ZƏFƏR DASTANI
Zəfər dastanı
Şəhid-şəhid açılan tarix səhifələri,
Vərəqləndi yenidən, görün, yazdı nələri;
Bir şərəf abidəsi ucaldı Qarabağda,
Al laləyə büründü, bəzəndi qara bağ da.
Şəhadət şərbətini içdi neçə ərənlər,
Ölüm qusdu düşmənə, ölümü öldürənlər.
Gözlər yaşıl düzlərdən mavi səmaya baxdı,
Şəhidlər ay-ulduzu qızıl sinəyə taxdı.
Sevinc göz yaşlarını tuta bilmədi gözlər,
Tarixi yazmaq üçün dilə gəldi bu sözlər...
***
Dağ başında Şuşam qaldı, ağladı,
Minarəsi qoşam qara bağladı.
Gövhərağa, neçə illər gözlədi,
“Allahu əkbər” səsini özlədi.
Məscidimiz, minbərimiz kirləndi,
O pak yerdə natəmizlər hərləndi.
Nə Vaqifi, Natəvanı bildilər,
Əllərinə keçən izi sildilər.
El-obamız talan oldu, soyuldu,
Quran yurdum viran günə qoyuldu...
“Yetər!” dedi, qeyrət bizi səslədi,
Yetər artıq, könül qorxu bəslədi.
Xanın səsi ürəklərə toxunsun!
Bu şikəstə yeni başdan oxunsun!
* * *
Tovuzda qəfildən bir məşəl yandı,
Bir payız günündə torpaq oyandı.
Düşmənin atdığı xain bir güllə
Polada dəymişdi - əyilməz qüllə.
Qığılcım sıçradı bütün ellərə,
Polad mənlik olub düşdü dillərə.
“Vaxtıdır!” deyildi, fərman verildi,
Cəngə səfərbərlik elan edildi.
İgidlər yığışdı, polad biləkli,
İgidlər yığışdı, şəhid diləkli.
Birləşdi ürəklər, birləşdi əllər,
Mübariz bir selə çevrildi ellər.
Üçrəngə boyandı küçələr, evlər,
Ay-ulduz eşqiylə coşdu könüllər.
Dəmir yumruq kimi yüksəlib indi,
Endi, o, düşmənin başına endi.
Ali Baş Komandan dedi: “İrəli!”
Yansın hər ocaqda “Zəfər məşəli!”
***
Vidalaşdı igidlər, sevdikləri kəslərlə,
Dedilər inam dolu, iman dolu səslərlə:
“Çıxdığımız bu səfər çox müqəddəs səfərdir,
Sonu ya şanlı ölüm, yaxud şanlı zəfərdir!..”
Əvvəlcə Madagizdən xəbər gəldi yayına,
Suqovuşan qovuşdu, öz tarixi adına.
Sonra Cəbrayıldan da sevincli xəbər gəldi,
Ordumuz dəlinməyən düşmən səddini dəldi.
Arxasınca Zəngilan, Xudafərin körpüsü,
Qubadlıdan atıldı əsarətin örtüsü.
Düşmən gördü, qudurdu, aşdı, həddini aşdı,
Gəncəyə raket atdı, cinayətə bulaşdı.
Bərdə, Tərtər, hər yana atdı qanlı pəncəni,
Xalq daha da qızışdı, xatırlayıb Gəncəni.
Birləşib yumruq kimi atıldılar irəli,
Yoxdur bükə bilən kəs, birlik olan bir əli.
İgidlər lövbər atdı doğma Laçın yoluna,
Düşməni qorxu sardı, gəlmiş yolun sonuna.
Şuşaya cəm edildi, bütün texnika, sursat,
Dedilər son qaladır, geri durmayın; heyhat!
Yüzillik xəyanətlər, gizli işlər, planlar,
Artıq suya düşmüşdü o məsnədsiz yalanlar...
* * *
Şuşa – alınmaz qala, bu gün alınmalıydı,
Kimin qalasıdır o, yada salınmalıydı.
Sıldırım qayalarda əliyalın igidlər
Süngü ilə, bıçaqla, ölümə gülürdülər.
Çiynində yaralanmış cəbhə dostu, dırmaşır,
İlahi, ölmək üçün qəhrəmanlar yarışır.
Nəfəs qədər yaxında dayanan ölümmüdür?
Yoxsa açıb qolların, gözləyən gülümmüdür?
Xeyr, məqsəd nə ölüm, nə gülə qovuşmaqdır,
Məqsəd bu ulu xalqa kişi tək yaraşmaqdır.
“Bir millət, iki dövlət!” budur bizə yaraşan,
Düşmənin gözlərinə kül üfürdü bu tufan.
Göydən dəqiq zərbələr, yerdən dəqiq zərbələr,
Döyüş necə olurmuş, dünyaya dərs verdilər.
Şuşa bir dastan oldu cəsarət tarixində,
Bərələn gözlərində heyrət var tarixin də.
Qırx dörd günə sığarmış, otuz ilin həsrəti,
Budur, qəhrəman xalqın qəhrəman məharəti.
Yüksəldi şanlı bayraq, yüksəldi azan səsi,
Artıq özünə gəldi, vətənimin nəşəsi.
Kişiliyin hünəri mərdlikdir, şücaətdir,
Zirvəsi haqq yolunda ilahi şəhadətdir.
* * *
Kök salıb vətənin yamaclarına,
Çevrildi şəhidlər baş taclarına...
Atalar, analar, qızlar, oğullar,
Gəlib baş əydilər, çiçək qoydular.
O dağlar, qayalar abidə oldu,
Seyr edən ananın gözləri doldu.
Bir əsgər özünə səngər qazmışdı,
Səngərin yanında bir qaya üstə,
Oyub daş qayanı çevirib büstə,
Belə yazmışdı:
Şəhidlik ən yüksək zirvədir, ana!
Peyğəmbər çağırır, göyə baxsana!..
ŞƏRHLƏR