CANIM QURBAN - AZƏRBAYCAN!
Şərəfli yaşamaq qədər şərəfli ölüm də əhəmiyyətlidir. Dünyada hər mədəniyyətdə fitri olaraq yaxşı da, pis də mövcuddur. Qərbə görə qurbağa, böcək, ilan kimi həşərat və heyvanları yemək iyrənc və pis ola bildiyi kimi, Uzaq Şərqdə bunlar təbii qida kimi istifadə edilir. Pis ilə yaxşı bu qədər insan zehnində fərqlənirsə, əsl pisi və yaxşını kim təyin edəcək? Əlbəttə ki, insanın və kainatın tək yaradıcısı olan uca Allah. O bizə kitabını peyğəmbərimiz vasitəsilə göndərərək onun mükəmməl dəyərlərə sahib olan həyatından nümunələr təqdim etdi. Kitabında dəyərlərin ən üstünü olan elmi, irfanı, şəhadəti öyrətdi. O bizə özümüzü tanımağı, dəyərlərimizi dinimizdən almağı, milli və örfi dəyərlərimizi də dini dəyərlərimizlə bərabər qorumağı öyrətdi.
Vətən sevgisi, bu uğurda olan şəhadət eşqi dinimizin bizim üçün təsis etdiyi ən zirvə fürsətlərdəndir. Namusu, dini, azanı, məscidləri, hər qarış torpağı uğrunda canından keçmək xalqımız üçün dəyərlərin ən üstünü olaraq görüldü. Xalqımız bütün bunları birliyi, bərabərliyi və bu uğurda verdiyi canları ilə sübut etdi. 2016-cı ildə 15 Temmuz (iyul) hadisələri qardaş Türkiyə Cümhuriyyətində qəhrəmanlığın rəmzi olmuşdu. Bu şücaəti xalqımız da 1990-cı ilin 20 Yanvar hadisələrində göstərmişdi. Tankların önünə öldürüləcəyini bildiyi halda atılmaq ancaq vətən, xalq, din, namus uğrunda ola biləcək hadisədir. Bunu başqa bir şey ilə izah etmək mümkün deyil.
Birinci Qarabağ müharibəsi itirilən canları əsla unutdurmaz. Xocalı bizim sinəmizə çəkilmiş bir dağdır. Aprel döyüşləri xalqımızın müdrikliyinin və diriliyinin sübutu, sonuncu Qırx dörd günlük döyüşümüz isə zəfərin qan ilə vurulmuş möhrüdür. Hər birində canlar getdi. Arzusu, diləyi, gələcəyi olan neçə-neçə canlar... Hər biri bizim üçün canını fəda etdi. Şairin dediyi kimi:
Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?
Şühəda fışqıracaq, torpağı sıxsan, şühəda!..
Geridə qalan başsız ailələr, atasız-anasız övladlar, övladlarını itirmiş ata-analar... Əslində onlar bizə buraxılan əmanətlərdir. O əmanətlər ki, heç bir şey etməsələr də, sadəcə varlıqları xalqımızı həyəcanlandırır, birlik içində yaşamağa sövq edir, görünmələri savaşın xatirələrini canlandırır. Qızıl üzük, bilərzik, boyunbağı yeyilib-içilmədiyi halda sadəcə görüntüsü ilə insanı fərqli bir hal və zənginlikdə göstərdiyi kimi, şəhidlərimizin yadigarı olan ata-ana və yaxınları bizim üçün mənəvi bir zənginlik, əvəzedilməz dəyər və birlik səbəblərimizdir. Onları təsəlli etmək borcumuz, göz yaşlarını silmək sevgimiz, dərdlərinə ortaq olmaq dini və milli vəzifəmizi idrakımızdır.
Peyğəmbərimiz Hz. Muhammədin (s.ə.s) əshabından heç biri: “Bizi bura niyə gətirdin? Bizi burada acından öldürdün! Rahat yerimizdən edib bizi əzabın ortasına apardın!” - kimi sözlər sərf etmədi. Hər biri peyğəmbərimizə könüldən inandı, onun vəd etdiyi ülvi dərəcələr uğrunda hər cür çətinliyə dözdü. Onlar ölümün hər növünün üstünə getdilər. “Allahım, əsas həyat axirət həyatıdır!” - dedilər. Biz bu cəsarət və sağlam inancı 44 günlük zəfər döyüşümüzdə də gördük. Düşündük; Bir Allahın qulu qorxub geri qaçmazmı?- deyə fikirləşdik. Ancaq həqiqətən bu qəhrəman xalqın bir övladı belə bir addımını geri atmadı. Güllənin üzərinə getdi, şəhadət uğruna hər şeyi gözə aldı. Necə möhtəşəm hisslər! Nə möhtəşəm cəsarət!..
Əlbəttə, bu hiss və duyğular bir anda ortaya çıxmadı. Məscidlərimizdə oxunan xütbələr, moizələr, vəzlər, edilən dini-mənəvi söhbətlər, verilən gözəl nümunələr gənclərimizin qəlbində sağlam iman və möhkəm iradə kimi özünü göstərdi. Kövrək qəlblərdən edilən dualar səmanın qapılarını açaraq aləmlərin Rəbbinə ulaşdı. Son savaşa qədər olan fəryadların, duaların boşa getmədiyini gördük. Hər məclisdə son sözümüz: İnşallah, Qarabağda!.. - deyə səsləndi. Bu da dualarımızın qarşılığı; Uca Allah bizə zəfər nəsib etdi.
İndi biz – bu əmanəti çiyinlərimizdə daşımaqda olan biz bütün bunları dərindən təfəkkür edərək tökülən qanların hədər olmadığını isbat etməliyik. Yeni nəsil yazılan bu tarixi unutmamalı, yaddaşlara həkk edərək daim yaşatmalıdır. Torpağın altına basdırılan bu şəhid toxumlar gələcəyimizin gəncləri ilə yeni meyvələr verməli, firavan həyat, güclü ordu, qüdrətli dövlət adını daim yaşatmalıdır. Bu uğurda şəhid verilən heç bir can boş yerə getmədi, hər biri bu uca amalı yaşatmaq üçün fədakarlıq etdi. Hər biri sevgisi uğrunda can verdi. Allah üçün, Vətən yolunda! Cihad etdilər. Mücahid oldular. Şəhid oldular. Şahid oldular. Qazilərimiz isə yaşayan şahidlərimiz olaraq daim zəfərin izlərini daşıyacaqlar.
Allahım, şəhidlərimizi rəhmətinlə qarşıla!
Allahım, onlar nəyin uğrunda can verdi isə, onun müvəffəqiyyətini xalqımıza göstər!
ŞƏRHLƏR