SAXTALAŞAN İNSANLIQ

SAXTALAŞAN İNSANLIQ

İnsanlar saxta pullar düzəldər, pullar isə saxta insanlar.

Bu ibrətli ifadələri oxuduğum zaman başıma gələn əhvalat yadıma düşdü. Son zamanlar istifadə etdiyim telefonun yaxşı işləməməsindən gileylənirdim. Nə zəng etdiyim adamın səsini eşidir, nə də mənə gələn zəngləri qəbul edə bilirdim. Bilmirdim telefona verdiyim pula heyfislənim, yoxsa bu telefonu mənə tərifləyərək satan insanların insafsızlığına?  Amma onu da deyim ki, bu telefonu alarkən mənə telefonun orijinal olduğunu deyib satmışdılar. Mən də heç tərəddüd etmədən, bir az da telefonun xarici gözəlliyinə aldanaraq almışdım. Nə bilərdim ki, sonradan başıma bu fəlakətlər gələcək, bəh-bəhlə işlətdiyim telefon isə orijinal deyil, saxta çıxacaqdı. Sən demə xarici gözəlliyinə və  təriflərə aldanaraq aldığım telefon saxta imiş. Bu həqiqəti bildikdən sonra demək olar ki, o qədər də təssüflənmədim. Çünki hər gün ətrafımda gördüyüm hər şeyin get-gedə saxtalaşdığının şahidi oluram. İstifadə etdiyimiz bütün texniki avadanlıqların əsli ilə saxtası arasında seçim etmək demək olar ki, müşkül məsələyə çevrilib. Aralarında qiymət fərqi olsa da görünüş etibarilə saxtası əslindən daha cazibədar görsənir. Ancaq bütün bunlara baxmayaraq saxta malın ömrü də saxtalaşdırılmış istifadə tarixinə qədər davam edir. 

Hələ bu harasıdır, bazarda bütün fəsillərdə satılan müxtəlif meyvələri heç demirəm.  Texniki əşyalarda baş alıb gedən saxtakarlıq, yeyinti məhsullarında, meyvələrdə də özünü göstərir. Gözəlliyinə aldanıb aldığımız təravətli meyvələr bir qəpiklik keyfiyyətə sahib deyil. Bazardan alınan şaftalıdan yemiş, heyvadan ərik dadı gəlirsə deməli işin nə qədər ciddi olması göz önündədir. Əvvəllər hansı fəsildə hansı meyvənin olduğunu əzbər bildiyimiz halda indi hansı fəsildə hansı meyvəni yeməyimizdə seçim edə bilmirik. Ətrafımızdakı xarici gözəlliklərlə saxtalaşdırılan hər şey, daxili nöqsanlarıyla həyatımızın bütün sahələrini keyfiyyətsizləşməyə götürən vasitələrdəndir. Uca Yaradan gördüyümüz hər şeyi nizam-intizam içərisində yaratdığı halda, insanlar öz şəxsi mənfəətləri uğruna əl qatmaq istəyirlər yaradılanlara.

Bütün bu qeyd etdiklərim həyatın sadəcə erroziyaya uğrayan bir tərəfidir. Əsas dərd orasındadır ki, ətrafındakıları saxtalaşadıran insanlar yavaş-yavaş özləri də saxtalaşmağa başlayırlar. İnsanlığın saxtalaşması isə cəmiyyətin süqutundan xəbər verir desək yanılmarıq. İnsan həyatında baş verən bütün təbii proseslər saxtalaşdırılaraq təsir gücünü azaltmışdır. Mənə elə gəlir ki, saxtakarlıq üzərində qurulan həyat şəraitində insani keyfiyyətlərin belə saxtalaşması normal hal olaraq qiymətləndirilməlidir. Qəbul edilən saxta qidalar nəticədə bizi saxta gülüşlərə, saxta vədlərə və saxta şəxsiyyətə gətirib çıxaracaq. Bəzən xarici görünüşünə baxıb tam bir şəxsiyyət olaraq qiymətləndirdiyin bir kəsin elə bir həyat tərzi kerçirdiyini görürsən ki, mat-məəttəl qalmamaq mümkün deyil. Haqdan, ədalətdən danışan bu şəxsiyyət, haqsızlıq və ədalətsizliyin simvoluna çevrilmişdir öz həyat tərzi ilə. Xaricdən gözə xoş gəlib keyfiyyəti sıfıra bərabər olan mobil telefonlar kimi özünü cəmiyyətə qəbul etdirən, ancaq sonradan zay olduğu ortaya çıxan bu saxtakar insanlar dəyər verildikləri  qısa zaman kəsimində cəmiyyətin zövqünün korlanmasına səbəb olmaqda və insanlığın saxtalaşmasının təməlini qoymaqdadırlar.

Hörmətli oxucular! Bəlkə də hər birimiz həyatımızın müəyyən mərhələlərində öz maddi mənfəətlərimiz üçün saxtakar davranışlara yol vermişik. Ancaq bu o demək deyildir ki, biz bu əməlimizi daim həyata keçirməliyik. Həyatımızda baş verən saxtakarlığımızın müəyyən davranışlarımızda olmasında bəlkə də bir o qədər problem yoxdur. Vay o gündən ki, bizim fiziki aləmimizdəki saxtakarlığımız mənəvi dünyamızda da öz əksini tapsın. Etdiyimiz ibadətləri saxtalaşdırmağımız bəlkə də insanların qarşısında bizə hörmət və izzət bəxş edəcək, ancaq Uca Yaradan qarşısında bu əməlimiz bizə töhmət və zillətdən başqa bir şey qazandırmayacaq. Qarşımızdakı insanları saxtalaşdırdığımız imanımız və ibadətlərimizlə istədiyimiz şəkildə aldada bilərik, ancaq bu ibadətlər bizim cənnətə girməyimizə vasitəçi olmayacaq. Bəlkə elə indidən özümüzü yoxlamağa başlayaq?! Etdiyimiz ibadətləri bir daha gözdən keçirək. Nəyi, nə üçün etdiyimizin fərqinə varaq. Saxtakarlığımızın bizə qazandırdıqlarını bizdən aldıqları ilə müqayisə edək. Bir şeyi də unutmayaq ki, hər şeyin əsli onun saxtasından daha yaxşıdır. Bu etdiyimiz ibadətlər olsa belə.  

Son olaraq gəlin özümüzü çox saxtalaşdırmayaq çünki, hər kəs "Buratino kimi taxtadan insana dönmək" şansına sahib deyil, bəziləri elə odun olaraq qalar...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz