XİLASEDİCİ DAİRƏ

XİLASEDİCİ DAİRƏ

Yay fəslinin gəlməsilə çimərlik mövsümü də başlayır. Öz sağlamlığının qaydına qalan, qış fəslində xəstəliklərdən mümkün qədər uzaq qalmağa çalışan demək olar ki, hər kəs qızmar yay günlərini fürsət bilərək çimərliklərə üz tuturlar. Övladının sağlamlığını öz sağlamlığından üstün tutan hər bir valideyn özü ilə birlikdə övladını da dənizə aparır. Hətta üzmə bilməyənləri də... Onların dənizdə batmaması üçün xilasedici dairələrdən istifadə edirlər. Bu, dənizin təlatümlü sularında onların təhlükəsizliyini təmin edir.

Bu yazımda sizə çimərliklərin ekoloji cəhətdən təmiz olub olmadığından, çimərliklərdəki anti-sanitariyadan və ya rəzalətin baş alıb getdiyindən danışmayacam. Bu ayrı söhbətin mövzusudur.

Mən istirahətinə dəyər verən, öz sağlamlığının qaydına qalan hər bir insana, həmçinin övladının gələcəyini düşünən, qışın soyuğunda xəstələnməməsi üçün yayın qızmarında onların qayğısına qalan hər bir valideynə hörmətlə yanaşıram. Bir anlıq səhlənkarlıq üzündən dənizin azğın sularına qurban getməsin deyə övladlarına xilasedici dairələri taxdıran valideynlərə də...

Ancaq dənizin sularında qərq olmasın deyə övladına xilasedici dairə taxdırdığı halda, sahildəki rəzalətə qarşı heç bir tədbir görməyən valideynə təəccüb edirəm. Dünyanın təlatümlü sularında övladının batmaması üçün heç bir xilasedici dairədən istifadə etməyən valideyni başa düşmürəm. Hansı ki, o xilasedici dairəni təmin etmək hər bir valideynin borcudur.

İnsanın yaradıcısı olan Uca Allah Qurani-Kərimdə hər bir valideynə nümunə olsun deyə Həzrət Loğmanın (ə.s) timsalında övladlara qarşı xilasedici dairə mahiyyətində bu nəsihətləri verir:

“(Loğman öyüd-nəsihətinə davam edərək) dedi: “Oğlum, (dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu (qiyamət günü) ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), (hər şeydən) xəbərdardır!

Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!

Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman 31/16-19)

Övladı gələcəkdə sağlam görmək, xoşbəxt görmək, dərddən-kədərdən uzaq görmək hər bir valideynin arzusudur.  Ancaq gələcək bir il sonranı düşünmək deyil axı... Həm də gələcək dediyimiz o biri ildəki xəstəlik belə, bir dərd deyil, bəlkə də hər hansı bir günahın kəffarəsidir. Axı biz müsəlmanıq və bizim Peyğəmbərimiz xəbər verir ki: “Hər hansı bir müsəlmanın başına bir xəstəlik və ya əziyyət verən başqa bir şey gəlsə, Allah onun günahlarını ağacın yarpaqlarının töküldüyü kimi tökər.” (Buxari, 10/110) Məni maraqlandıran budur ki, övladılarının gələcəyi naminə bütün imkanlarını səfərbər edən valıdeynlər nə üçün onların istiqbalını müəyyən mərhələyə qədər düşünürlər? İstiqbal, istiqbal deyərkən, nə üçün hər birimizin qarşısındakı ən böyük  və ən dəqiq istiqbal olan ölümü unudurlar?

Vətən dediyin bir topaq parçasıdır, övlad isə torpağın gülüdür. Ona görə də bir türk şairinin vətənlə bağlı məşur bəndini bir az dəyişərək belə deyə bilərik: “Sahibsiz nəsillərin məhv olması haqdır, Sən sahib çıxarsan bu övladlar məhv olmayacaqdır.” Biz sahib çıxmadığımız üçün övladlarımız ğözlərimizin qarşısında əldən gedir. Kimlərin toruna düşdüyünü, kimlər tərəfindən adət-ənənələrindən uzaqlaşdırdığını görürük əslində. Ancaq övladlarımız qədər bizim də o tora düşdüyümüz aşkardır. Biz də o tora düşmüşük ki, övladlarımızın məhv olmasına səs çıxarmırıq.

Övladlarımızın canından çox qiymətli dinini, imanını, həya və iffətlərini, namus vəfəzilətlərini, axirətlərini, ümumiyyətlə onları adam edən hər şeyləri əldən gedir. Bu cinayətin ən böyük ortağı biz deyilikmi? Biz razı olmasaydıq, övladlarımız göz görə-görə yad təsirlərin altında qalardımı?  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz