Siz də Ona qaytarılacaqsınız”. (əl-Qasas, 88)
Hər insanın əcəli onun şəxsi qiyaməti olduğu kimi dünyanın əcəli də böyük qiyamətdir. Peyğəmbərlərin sonuncusu olan Rəsulullah r -in göndərilməsi, əslində, qiyamətin böyük xəbərçilərindən biridir. Artıq hər ötən gün o böyük partlayışa və əsas həyat olan axirətə addım-addım yaxınlaşmaqdayıq. Axirət isə sonsuz və əsl həyatdır.
Ona görə də arif olan möminlər həm özlərinin, həm də bu dünyanın ən mühüm vəsfi olan faniliyi heç vaxt yaddan çıxarmaz, daima kainatı axirət pəncərəsindən seyr edərlər.
Haqq-Təala ayeyi-kərimədə həqiqi mənada “bilən”lərdən olan saleh qullarının üç vəsfini belə bildirir:
“Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi?!). De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?!” (əz-Zumər, 9)
Rəbbimiz burada «يَحْذَرُ الْاٰخِرَةَ» “axirətdən çəkinən” buyurur. Yəni bu dünyada hər addımını axirət hesabını düşünərək atan, əbədi həyatda ilahi qəzəbə düçar olmaqdan çəkinən, bu səbəblə də axirətə hazırlıq dərdində olan qullarının həqiqi mənada “bilən”lərdən olduğunu bəyan edir.
Qurandan anladığımız mənada “cəhalət”dən qurtulub “bilənlər”dən olan hər möminin ən mühüm düşüncə və təlaşı bu olmalıdır:
- Mən Rəbbimə qarşı vəzifələrimi layiqincə yerinə yetirə bilirəmmi? Rəbbimlə aram necədir?
- Qulluq həyatımda nə kimi nöqsanlar var? Bu fani həyatımda Baqi olan Rəbbimi unutduğum məqamlar olurmu?
- Əsas həyat olan axirət hazırlığım nə haldadır? Nə zaman gələcəyi bəlli olmayan əcələ hazırammı?
Mömin mərifətullah yolunda məsafə qət etdikcə, yəni qəlbən Rəbbini tanıdıqca ilğıma bənzəyən dünyanın həqiqi üzünü görməyə balayar, axirətə rəğbəti artar. Dünya gözündə kiçilərək əhəmiyyətini itirər, qum dənəsindən heç bir fərqi qalmaz.
Yoxluqda məyus olmamaq, varlıqda həddi aşmamaq üçün hər vəsilə ilə “Əsas həyat axirət həyatıdır”[1] buyuran Peyğəmbər r də daima axirəti dünyadan üstün tuturdu.
Abdullah bin Məsud t belə deyir:
Bir dəfə Rəsulullah r həsirin üstündə yatmışdı. Yuxudan duranda mübarək vücudunda həsirin izləri görünürdü. Biz:
- Ya Rəsulallah! Sizin üçün bir döşək hazırlasaq yaxşı olar, - dedik. Rəsuli-Əkrəm r belə buyurdu:
“Mənim dünya ilə nə əlaqəm var? Mən bu dünyada bir ağac altında kölgələnən, sonra da miniyinə minib onu tərk edən yolcuya bənzəyirəm”. (Tirmizi, Zöhd, 44/2377)
Əbu Müveyhibə t da nelə nəql edir:
“Bir gün Rəsulullah r mənə belə buyurdu:
“Mənə Baqi qəbiristanlığında yatanlar üçün istiğfar etməyi əmr etdilər. Haydı, mənimlə gedək”.
Mən də gecənin bir yarısı Ona qoşulub getdim. Qəbiristanda yatanların baş ucunda dayanıb belə buyurdu:
“əs-Səlamu aleykum, ey qəbir əhli! İçində olduğunuz halınıza insanların içində olduğu haldan daha çox sevinin. Fitnələr eynilə zülmət gecə kimi gəlir. Sonra gələn əvvəlkini təqib edir (biri bitdikdə digəri başlayır). Sonrakı fitnələr ilk gələnlərdən daha ağır və sərt olur”.
Rəsulullah r daha sonra üzünü mənə tutub buyurdu:
“Ey Əbu Müveyhibə! Şübhə yoxdur ki, mənə dünya xəzinələrinin açarları ilə dünyada əbədi qalmaq, sonra da cənnətə girmək imkanı verildi. Mənə bunlar ilə Rəbbimə qovuşmaq arasında seçim haqqı verildi”.
Mən dərhal:
“Atam-anam Sənə fəda olsun, ya Rəsulallah! Dünya xəzinələrinin açarları ilə orada əbədi qalmağı, sonra da cənnətə girməyi seçsəydiniz!”- dedim.
Peyğəmbərimiz r isə:
“Xeyr, vallahi, ey Əbu Müveyhibə! Mən Rəbbimə qovuşmağı seçdim”, - buyurdu.
Sonra Baqi qəbiristanlığındakı möminlər üçün istiğfar edib geri qayıtdı. Bundan sonra Rəsulullah r-in vəfatı ilə nəticələnən xəstəlik və ağrıları başladı”. (Darimi, Müqəddimə, 14; Əhməd, III, 488-489…)
Hüdayi həzrətləri buyurur:
Hüdayi noldu bu dənli peyğəmbər?
Hanı Ömər, Osman, Bu-Bəkru Heydər?
Hanı Həbibullah, Siddiqi-əkbər?
Bunda gələn gedər, bir can əylənməz!..
Heç kim bu dünyada əbədi deyil. Allahın ən sevimli bəndələrinə belə yar olmayan dünya heç kimə yar olmayacaq. Ona görə də dünya mehmanxanasında əbədi qalacaqmış kimi vaxt keçirmək və ondakı cazibədar naxışlara könül bağlamaq dərin qəflət yuxusuna dalmaqdır. Stansiyada yatıb qalan sərnişin qatarı qaçırdığı kimi əbədiyyət yolçusu olduğunu unudaraq fani və nəfsani xülyalara dalanlar da axirətə əliboş gedən müflislərdən olarlar.
Ona görə Həzrət Əli t belə nəsihət etmişdir:
“Dünya arxasını çevirib gedir. Axirətsə üzü bizə sarı gəlir. Hər birinin özünə xas övladları (istəyəni) var. Siz axirətin övladı olun, dünyanın deyil!..” (Buxari, Riqaq, 4)
Unutmayaq ki, biz dünyaya deyil, axirətə iman etdik. Bu səbəblə dünya əhlinin fani varlıqları əldə etmək üçün göstərdiyi səydən daha artığını əsas və əbədi həyat olan axirətimiz üçün sərf etməliyik.
Allah-Təalanın bizə “nümunəvi nəsil” olaraq təqdim etdiyi mühacir və ənsar nəsli də axirət mərkəzli həyat yaşadı. Onlar nəbəvi tərbiyə altında sabah gedəcəkləri mənzilin qəbir olacağını dərk etdilər. Bu səbəblə də dünyanın bərbəzəyinə, cazibə və dəbdəbəsinə aldanmadılar. Lüks, acgözlük və israf səhabə nəslinin tanımadığı həyat tərzi idi. Fəthlər nəticəsində qənimətlərin Mədinəyə axdığı zaman xalqın rifah səviyyəsi yüksələrkən belə səhabə evləri ehtişama meyl etmədi.
Həzrət Ömər t xilafəti əsnasında belə maddi çətinliklər yaşayırdı. Yamaqlı paltar geyinir, dolanışığını çətinliklə təmin edirdi. Halbuki xəzinə qənimətlərlə dolu idi. Nüfuz sahibi olan bəzi səhabələr Hz. Ömərin qızı Həzrət Hafsa c-ın yanına gedib dedilər ki, atasına dolanışığını təmin edəcək qədər xəzinədən maaş almasını təklif etsin. Həzrət Hafsa bu təklifi atasına etdikdə Həzrət Ömər t qızına sual etdi:
- Qızım, sən Həzrət Peyğəmbər r-in zövcəsi idin. Mənə Rəsulullahın yemək-içmək xüsusundakı halını deyə bilərsənmi?
- Kifayət miqdarı idi, - cavabını aldıqdan sonra isə sözünə belə davam etdi:
- İki yoldaşım (Həzrət Peyğəmbər və Həzrət Əbu Bəkr) və mənim halım eyni yolda gedən üç yolçuya bənzəyir. Biri (Həzrət Peyğəmbər) məqamına çatdı. Digəri (Həzrət Əbu Bəkr) eyni yolla gedərək birinciyə yetişdi. Üçüncüsü (mən) də arxadan onlara çatmaq istəyirəm. Ağır yüklə getsəm, onlara çata bilmərəm![2]
Həzrət Ömər t fəthlərin çoxluğuna, xəzinənin zənginliyinə baxmayıb yaşadığı müddət ərzində kifayət miqdarından artıq olan heç nəyi qəbul etmədi. Heç vaxt dünya sərvətinə meyil etmədi.
Çünki onun ən böyük arzu və istəyi bu dünyada Allah Rəsulu r ilə olan bərabərliyinin axirətdə də davam etməsi idi. Ona görə də hər halında Rəsulullahla bərabər olmağa çalışaraq “İnsan sevdiyi ilə bərabərdir”[3] hədisi-şərifini həyatına tətbiq etdi. Onun kimi dünyaya etibar göstərməyib daima axirəti tərcih etdi.
Yəni səhabə nəslinin ən böyük dərdi əsas həyat olan axirət idi. Bu səbəblə axirətinə zərər vermə ehtimalı olan dünyəvi mənfəətlərə əsla etibar etmədikləri kimi axirətlərinə fayda verəcək bütün dünyəvi əza və cəfalara da qatlandılar. Bu şüurla dünyanın dörd bir yanına dağıldılar. Peyğəmbərimizin təbliğ məktublarını əmrə müntəzir cəlladların önündə böyük iman cəsarəti ilə krallara oxudular.
Bu hadisə də əshabın daima axirəti dünyaya tərcih etmə xüsusundakı könül həssaslığını əks etdirən ən gözəl misallardan biridir:
Rəsulullah r -in qapısında gecələyən, Onun dəstəmaz suyunu hazırlayan, ehtiyacı olan şeyləri gətirən[4] Rəbiə bin Kəb (Əbu Firas) t belə nəql edir:
Rəsulullah r bir gün (etdiyim xidmətlərin müqabilində) mənə:
- Ürəyindən keçəni söylə, onu sənə verim, - buyurdu. Mən də:
- Ya Rəsulallah, izin verin bir az fikirləşim, - dedim. Peyğəmbərimiz r:
- Yaxşı, fikirləş, elə cavab ver, - buyurdu.
Fikirləşib öz-özümə bu qərara gəldim:
“Dünyaya aid mənfəətlər çox keçmədən tükənir. Ən yaxşısı, mən axirətdə faydası olacaq bir şey istəyim”. Sonra Hz. Peyğəmbər r-in hüzuruna çıxdım. Məndən:
- Ehtiyacın nədir? – deyə soruşdu.
- Ya Rəsulallah, mənə şəfaət et ki, Rəbbin U məni cəhənnəmdən azad etsin! - dedim. (Başqa bir rəvayətə görə, axirətdə Peyğəmbərimizlə birlikdə olmağı istədi[5]) Rəsulullah r:
- Belə deməyi sənə kim öyrətdi? - buyurdu. Mən bu cavabı verdim:
- Vallahi, ya Rəsulallah, heç kim öyrətmədi. Lakin halımı götür-qoy etdim, gördüm ki, dünya heç kimə qalmır, zavala məhkumdur. Bu səbəblə də axirətə dair seçim etməyin daha doğru olacağını düşündüm.
Rəsulullah r də:
- Elə isə bu istəyinin yerinə yetməsi üçün çox səcdə edərək mənə kömək et! - buyurdu. (Əhməd, IV, 59)
Hər zaman axirəti dünyadan üstün tutan səhabələrin bu halını nə qədər təfəkkür edirik? Çünki Allah-Təala gözəlliklə onlara tabe olan, yəni onların fəzilətli hallarını səmimiyyətlə örnək alan möminləri Tövbə surəsinin 100-cü ayəsində mədh edir. Bu gün əlimizdə səhabə olmaq imkanı olmasa da, gözəlliklə onlara tabe olaraq Allahın rizasına nail olmaq imkanı qiyamətə qədər gələcək bütün möminlər üçün keçərlidir.
Abdullah bin Məsud t xanım səhabələrin könül dünyasından bir mənzərəni də bizə belə nəql edir:
“Səhabələrdən biri evinə gəldikdə xanımı dərhal ona bu iki sualı verərdi:
- Bu gün Qurandan neçə ayə nazil oldu?
- Allah Rəsulunun hədislərindən nə qədər əzbərlədin?
Səhabə evindən çıxarkən də xanımı ona:
- Allahdan qorx, haram qazanma! Biz bu dünyada aclığa səbir edə bilərik, lakin qiyamət günü cəhənnəm əzabına dözə bilmərik, - deyə nəsihət edərdi”. (Abdülhamid Keşk, Fi Rihabit-Təfsir, I, 26)
Həmçinin xanım səhabələr övladlarını yetişdirərkən onların fani dünyada parlaq gələcəyi naminə əsl gələcək olan axirətlərinə laqeyd qalmaqdan xüsusi səylə çəkinərdilər. Bu barədə Hüzeyfə t-ın bu xatirəsi çox mənalıdır:
“Anam məndən soruşdu:
- Hz. Peyğəmbərlə ən son nə zaman görüşdün?
Mən:
- Bir neçə gündür ki, Onunla görüşə bilmirəm, - dedim.
Mənə çox hirslənib danlamağa başladı. Mən də tez:
- Dayan, hirslənmə, anacan! Dərhal Rəsulullahın yanına gedib axşam namazını Onunla qılım, sonra da mənə və sənə istiğfar etməsini istəyim, - dedim”. (Tirmizi, Mənaqib, 30/3781; Əhməd, V, 391-392)
Fikirləşməliyik ki, əshabi-kiram övladını necə yetişdirirdi, biz necə yetişdiririk? Uşaqlarımızın maddi rifahını və dünyəvi gələcəyini düşündüyümüz qədər onların mənəvi halını və əbədi gələcəyini də düşünə bilirikmi?
Əlbəttə ki, hər valideyn üşüyən balasının üstünü örtər. Onu ən gözəl libaslar geyinmiş halda görmək istəyər. Lakin axirət inancına sahib olan bir valideyn daha çox övladının o biri dünyada cənnət ipəyindən atlas paltarda, yoxsa cəhənnəm atəşinin ortasında olacağının dərdində olar…
Bir valideyn həqiqətən övladını sevirsə, uşaqlarına qarşı həqiqətən mərhəmətlidirsə, onları kiçik yaşlarından etibarən namaza öyrəşdirməli, Allah və Peyğəmbər sevgisini qəlblərinə nəqş etməli, Quran təhsilinə əhəmiyyət verməlidir.
Bu həqiqəti heç vaxt unutmamalıyıq:
İnsanın bir yaxını vəfat etsə, buna çox kədərlənər, ayrılıq səbəbi ilə ürəyi yanar. Lakin zamanla acısı yüngülləşər. Ən böyük ayrılıq acısı isə qiyamət günündə yaşanacaq. Cənnətlik olan saleh qullara:
سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَح۪يمٍ
“Rəhmli Rəbb tərəfindən (onlara) “salam” deyilər”, (Yasin, 58) ayeyi-kəriməsi gərəyincə böyük ikram və iltifatla “cənnətə buyurun”, - deyiləcək.
Bunun əksinə, cəhənnəmlik olan günahkarlara da:
وَامْتَازُوا الْيَوْمَ اَيُّهَا الْمُجْرِمُونَ
“Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!” (Yasin, 59) deyiləcək.
O gün neçə-neçə ər-arvad bir-birindən ayrı düşəcək. Neçə-neçə ata-ana fərqli yolların yolçusu olacaq. Dünyada birlikdə yaşayanların bəzisi bir tərəfə, bəzisi başqa tərəfə gedəcək. Həzin ayrılıq günü olacaq…
Necə də ibrətlidir ki, Həzrət Nuhun ikinci xanımı və oğullarından Kənan, Həzrət Lutun xanımı, Həzrət İbrahimin atası Azər, Rəsulullah r -in əmisi Əbu Ləhəb həzin aqibətə düçar olaraq cəhənnəm yolçusu oldular. Peyğəmbərin qohumu olmaq belə onları əzabdan qurtarmadı.
Ona görə Peyğəmbərimiz r:
“Ey Rəsulullah Muhammədin qızı Fatimə! Ey (bibim) Safiyyə! Allah qatında məqbul əməllər işləyin! Çünki mən (qulluq etməyəcəyiniz təqdirdə) sizi Allahın əzabından qurtara bilmərəm!” - buyurmuşdur. (İbn Sad, II, 256; Buxari, Mənaqib, 13-14)
Biz də qiyamət günü hüznə qərq olmamaq üçün bu gün həm öz istiqamətimizə, həm də ciyərparamız olan övladlarımıza sahib çıxmalıyıq. Onların ilahi əmanət olduğunu bilməli, kiçik yaşlarından etibarən mənəvi tərbiyələri ilə yaxından maraqlanmalıyıq.
Hüdayi həzrətləri buyurur:
Doğru yola gedən ərlər,
Siratı bunda keçərlər.
Bilməz isən bu yolu gər,
Var bir bilirə sora gör!
Hulleyi bunda biçərlər,
Kövsəri bunda içərlər,
Cənnəti bunda açarlar,
Durma qapıyı vura gör!
İnsan bu dünyada ömür tarlasına nə əkibsə, axirətdə onu biçəcək. Bir sözlə, əbədi səadət və fəlakət də bu dünyada atılan addımların nəticəsidir. Axirətdə Siratı keçə biləcək olanlar bu dünyada iman, ixlas, təqva və saleh əməlləri ilə istiqamət üzrə olan möminlərdir.
Məşhur bir qissə var:
Haqq dostlarından Bəhlul Danəndə həzrətləri hikmətli və ibrətli sözlərlə dövrün insanlarına, xüsusilə də xəlifə Harun Rəşidə nəsihət edər, tez-tez onlara mənəvi dərs verərdi. Xəlifə də onun bu halını sevər, asanlıqla saraya girib-çıxmasına icazə verərdi.
Bir dəfə Bəhlul Danəndə xeyli müddət saraya baş çəkmədi. Qarşılaşdıqları zaman Harun Rəşid maraqla sual verdi:
- Bəhlul, neçə vaxtdır görünmürsən, haralarda idin?
Bəhlul bu cavabı verdi:
- Mənə cəhənnəmi göstərib oranın halını seyr etdirdilər.
Harun Rəşid bu cavab qarşısında çaşqınlıqla:
- Ora necə girdin, alov səni necə yandırmadı? -sualını verdi.
Bəhlul Danəndə bu mənalı cavabı verdi:
- Xeyr, orada heç alov görmədim. Çünki hər kəs öz odunu dünyadan gətirirmiş!..
Xülasə, iman nurundan və könül feyzi ilə əda edilən ibadətlərdən məhrum qalaraq, əyləncə, çılğınlıq, zülm və haqsızlıqla yaşanan nəfsani həyatla keçən qaranlıq bir dünya gecəsinin aydın əbədiyyət səhərinə açılmayacağı məlumdur. Dünya həyatının nəfsani bərbəzəyi aqibət solğunluğunun, qafil qəhqəhələri də cəhənnəm çatırtılarının xəbərçisidir.
Əbədi səadət günəşi isə yalnız ilahi bəyanlar işığında və istiqamət üzrə ömür sürüb rahat vicdan, səlim qəlb və üz ağı ilə axirətə köçə bilənlərin könül üfüqündən doğar.
Haqq-Təala hər birimizi əbədiyyət dəryası qarşısında bir damla hökmündə olan dünyaya könül bağlamaqdan, dolayısı ilə kiçik bir su gölməçəsində həlak olmaqdan mühafizə etsin.
Amin!..
[1] Buxari, Riqaq, 1.
[2] Bax. Əhməd, Zöhd, s. 125. Şehbenderzade Ahmed Hilmi, Tarihi-İslam, I, 367.
[3] Buxari, Ədəb, 96.
[4] Bax. İbn Sad, IV, 313.
[5] Bax. Müslim, Salət, 226.
ŞƏRHLƏR