ƏSL QƏHRƏMANLAR

ƏSL QƏHRƏMANLAR

44 gün davam edən “Dəmir yumruq” əməliyyatı 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın azad olunması ilə nəticələndi. Bu 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpağa bağlılığın, Vətən sevgisinin və şəhadətə qovuşmaq arzusunun nə qədər böyük olduğunu ortaya qoydu. Ali Baş Komandanın “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi. Ordumuz öz zəfəri ilə yazdığı bu yeni tarixlə xalqımızın qismən sınmış qürurunu, milli vətənpərvərlik ruhunu özünə qaytardı. Minlərlə igidimiz Vətən müharibəsi iştirakçısına çevrildi və on minə yaxın da müxtəlif yerlərindən yaralanmış qazilərimiz oldu. Ən ağırı isə üç min pəhləvan kimi igid, qoçaq oğullarımızın şəhadətə qovuşması idi.

Heç bir müharibə və Vətən müdafiəsi qurbansız olmur.  Ülvi niyyətlər və möhtəşəm zəfərlər hər zaman böyük qurbanlar tələb edir. Verilən şəhidlərimizin əvəzində illərlə həsrətini çəkdiyimiz ata-baba torpaqlarımıza qovuşduq. Bununla yanaşı, Xocalının və Birinci Qarabağ müharibəsində şəhid düşmüş soydaşlarımızın intiqamı alındı.

Bu tarixi zəfər yolçuluğunda nələrə şahid olmadıq... Xalq-ordu birliyi, dövlət-vətəndaş həmrəyliyi, dost-qardaş ölkələrin mənəvi dəstəyi və s. Bütün bunlar hamısı bizə qürur yaşadırdı. Ən böyük qürur isə kipriyi ilə qor götürüb min bir əzab-əziyyətlə böyütdüyü oğlunu itirdiyi üçün ürək ağrısı ilə dərd çəkən, hər kəlməbaşı kövrələn, gizlin-gizlin ağlayan, lakin “Təki Vətən sağ olsun!” - deyərək qamətini bükməyən, xalqımızın böyük sevgisini və hörmətini qazanan Şəhid Analarının öz dik duruşları ilə  gənc nəslimizin “torpaq”, “Vətən”, “Üçrəngli bayraq”, “Şəhid” kimi yüksək dəyərlər əsasında tərbiyələndirilməsində əsil Azərbaycan qadını kimi böyük rol oynadığının şahidi olmağımız oldu.

Bunu hamı çox gözəl bilir ki, milli ruhun, vətənpərvərlik hisslərinin gənc nəslimizdə oyanmasında və zəfər qazanmağımızda mərhum generalımız Polad Həşimovun şəhadətinin böyük rolu olmuşdur. Onun anası Səmayə ananın Azərbaycan qadınına xas dik duruşunu, 44 günlük Vətən müharibəsi ərəfəsində televiziya proqramlarında şəhid analarına verdiyi mənəvi dəstəyi heç vaxt unutmaq olmaz. Anamızın məşhur bir ifadəsi vardı: “Mən kabinet generalı yox, səngər generalı yetişdirmişdim”.  Böyük ürək sahibi Anamızın əllərindən öpürük.

Bir Ana da vardı ki, onun sözlərini şəxsən mən heç vaxt unutmaram. Özü Cəbrayıl rayonundan olan və illərdir köçkün həyatı yaşayan, şəhid övladını qaçqınlıq həyatında dünyaya gətirən, olmazın əziyyətini çəkən bu anaya səbir və təsəlli diləyən insanlara belə deyirdi: “Mən 24 yaşında oğlumu şəhid verdim. Əvəzində isə 28 ildir həsrətində olduğum Cəbrayılımı, Qarabağımı qazandım. Övladsız birtəhər dözmək, yaşamaq olar, ancaq torpaqsız və Vətənsiz əsla!..”  Bu sözü ancaq böyük bir ürək və mətanət sahibi Ana deyə bilər. Yəni Azərbaycan qadını, Türk qadını deyə bilər. Uca Allah belə Anaları qorusun! Səbir-dözüm versin!

İki övladını şəhid verən Nəhayət ana... Birinci oğlu Tural şəhid olmuşdu. Musadan isə xəbər alına bilmirdi. Turalın şəhadətindən qırx gün ötdükdən sonra Musanın da üçrəngli bayrağa bürünmüş tabutu gəlir. Bir ana üçün bu çox böyük dərddir. Amma bütün bu acılara baxmayaraq bu böyük ürək sahibi anamız da: “Mən Vətən üçün oğul böyütmüşdüm, Vətən sağ olsun! Onlar da həmişə deyirdilər ki, biz kişilər Vətən üçün yaranmışıq. Amma ana üçün ən böyük dərd  bir ayda ananın üstünə iki tabut gəlməsi imiş, çox böyük dərddir. İki oğul Turalındır, iki qız da Musanın, indi bizim təsəllimiz onlardır!” - deyərək öz mətanətini qorumaqdadır. Biz də deyirik ki: “Ana! Siz təkcə Tural ilə Musanın deyil, eyni zamanda bütün Azərbaycanın anasısınız!  O övladlar təkcə sizə yox, öncə dövlətə və daha sonra bizlərə əmanətdir. Sizin oğlanlarınız sizləri, xanımlarını və öz körpələrini gözü yaşlı qoydu ki, bizim analarımız, bacılarımız, xanımlarımız və uşaqlarımız xoşbəxt yaşasın. Biz daim Sizə və şəhidlərimizə borcluyuq!”

Mətanət timsalı analardan-xanımlardan yazmaq üçün nəinki bir yazı, bir kitab belə azlıq edər. Şəhid olmuş ərini son mənzilə öz çiyinlərində yola salan şəhid yoldaşınımı, orduya üç oğul göndərib bir oğlunu şəhid qarşılayan ananımı... Bu kiçik yazımıza o böyük insanlardan neçəsinin xatirəsini sığdıra bilərik?! Lakin bunu ümumi olaraq ifadə etməliyəm ki, əslində, o qəhrəman şəhidi dünyaya gətirən Analar özləri elə əsl qəhrəmanlardır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz