BİR HƏDİS
عَنْ أَبِي هُرَيْرَةَ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ اللهَ تَجَاوَزَ لِأُمَّتِي مَا حَدَّثَتْ بِهِ أَنْفُسَهَا، مَا لَمْ يَتَكَلَّمُوا، أَوْ يَعْمَلُوا بِهِ
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Allah dilləri ilə söyləmədikcə və ya əməli olaraq həyata keçirmədikcə ümmətimi qəlblərindən keçirdikləri səbəbilə sorğu-suala çəkməz". (Müslim, İman, 201)
Rəvayət olunduğuna görə, "Siz ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah buna görə sizi hesaba çəkəcək" (əl-Bəqərə, 2/284) ayəsi nazil olduqda bu xəbərdarlıq səhabələrə çox ağır gəlmiş və toplanaraq Rəsulullahın (s.ə.s) hüzuruna çıxmışdılar. Onlar: “Ya Rəsulallah! Biz namaz, oruc, cihad, sədəqə kimi gücümüzün çatacağı əməllərdən məsul olduq. İndi isə bu ayə nazil oldu. Halbuki bizim bunu etməyə gücümüz çatmayacaq”, - dedilər. Rəsulullah (s.ə.s) onları dinlədikdən sonra belə buyurdu: “Yoxsa siz də sizdən öncəki əhli-kitab kimi eşitdik və qəbul etmədik demək istəyirsiniz?! Siz, eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş yalnız Sənədir, - deyin”. Səhabələr bu ayəni oxumağa başladılar, oxuduqca dilləri öyrəşdi və qəlbləri aram tapdı. (Müslim, İman, 199)
Beləliklə, Allaha boyun büküb yalvardıqlarına, istiğfar edib bağışlanma diləmələrinə görə bu ayə nazil oldu: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər”. (əl-Bəqərə, 2/286) Bu ayənin nazil olmasıyla səhabələrə güclərinin çatmadığı və əllərində olmayan işlərdən ötrü hesaba çəkilməyəcəkləri bildirilərək narahatçılıqları ortadan qaldırıldı.
Buraya qədər qeyd etdiklərimizdən anlaşılır ki, insanın arzu və iradəsi xaricində içindən keçirdiyi mənfi düşüncələrin heç bir hökmü yoxdur. Namaz qılarkən içindən keçirdiyi hansısa bir düşüncə səbəbilə insanın namazını yenidən qılmasına ehtiyac olmadığı kimi, Uca Allah insanın qeyri-ixtiyari fikrindən keçirdiyi pis hissləri və vəsvəsələri də cəzalandırmaz. Bir qüdsi hədisdə Allah-Təala mələklərə xitab edərək belə buyurmuşdur: "Qulum pis bir iş görməyi ürəyindən keçirsə, dərhal bunu onun əleyhinə yazmayın! Əgər o pis əməli edərsə, onda onu bir günah kimi yazın. Yaxşı bir əməli etməyi könlündən keçirsə, lakin bu əməli edə bilməsə, onu bir savab olaraq yazın. Əgər o yaxşı əməli etsə, bunu on qat savab olaraq yazın!". (Müslim, İman, 203)
Nəticə olaraq, insan qəlbindən müxtəlif düşüncələr keçirə bilər. Qeyd etdiklərimizdən məlum olur ki, insanın qəlbindən keçirdikləri dildən sözə, düşüncədən əmələ çevrilmədikcə onun üçün məsuliyyət səbəbi deyildir. Lakin bununla yanaşı, insanın düşüncələrini də təmiz tutmağa çalışması lazımdır. Çünki mənfi düşüncələr insanda çoxaldıqca bir müddətdən sonra bu düşüncələrin sözə və əmələ çevrilməsi qaçınılmaz olur.
ŞƏRHLƏR