ƏYRİ QAŞIQ

ƏYRİ QAŞIQ

Prof.Dr.Əthəm Cəbəcioğlu xocamızın tez-tez Dr.Münir Dərmandan sitat gətirdiyini eşidəndə Münir Dərmanın “Allah dostu deyir ki” kitabını oxumağa başladım. Əthəm xocam birindən bəhs edirsə, sözlərindən və həyatından misallar gətirirsə, o şəxsdə həyat var deməkdir, boş adam deyil.

İxtisasca həkim olan Münir Dərman Mövlana kimi danışır:

Dənizin dalğası bəzən qabararaq sahilə vurarkən:

“Mən varam!” - deyə mırıldanar.

Dəniz də ona:

“Sən yoxsan. Mən varam!” – deyər...

Bəzən keçmiş ilə indikini müqayisə edir:

“Əvvəllər batini geniş, zəngin, xarici göstərişsiz, yaxşı insanlar var idi.

Bu gün göstərişli, maddəsi zəngin, batini bomboş insanlar var”.
Bəzən də maraqlı bir ifadə işlədərək düşünməyə vadar edir:

“Yalan çiçək açar!

Amma meyvə, əsla verməz!”
Mancınığa qoyulub atəşə atılmaqda ikən İbrahim peyğəmbər (ə.s): “Allah bizə yetər, o nə gözəl vəkildir!” – deyirdi. Peyğəmbərimiz (s.ə.s) də eyni sözü “Müşriklər sizə qarşı yığışdılar, başınızın çarəsinə baxın!” deyiləndə söyləmişdi. Bu zaman müsəlmanların imanları artmış və hamısı birlikdə: “Allah bizə yetər, o nə gözəl vəkildir!” deyərək təslimiyyət göstərmişdilər. (Buxari, Təfsir, 3/13) Bu gün səhnədə, idmanda, mediada və virtual aləmdə çiçəkləyən, lakin meyvə verməyən yalanlarla əhatə olunmuş, sanki mühasirəyə alınmışıq. Yalanlara qarşı “Həsbunallah və niməl vəkil” demək də iki peyğəmbərin sünnəsidir.
Bəzən:

“Hər kəs:

“Mədəm ağrıyır, başım ağrıyır, qarnım ağrıyır, oram ağrıyır, buram ağrıyır!..” - deyib xəstəxanalara doluşur.

Heç kəs bu vaxta kimi yanıma gəlib:

“Könlüm ağrıyır, dərmanı nədir?” – deyə soruşmadı”, - deyərək insanların halından gileylənir.

Rəsulullahın əshabı “mən münafiq oldum!” deyərək qorxuya qapılar, “qəlbim qatılaşdı, mərhəmətim azaldı!” deyərək narahat olardı. Bu gün tək şikayəti yediyi, içdiyi, geyindiyi, istehlak etdiyi ilə bağlı olan insanlara göy üzünün başqa rənginin də olduğunu necə xatırlatmaq olar?
Münir Dərman xocanın kitabının 3-cü cildinin 203-cü səhifəsində bu sətirlərin altından xətt çəkdim:

“Yediyin ruzinin halal olduğunu dəqiq bilirsənsə, əlinlə ye...

Edə bilməyəcəyin, bəyənməyəcəyin bir sözüm də var.

Onu bir hekayə, xurafat kimi dinlə;

Taxta qabdan ye! Taxta qaşıqla ye!

Həm də yerdə oturaraq.

Bilirəm, olmaz, yenə də dedim bir dəfə.

Gülərək yola ver!

Ən yaxşısı da elə budur...”

Taxta qaşıq və taxta qabda yemək tövsiyəsini oxuduğum gün İstanbuldan bir dostum bizim tərəflərə gələcəyini deyərək “nə gətirim?” deyə soruşdu. Mən də “taxta qaşıq” dedim. Münir Dərman xocanın taxta qaşıq tövsiyəsini həyata keçirməyə niyyətləndim.

Bir neçə gün sonra yeməyi taxta qaşıqla yeməyə başladıq. Taxta qaşıqlar və saxsı qablar cilalı/laklı olduğu zaman par-par parıldayar, amma qaynar yeməyə salınanda sağlamlıq üçün zərərli olar. Yaxşı ki, gələn qaşıqlar laksız idi. İnsandakı “daha ağ”, “daha təmiz”, “daha parlaq” kimi vəsvəsələr həqiqətən çox zərər verir.

Qazaxıstanda bir zaman mədrəsədə çörək bişirməyə başlamışdıq. Çörəyin üzü parlaq olsun deyə üstünə kimyəvi maddə çəkilir və çörəyin üzü klyonka kimi parıldayır. Əvvəllər bunu yumurta ilə edirmişlər. Yumurta baha olduğuna görə, hər kəs çörəyə kimyəvi əvəzedici sürtməyə başlayıb. Biz isə “qoy çörəyin üzü parıldamasın, amma yetər ki, təmiz olsun” deyərək kimyəvi maddədən imtina etdik.

Türküstanın Piri sayılan Əhməd Yəsəvi həzrətləri dolanışığını taxta qaşıq və çömçə düzəldərək təmin edərmiş. İmam Əzəm Əbu Hənifə həzrətləri tacir idi. Çörəyini qaşıqdan çıxardan Yəsəvi həzrətləri dini elm təhsilindəki hər kəs üçün nümunədir. İnsanın öz əməyi ilə qazancını təmin etməsi, maaş, zəkat və ya sədəqə gözləməməsi çox mühümdür. Əslində, hər sənətin piri (ustadı, müəllimi) var:

Tacirlərin Piri: Hz. Muhamməd (s.ə.s)

Səyyahların Piri: Hz. İsa (ə.s)

Çobanların Piri: Hz. Musa (ə.s)

Dülgərlərin Piri: Hz. Nuh (ə.s)

Təbiblərin Piri: Hz. Loğman (ə.s)

Dərzi və yazıçıların Piri: Hz. İdris (ə.s)

Saatsazların Piri: Hz. Yusuf (ə.s)

Balıqçıların Piri: Hz. Yunus (ə.s)

Bərbərlərin Piri: Salman Farisi (r.a)

Hər qoyunun dərisindən pust olmadığı kimi, hər ağacdan da qaşıq çıxmaz. Taxta qaşıqların ağızı və dili yandırmadığını gördüm. Taxta qaşığı hər dəfə əlimə götürəndə taxta tabut ilə arasındakı əlaqəni xatırladım. Paslanmayan, par-par parıldayan qaşıqlar nə qırılır, nə də əyilir. Açıq qalsa da aylarla axmağa davam edən kranlar, sönmədən bizi aydınladan lampalar, heç bitməyəcəkmiş kimi gur yanan təbii qaz və limitsiz internet paketləri bizə ölümü unutdurur. Əlimizə götürdüyümüz taxta qaşığın qaralması, çatlaması və qırılması bizə “Ey insan! Bu gün varsan, sabah yox!” mesajını verir. Əldəki qaşıq qaralırsa, qəlblər qaralmazmı? Əldəki qaşıq qırılırsa, qəlblər qırılmazmı?

Bir neçə ay sonra taxta qaşıqlarım əyilməyə başladı. Sənsənmi “İrfan” jurnalına “əyri çay”, “əyri körpü”, “əyri minarə” deyə yazılar yazan! Al, bu da sənə “əyri qaşıq!”. At sahibinə görə kişnəyər deyirlər. Görəsən, qaşıq da sahibinə görə düz, yaxud əyri olar? Qaşığı əlimə götürdüyüm zaman ona “səni işlədənə bənzəmisən” deyirəm. Birlikdə gülürük...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz