ELM, İRFAN VƏ XİDMƏT ƏHLİ QARDAŞIMIZDI Mərhum Ali Çınarın əziz xatirəsinə
Ali Çınar bəy elmi ilə amil, əxlaqı ilə kamil, irfan əhli, təqva sahibi, ədəb və nəzakət nümunəsi bir qardaşımızdı. Hər an qəlbində daşıdığı Allah yolunda xidmət eşqini həyat tərzi ilə də isbat edən könül əri idi.
Bəzi insanlar var ki, asanlıqla yetişməz, yerləri də asanlıqla doldurulmaz. Könül əhlindən olan bir xidmət insanının qədir-qiymətini təqdir edəcək heç bir dünyəvi ölçü yoxdur.
Həzrət Ömər (r.a) bir gün dostları ilə birlikdə oturarkən onlardan qəlblərindən keçən ən böyük arzularının nə olduğunu soruşdu. Aralarından kimisi:
“İçində oturduğumuz bu ev dolusu dinara sahib olub onu Allah yolunda xərcləmək itəyirəm”, – dedi. Kimisi:
“İçində oturduğumuz bu ev dolusu qızıla sahib olub onu Allah yolunda xərcləmək istəyirəm”, – dedi. Kimisi də:
“İçində oturduğumuz bu ev dolusu ləl-cəvahirata sahib olub onu Allah yolunda xərcləmək istəyirəm”, – deyə arzusunu dilə gətirdi. Lakin Həzrət Ömər (r.a):
“Daha çox istəyin!” - dedi. Bu zaman:
“Allahdan başqa nə istəyə bilərik?!” - dedilər. Həzrət Ömər (r.a):
“Mən içində oturduğumuz bu evin Əbu Übeydə bin Cərrah, Muaz bin Cəbəl və Hüzeyfətül-Yəmani kimi (hərtərəfli, kamil) insanlarla dolu olmasını və onları Allah yolunda təbliğ və irşad xidmətlərinə cəlb etməyi istərdim”, - dedi. (Bax. Buxari, Tarixus-sağir, I, 54)
Ali Çınar bəy də bizə Həzrət Ömərin bu təmənnasını xatırladan, ömrünü Allah yolunda xidmətə həsr etmiş qiymətli qardaşımızdı.
Rəsulullah (s.ə.s)-in məşhur Vida xütbəsini dinləyən təxminən 120 minlik səhabədən sadəcə 20 minə yaxınının Məkkə və Mədinədə dəfn edildiyi məlumdur. Bu həqiqət belə Allah yolunda xidmət eşqinin əshabi-kiram tərəfindən hansı fədakarlıqla yaşandığını ortaya qoyur. Çindən İstanbula, Afrikadan Qafqaza qədər gedib çıxan səhabələr getdikləri yerlərin torpaqlarında iman və irfan çiçəkləri cücərdən toxuma çevrildilər.
Ümid edirik ki, Ali Çınar qardaşımız da mərhum Hafiz Emin Kürşat Yetər övladımızdan sonra can Azərbaycan torpağına toxum olub düşən ikinci şəhidimizdir. Onlar dəfn edildikləri qəbirləri ilə də Allah yolunda xidmət eşqinin timsalı olaraq könüllərdə yaşamağa davam edəcəklər.
Rəbbimiz əbədiyyətə qədər onlardan razı olsun. Onları Peyğəmbərimizə qonşu etsin, cənnət və camalullahla şərəfləndirsin.
Rəbbimiz bu kimi elm və irfan əhli xidmət insanlarının yerini boş qoymasın. Ümməti-Muhammədi istiqamət əhli alim və ariflərdən məhrum qoymasın. Amin!
Bu fani göy qübbəsi altında xoş səda buraxaraq əbədiyyətə köçən əməlisaleh bənədələr necə də bəxtiyardırlar!..
ŞƏRHLƏR