YETİŞMƏKDƏ OLAN AZƏRBAYCAN GƏNCLİYİ АRTIQ ÖZ TÖHFƏLƏRİNİ VERİR!

YETİŞMƏKDƏ OLAN AZƏRBAYCAN GƏNCLİYİ АRTIQ ÖZ TÖHFƏLƏRİNİ VERİR!

Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin dekan müavini Prof. AKİF KÖTEN: YETİŞMƏKDƏ OLAN AZƏRBAYCAN GƏNCLİYİ АRTIQ ÖZ TÖHFƏLƏRİNİ VERİR!

Prof. Akif Köten kimdir?

Prof. Akif Köten 1951-ci ildə Samsunun Ladik ilçəsində dünyaya gəlib. 1963-cü ildə Çorum İmam-Xətibdə orta məktəb təhsilinə başlayıb, 1969-cu ildə buranı bitirib. Həmin il İzmir Yüksək İslam İstitutuna daxil olub, 1973-cü ildə buradan məzun olub. İslam İnstitutunda oxuduğu illərdə 3 il imam vəzifısində çalışmışdır. Sonra Ankara müfti yardımçısı və vaizlik vəzifəsində çalışıb. 6-7 il Diyanət İşləri Başqanlığında fəaliyyət göstərdikdən sonra 1976-cı ildə Fassa İmam Xətib liseyi müəllim kadrosuna daxil olub. 1977-ci ildə Bursa Yüksək İslam İnstitutunda hədis assistenliyi imtahanı ilə oraya daxil olaraq elmlər namizədi adına layiq görülüb. 1982-ci ildə Yüksək İslam İnstitutları ilahiyyat fakültəsi adını aldıqdan etibarən Uludağ Universiteti İlahiyyat fakültəsində müəllim olaraq çalışır. 2002-2005-ci illərdə Türkmənistanın Məxdimqulu Dövlət Universitetinin ilahiyyat fakültəsində dekan yardımçısı işləyib. İki ildir ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində dekan yardımçısı vəzifəsində çalışaraq, Azərbaycan gəncliyinin inkişafına öz töhfələrini verir.

 

İrfan: Jurnalımız bu ay çox mühüm bir məsələni qapaq mövzusu seçdi: “Övlad Tərbiyəsi”. Bir müəllim olaraq, gənc nəsillərin yetişməsində əvəzsiz rolu olan Akif bəyə görə övlad tərbiyəsi haradan başlayır? Burada valideynin, müəllimlərin, çevrənin rolu nə qədərdir və nələrə diqqət edilməlidir?

Prof. Akif Köten:

Övlad tərbiyəsi ilk növdədə ailədən, ata-anadan başlayır. Ata-ananın əxlaqı nə qədər gözəl olarsa uşaqların əxlaqı da bir o qədər gözəl olar. Uşaqlar tərtəmiz fitrət üzrə doğular. Peyğəmbərimiz (s.ə.s) hədisi-şərifində buyurur ki: “Hər bir uşaq (İslam) fitrəti üzər tərtəmiz doğulur. Sonradan ata-anası onu ya yəhudi, ya xristian və ya məcusi edər.” Hədis bizə açıq şəkildə göstərir ki, dünyaya gələn hər bir uşaq tərtəmiz, qabiliyyətli və potensial sahibi olaraq dünyaya gələr. Bu potensialı düzgün istiqamətləndirmək valideynin üzərinə düşən vəzifədir. Həmçinin burada çevrə faktorunu da qeyd etmək lazımdır. Bu deyilənlər nəzərə alınaraq ailənin, ətraf mühitin uşaq tərbiyəsindəki rolu üzərində düşünmək lazımdır. Uşaq tərbiyəsində müəyyən yerə qədər ailə çox əhəməyyət kəsb edir. Amma uşaq 6-7 yaşa gəldikdən sonra ətraf mühitin təsiri özünü göstərməyə başlayır. Bu yaşdan etibarən uşaqlar məktəbə getdiyinə görə məktəb də mühüm rol oynayır. Uşaq tərbiyəsində 3 əsas faktor var: 1.Ailə faktoru, 2. Ətraf mühit. 3. Məktəb. Bu üçü bir-birini müsbət mənada tamamladığı zaman gözəl nəticələr ortaya çıxar. Amma bu üç ünsür bir-birindən fərqləndikdə tərbiyədə müəyyən problemlər yaşanar.

Ata-ana ilk növbədə yaxşı nümunə olmalıdır. Uşaq ilk növbədə ata-ananı tanıyır, onların hərəkətini təqlid edir. Məsələn, ata-anası namaz qılan bir uşaq iki-üç yaşa gəldikdə namazı şəkil etibarilə öyrənmiş olur. Buna görə Rəsulullah (s.ə.s): “Uşaqlarınıza yeddi yaşa gəldikdə namazı öyrədin. 10 yaşa gəldikdə qılmazlarsa xəfif döyün.” –buyurur. Burada mühüm bir məsələ var. Hədisə baxdığımız zaman bu nəticəyə gəlirik ki, uşağa 3 il ərzində namaz öyrədilməlidir. Hədiyyə verilərək, sevdirilərək və s. yollarla bu təlim edilməlidir. Zəmanəmizdə bəzi ailələrin bu mövzuda xətaya düşdüyünün şahidi oluruq. Uşağı vaxtında öyrətmirlər, 15-20 yaşına gəldiyi zaman namaz qılmadığından şikayət edirlər. Axı sən ona namazı sevdirməmisən, öyrətməmisən, indi necə tələb edə bilərsən? Xüsusilə yaşadığımız yay mövsümündə, uşaqların məktəb tətili dönəmində “Yay Quran kursları” mühüm yerə sahibdir. Uşaqların tətilini səmərəli etmək üçün onları məscidlərə, dinimizin öyrədildiyi yerlərə göndərmək ən düzgün seçim olardı. Bir şeyi də qeyd edim ki, bu kimi kurslarda dərs verənlərin uşaq psixologiyasını yaxşı bilməsi əsas şərtlərdəndir. Çünki uşaqlar oyun, əyləncə həvəskarıdırlar. Onlara bu kimi biliklər oyunla və s. yollarla öyrədilməlidir. Onlara toleranslı yanaşmaq lazımdır. Peyğəmbərimizn həyatına baxdıqda uşaqları çox sevdiyini, onları danlamadığını, döymədiyini görürük. Gözəl örnək olmaq əsasdır. Quran kurslarında çalışan müəllimlər səbirli olmalı, uşaqların istəklərini nəzərə almalı, onlara sevdirərək təməl bilgiləri öyrətməlidirlər. Bu yaşda olan uşaqları çox yükləməmək lazımdır. İman əsasları, İsalamın şərtləri, ibadət öyrədilməli, Allah, Peyğəmbər sevgisi, vətən sevgisi aşılanmalıdır. İşin özəyi budur. Peyğəmbər (s.ə.s)-in Ənəs bin Malikə qarşı davranışı nümunə götürülməlidir. Ənəs (r.a) deyir ki: “On il Allah Rəsuluna xidmət etdim. Heç vaxt etmədiyim bir işə görə niyə belə etmədin, etdiyimə görə də niyə belə etdin demədi.” Uşaq tərbiyəsi anlayış istəyir. Onları nəzəri bilgilərlə yükləməkdənsə, təməl bilgiləri vermək, işin əsasını öyrətmək lazımdır.

 

İrfan: Zəmanəmizdə övlad tərbiyəsində gözardı edilən xüsuslar nələrdir?

Prof. Akif Köten:

Günümüzdə təlim-tərbiyə bir elm sahəsi olaraq formalaşmışdır. Uşaq tərbiyəsi də bunun bir hissəsidir. Bu gün uşaq tərbiyəsində ümumiyyətlə iki metod izlənməkdədir ki, bunlar yanlışdır: 1. Ənənəvi tərbiyə. Bu daha çox uşaqları zorla yönləndirmə, əmrlə idarə etmə yoludur. Bu metod səhvdir. Uşağa zorla nə isə öyrətmək bəlkə ilk mərhələdə mümkündür, amma vaxt keçdikcə bu üsul nəticə verməməkdədir. 2-ci metodsa daha çox Qərb mədəniyyətindən təsirlənərək liberal anlayışla uşaqlara heç müdaxilə etməmək, istədikləri hər şeyə izin verməkdir ki, bu da yanlışdır. Uşaqlara təzyiq göstərmədən və tamamilə sərbəst buraxılmadan, bu ikisinin arasında bir yol təqib edərək mərhəmət, şəfqət və sevgi əsaslı tərbiyə anlayışına sahib olmaq lazımdır. Ata-analar bu cür davranarsa uşaqlara istədikləri tərbiyəni verə bilərlər. Burada qeyd etdiyimiz kimi çevrə və məktəb faktoru da mühümdür. Xüsusilə bu gün hər evdə olan televizor və internetin birbaşa uşağa təsiri söz mövzusudur. Buna qarşı da hazır olmaq lazımdır. Hər zaman televizoru bağlamaq mümkün deyil. Belə edildikdə uşaq başqa yerlərdə bu kimi imkanlardan yanlış istifadə edə bilər. Əslində isə valideynin nəzarəti altında bu kimi vasitələrdən istifadələrini təmin etmək lazımdır. Burada müsəlmanlara sosial bir vəzifə də düşür. Sözünü edəcəyimiz bu vəzifə fərzi-kifayədir. Yeni telekanallar açmaq, yaxşı tərbiyəvi proqramlar hazırlamaq, internet saytları qurmaq və beləcə bu boşluğu doldurmaq lazımdır.   

 

İrfan: Artıq iki ildir ki, Azərbaycandasınız? Gələrkən hansı duyğularla gəlmişdiniz? İlk təəssüratlarınız necə oldu. Və bu gün Türkiyəyə dönmə ərəfəsində burada, Azərbaycan gəncliyində nələri müşahidə edirsiniz?

Prof. Akif Köten:

Daha əvvəl Terkmənistanda işlədiyim üçün bu coğrafiyanın insanlarına nabələd deyildim. Burada rastlaşdığın bir çox şeyi yadırğamadım, çünki mənə tanış mədəniyyət idi. Müşahidə etdim ki, hər gün burada müsbət inkişaf var. Yaxşıya doğru irəliləyiş var. Bu, zaman tələb edən bir xüsusdur. Bir toplumun dəyişməsi qısa zaman içində olmur. İki il ərzində ümidlərim boşa çıxmadı. Mən Azərbaycanın gələcəyindən ümidliyəm. Bir neçə il sonra burada mənəvi cəhətdən, sosial baxımdan qat-qat yaxşı nəticələrin şahidi olacaqsınız. Şükürlər olsun ki, ölkənin maddi inkişafı getdikcə yüksəlməkdədir. Bu mərhələdə mənəvi inkişafa da əhəmiyytə vermək lazımdır. Əks təqdirdə bu xüsus Azərbaycanın gələcəyinə təhlükə ola bilər. 17-18 yaşlı uşaqların yüz minlik maşınlar sürməsi, həddən artıq israflar etməsi buna bir misaldır. Mənəvi zənginlik olmazsa maddi zənginlik zərərə çevrilir. Ona görə də bu xüsus heç vaxt arxa plana atılmamalıdır. Burada çalışdığım iki il ərzində gənclərin hər keçən gün irəliləyişinə şahid oldum. Dövlətin aldığı tədbirlər, korrupsiyaya qarşı mübarizə və s. müsbət inkişafdan xəbər verir. İnşallah Azərbaycan gələcək illərdə həm maddi, həm də mənəvi yöndən ən qabaqcıl ölkələrdən biri olacaqdır. Çünki bu yolda uğurla addımlamaqdadır.  

 

İrfan: Akif bəy, İlahiyyat Fakültəsinin tələbələrinin azərbaycandakı mənəvi boşluğu doldura biləcək səviyyədə yetişdiyinə nə qədər inanırsınız?

Prof. Akif Köten:

Biz hər fürsətdə tələbələrimizə bunu aşılağama çalışırıq. Azrbaycanda dini təhsil sahəsində əsas iki müəssisə var. BDU-nin İlahiyyat Fakültəsi və Bakı islam Universiteti, eyni zamanda onun şöbələri. Şükürlər olsun ki, bu müəssisələrdə istənilən nəticə hasil olmuşdur. Hər gün inkişafın şahidi oluruq. Bu müəssisələrdən məzun olanlar Azərbaycanın mənəvi həyatında öz töhfələrini verəcəklər.

 

İrfan: Akif bəy, dəyərli vaxtınızı bizə sərf etdiyiniz üçün təşəkkür edirik!

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz