ÖVLADLARIMIZA LAQEYD QALMAYAQ
Allah-Təala insan oğlunu ən gözəl bir surətdə yaratmış, saysız nemətlər vermiş və ona bəzi vəzifələrlə məsuliyyətlər yükləmişdir. Rəbbimizin bəxş etdiyi ən əhəmiyyətli nemətlərdən biri də şübhəsiz ki, gözümüzün nuru, həyatımızın bəzəyi olan övladlarımızdır. Cəmiyyətə buraxacağımız ən gözəl miras, arxamızca candan dua edəcək yeganə varlıq, ailə bağçamızın gülləri...
Sahib olduğumuz hər nemətin məsuliyyəti olduğu kimi övladlarımızı qorumaq, yaxşı yetişdirmək və gözəl tərbiyə etmək kimi əhəmiyyətli bir vəzifəmiz də vardır. Heç bir ata-ana bu güllərin solmasını istəməz. Çünki övladlarımız bizim üçün əziz və sevimlidir, onların yaxşı olmalarını istəyərik. Uca Rəbbimiz Qurani-Kərimdə buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!” (ət-Təhrim 6) “Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün (Allah qarşısında) ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!” (əl-Ənfal 28) Bu ayələrdəki Allahın atəşindən qorunmaq, Onun əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməklə olur. Ona görə ata-anaların övladlarına qarşı ilk vəzifəsi onları gözəl şəkildə tərbiyələndirmək, məsuliyyət duyğularının şüuru içərisində həyata hazırlamaq və gözəl davranışlarla onlara örnək olmaqdır.
Uşağın ilk tərbiyə ocağı evi, ilk müəllimləri də ata-analardır. Buna görə borcumuz onları Allahın rizasına uyğun bir tərbiyə içərisində yetişdirmək və ya belə bir tərbiyə içərisində yetişmələrini təmin etməkdir. Uşaqların əllərindən tutaraq onları gələcəyə hazırlamaq ən əhəmiyyətli hədəflərimizdən biri olmalıdır.
Bugünün kiçikləri sabahın böyükləri olacaqdır. Qurani-Kərim ifadəsi ilə “Dünya həyatının bəzəyi” (əl-Kəhf 46) olan övladlarımız sabahımıza yön verəcək dəyərli varlıqlarımızdır. Buna görə onlar qorunmağa, gözəl tərbiyə ilə yetişdirilməyə, ehmal edilməməyə, şəfqət və mərhəmətə möhtacdırlar. Əziz Peyğəmbərimiz bir hədisində: “Kiçiklərə mərhəmət etməyən bizdən deyildir...” (Buxari) buyurmuşdur.
Bizi biz edəcək dəyərlərimizin məsuliyyətini dərindən hiss etməliyik. Övladlarımıza, onların tərbiyəsinə sevgi ilə yanaşlmalı, ailə bağçamızın gülləri olan övladlarımızı, -zamanın onları soldurmaması üçün- dini və milli mövzularda məlumatlandırmalı; doğruları, gözəllikləri sevdirərək, incitmədən öyrətməliyik. Onların möhtac olduğu əxlaqi fəzilətləri, davranışları, dini inanc və dəyərləri öyrənmələri və yaşamaları, ruh və bədən yönundən sağlam ola bilmələri üçün bütün imkanlarımızdan istifadə etməliyik. Bu, başda ata-ananın olmaqla həm də bütün cəmiyyətin vəzifəsidir. İstər öz övladlarımız olsun, istərsə də digər uşaqlar olsun, onların maddi və mənəvi cəhətdən yaxşı şəkildə yetişmələri cəmiyyətimizin gələcəyi üçün əhəmiyyətlidir. Bu mövzudakı diqqətimiz və həssasiyyətimiz həm dini, həm də milli vəzifəmizdir. Diqqət etməmiz gərəkən bir xüsus da vardır ki, başqalarına bir şey öyrədilərkən ən təsirli cəhət, sözdən çox davranışımızla örnək olmaqdır. Etmədiyimiz, yaşamadığımız mövzularda başqalarına, xüsusilə övladlarımıza nəsihət etmək yetərli deyildir. Övladlarımıza dünya və axirət xoşbəxtliyini təmin edəcək tövsiyələri edərkən, söylədiklərimizi öncə özümüz etmək və örnək olmaq məcburiyyətindəyik. Siqaret çəkən, içki içən və ya digər hansısa mənfi işlərlə məşğul olanların övladlarına; siqaret çəkmə, o yanlışdır, bu səhvdir- demələri nə qədər təsirli ola bilər ki?! Rəbbimiz bu mövzuda Qurani-Kərimdə buyurur: “Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzümü unudursunuz? Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?”
Uşaqları həyata hazırlamaq, onlara gözəl əxlaq qazandırmaq, əsas dini bilikləri və Qurani-Kərimi öyrənmələrini təmin etmək, ata-ananın övladına verə biləcəyi ən gözəl şey və ən dəyərli hədiyyədir. Bu, ata-ananın övladına qarşı vəzifəsi, övladın da ata-anası üzərindəki bir haqqıdır. Sevimli Peyğəmbərimiz; “Heç bir ata öz övladına gözəl tərbiyə və ədəbdən daha üstün bir miras qoymuş olmaz” (Tirmizi) buyurmuşdur.
Müsəlman olaraq hər birimiz daha böyük bir həssasiyyətlə öz məbədimiz, inanc mərkəzimiz olan məscidlərimizi övladlarımıza sevdirməliyik. Övladlarımızı sadəcə məscidlərdən kənarda, uzaqda yetişdirməməli; həmçinin məscidlərimizə də gətirməli, bayramlarda, mübarək gün və gecələrdə, cümələrdə və ya digər vaxtlarda onları da özümüzlə gətirməli, məscidimizi sevdirməli, məscidlərin ruhani-mənəvi havasından onların istifadə etməsinə şərait hazırlamalıyıq. Bu gün əllərindən tutaraq onların ayaqlarını məscid yoluna alışdırmalıyıq ki, sabah böyüdükləri zaman özləri, kimsə əllərindən tutmadan məscidə gələ bilsinlər, məscidə gəlməyi sevsinlər. Min bir əziyyətlə hər hansı bir xarici dil öyrənmələrinə çalışarkən, Quran dilini, Quran əlifbasını öyrənmələrinə biganə qalmamalıyıq, bunu ehmal etməməliyik. Buna laqeyd qalmamalı, övladlarımızı məscid və Qurandan məhrum yetişdirməməliyik.
Son olaraq bunu söyləyim ki, övladlarımızı dinimizə, vətən və millətimizə faydalı olacaq şəkildə yetişdirməliyik. Unutmayaq ki, uşaqların ilk tərbiyə aldığı yer ailəsidir. Ona görə qız-oğlan fərqi qoymadan övladlarımıza daim doğruları öyrətməli, onları ən gözəl şəkildə yetişdirib; özümüz də hər mövzuda onlara yaxşı örnək olmalıyıq.
ŞƏRHLƏR