ŞEYX ƏDƏBALİDƏN OSMAN QAZİYƏ
Tarixə şan və şərəf verən dövlət adamlarının əksəriyyətini böyük ruh tərbiyəçiləri yetişdirmişlər. Onlar yetişdirdikləri dövlət adamlarına zəngin bir könül iqlimi qazandırmış və özlərini mərhəmət və məsuliyyət duyğuları ilə əbədiləşdirmişlər. Məhz belə bir tərbiyədən keçən liderlərin qurduğu dövlətlər uzunömürlü olmuş, tarixə qızıl hərflərlə yazılmışdır. Tarixdə qurulmuş böyük Türk İmperiyalarından biri olan Osmanlı dövləti də elə bu səbəblə altı əsrlik bir ömür yolu keçmişdir. Osmanlı dövlətinin qurucusu olan Ərtoğrul Qazi böyük mürşid olan Ədəbali həzrətlərini özünə rəhbər saymış, oğlu Osman Qazini də onun tərbiyəsinə təslim etmişdir.
“Bax oğul!
Məni incit, Şeyx Ədəbalini incitmə.
O, bizim əşirətimizin mənəviyyat Günəşidir! Onun tərəzisi bir dirhəmi belə çaşmaz!
Mənə qarşı çıx, ona qarşı çıxma!..” deyən Ərtoğrul Qazi bu vəsiyyəti ilə Osman Qazini və onun xələflərini mənəvi liderlərin tərbiyəsində diqqət edəcəkləri xüsusları təlim etmişdir.
Ədəbali həzrətləri də Osman Qazini öz tərbiyəsi və himayəsi altında yetişdirmiş, ona mərifətullahın zövqünü daddırmış, qayğıkeş, əxlaqlı, təmkinli olmağı aşılamışdır. Beləliklə onu böyük bir dövlətin padşahı, qurucusu kimi hazırlamışdır. Bu baxımdan Osmanlı dövlətinin əsl memarı Şeyx ədəbali həzrətləridir desək yanılmarıq.
Şeyx Ədəbali həzrətlərinin Osman qazini və ondan sonra gələcək dövlət adamlarını istiqamətləndirəcək tövsiyələrindən bir qismini bu yerdə dilə gətirmək yerinə düşərdi:
“Ey oğul!
Bəysən! Bundan sonra qəzəb bizə, mülayimlik sənə!.. Kimisə incitmək bizə; könül almaq sənə!.. Acizlik bizə, yanılmaq bizə; xoş görmək, bağışlamaq sənə!.. Keçimsizliklər, ziddiyyətlər, uymazlıqlar, anlaşmazlıqlar bizə; ədalət sənə!.. Pis göz, boşboğazlıq, haqsız yorum bizə; bağışlamaq sənə!..
Ey oğul!
“Bundan sonra bölmək bizə; bütünləmək sənə!.. Ərincəklik bizə; xəbərdarlıq, həvəsləndirmək sənə!..”
Ey oğul!
“Yükün ağır, işin çətin gücün tükə bağlı. Allah təala yardımçın olsun! Bəyliyini mübarək qılsın. Haqq yolunda yararlı etsin! İşığını parlatsın! Nurunu uzaqlara çatdırsın. Sənə yükünü daşıyacaq güc, ayağını sürüşdürməyəcək ağıl və qəlb versin.
“Səbir çox önəmlidir! Bir bəy səbr etməyi bilməlidir! Vaxtından öncə çiçək açmaz! Kal armud yeyilməz; yeyilsə belə, bağrında qalar. Bülövsüz qılınc da eynən kal armud kimidir.”
“Millətin öz irfanı içində yaşasın! Ona arxa çevirmə. Onun varlığını həmişə duy. Milləti idarə edən də, diri tutan da bu irfandır!”
“Ən böyük zəfər nəfsini tanımaqdır. Düşmən insanın özüdür. Dost isə nəfsi tanıyanın özüdür!”
“Axacaq qan boş yerə axmamalı: ona yol və yön lazımdır! Zira qan torpaq sulamaq üçün axmamalıdır!!!”
“Şəxsin gücü günün birində tükənər, amma elm yaşar, elmin işığı qapalı gözlərdən belə içəri sızar, aydınlığa qovuşdurar.”
“Heyvan ölər palanı qalar, insan ölər əsəri qalar. Gedənin deyil, bir miras qoymayanın arxasınca ağlamalı.. Əsəri qalanın da yolunu davam etdirməli!”
“Savaşı sevmirəm, qan axıtmaqdan xoşlanmıram, amma bilirəm ki; qılınc qalxıb enməlidir! Fəqət bu qalxıb enmə yaşatmaq üçün olmalıdır! Yoxsa, insanın digərlərinə qılınc endirməsi bir cinayətdir. Bəy məmləkətdən artıq deyildir! Bir savaş yalnızca bəy üçün başlamaz.”
“Durmağa, istirahət etməyə haqqımız yoxdur! Çünki zaman yox, vaxt azdır!”
“Yalnızlıq qorxaqlar üçündür. Torpağın əkin zamanını bilən əkinçi başqasından məsləhət almaz. Tək başına qalsa da... Yetər ki, torpağın tavda olduğunu bilsin.”
“Məqsəd sevgi olmalıdır. Sevmək isə səssizlikdə kamala çatır. Bağırmaq xoşa gələn bir şey deyil! Gözə girməklə də sevilmək mümkün deyil!”
“Keçmişini bilməyən gələcəyini də bilməz. Osman! Keçmişini yaxşı bil ki, gələcəyə sağlam addımlarla irəliləməyi bacara biləsən. Hardan gəldiyini unutma ki, haraya gedəcəyini unutmayasan.”
ŞƏRHLƏR