DİNİ İNANCIN PSİXOLOJİ İNKİŞAFI
Doğumdan qabaq başlayan həyat macərası, doğumla birlikdə sürətli bir şəkildə davam edir. Bu mənada erkən uşaqlıq dövrünün nə qədər əhəmiyyətli olduğu aşkardır. Eynilə “Ağac yaş ikən əyilər” atalar sözündə verilmək istənən mesaj da budur. Təhsil baxımından erkən uşaqlıq dövründə həm valideynlər, həm də məktəbəqədər bağça müəllimlərinin müsbət hərəkət və davranışları uşağın gələcəyinin formalaşması baxımından çox əhəmiyyətlidir. Sosioloji mənada cəmiyyətlərin sağlam inkişafı, gələcəyin formalaşması və ictimai dəyərlərin daşıyıcısı olmaları baxımından da erkən uşaqlıq dövrü olduqca mühümdür. Fərd baxımından inkişaf sahələrinin ən ciddi dövrlərinin yaşandığı və fərdin sağlam inkişafının təməllərinin formalaşdığı bir dövrdür. Sadəcə bu nümunə belə, bu dövrün əhəmiyyətinin nə qədər çox olduğunu göstərmək üçün kifayətdir: uşağın idrak inkişafının 50% -nin 4 yaşına qədər, 4 yaşından 8 yaşına qədər 30% -nin, 8-17 yaş arasında isə 20% -nin inkişaf etdiyi müəyyən edilmişdir.
Bu baxımdan uşaqlıq dövrü fərdin sonrakı həyatının təməllərini meydana gətirməsi və xarakterinin formalaşdığı dövr olması baxımından olduqca əhəmiyyətlidir. Yuxarıda qeyd etdiyimiz kimi, fərd özünün yetkinlik çağına hazırlıq davranışlarının çoxunu kiçik yaşlarda öyrənir və bunlar onda dərin izlər buraxır. Hətta bəzi psixoloqlar şəxsiyyətin formalaşmasının 90%-nin uşaqlığın ilk 6 ilində reallaşdığını irəli sürürlər. Bu bizə uşaqlıq dövründəki təlim-tərbiyəyə əsla laqeyd qalınmamasının zəruri olduğunu göstərir.
Digər inkişaf pillələrində olduğu kimi, dini inancın inkişafı baxımından da uşaqlıq və gənclik dövrünün özünə xas bəzi xüsusiyyətləri vardır. Bunların başında uşaqların asan inanması, mən mərkəzçi bir üsuldan “spontan” bir dini təcrübə ilə antropomorfik bir Allah anlayışına sahib olma kimi xüsusiyyətlər gələrkən, gənclik dövründə mücərrəd düşünmə qabiliyyəti inkişaf edir, dini mövzularda qərarsızlıq və şübhə hakim olur və vicdan inkişafı sürətlənərək dini mövzuları konkret olaraq qəbul etməyə başlayırlar.
Fərdin gənclik və yetkinlik dövründəki dini inanc, duyğu, hərəkət və davranışlarının təməli, əsasən, uşaqlıq dövründə atılır. Buna görə də veriləcək yaxşı bir təhsillə uşaqda din duyğusu sağlam inkişaf edə biləcəyi kimi, səhv, ya da məcburi bir təhsil vermək surəti ilə ondakı din duyğusunun pozulmasına, hətta dindən uzaqlaşmasına da şərait yarana bilər. Uşağa sağlam və təsirli bir din təhsili verə bilmək üçün onun fiziki, psixo-sosial və zehni inkişaf sahələri ilə birlikdə, dini inkişaf xüsusiyyətlərinə də diqqət edilməsi son dərəcə əhəmiyyətlidir.
Dini inancın formalaşdığı mərhələdə insan həyatındakı müəyyən fizioloji və psixoloji xüsusiyyətlərin önəmli olduğu dövrlərə də diqqət çəkmək lazımdır. Psixoloqlar bu xüsusiyyətlərə görə insan həyatını müxtəlif dövrlərə ayırmışlar. Ancaq burada bunu da qeyd edək ki, insan həyatını qəti yaş hədləri ilə məhdudlaşdırmaq, şübhəsiz, mümkün deyil. Çünki genetik xüsusiyyətlər, qidalanma, sağlamlıq vəziyyəti, fiziki ətraf-mühit (yaşayış və iqlim şərtləri və s.) və ictimai ətraf-mühit (sosial-mədəni və iqtisadi şərtlər) insanın inkişafına təsir edən əhəmiyyətli faktorlar olduğu üçün bu mövzuda insandan insana bəzi fərqliliklər görülə bilər.
Dini inkişafla əlaqədar araşdırmalar dini bəzən güvən, sevgi, qorxu, bağlanma kimi duyğularla əlaqələndirdikləri kimi, bəzən də digər duyğulardan müstəqil bir şəkildə fərdi inkişaf edən xüsusi bir duyğu sahəsi olaraq qiymətləndirir. Xüsusilə Qərb qaynaqlı araşdırmaların bir qismi erkən dövrlərdən etibarən inkişaf edən dini duyğunun varlığını böyük nisbətdə qəbul edir. Bu mənada idrak ictimai və əxlaqi inkişafda olduğu kimi, dini inkişafda da hər yaş dövrünün özünə xas xüsusiyyətləri vardır və din təhsilində bu xüsusiyyətlər diqqətə alınmalıdır.
Son olaraq qeyd edə bilərik ki, uşaqlarda və gənclərdə dini düşüncənin inkişafına müsbət, ya da mənfi təsir göstərən bir çox faktor vardır. Ancaq bunlar arasında yaş, cinsiyyət, şəxsiyyət və xarakter xüsusiyyətləri ilə ailə quruluşu və mövqeyi daha çox əhəmiyyət kəsb edir. Bütün bu xüsusiyyətlər onların Allah inancı və təsəvvürünə də təsir edir. Bu səbəbdən uşaqların dini təhsilində və gənclərin dini mövqelərinin dəyişməsində, bütün bu fərqli xüsusiyyətlər göz önünə alınaraq, müasir təhsil qanunu və prinsipləri işığında “qısa, mənalı, sevgiyə əsaslanan, sadə və açıq” bir dini təhsil verilməli və gənclərlə iş görərkən onların psixoloji vəziyyətləri nəzərə alınmalıdır.
ŞƏRHLƏR