BİR MÖMİNİN NƏSİL TƏLAŞI BİR TƏK YARPAQDA DİVANLAR

BİR MÖMİNİN NƏSİL TƏLAŞI BİR TƏK YARPAQDA DİVANLAR

Mənəvi Fəryadların Yüksəldiyi Axırzaman Küçələrində

BİR MÖMİNİN NƏSİL TƏLAŞI BİR TƏK YARPAQDA DİVANLAR

İnsan ilə aləm arasında böyük oxşarlıqlar və nisbətlər var. Belə ki, kainatın aləmi-kübra (makrokosmos); insanın isə onun hər şeyi ilə kiçik bir surəti olan aləmi-suğra (mikrokosmos) olduğu dilə gətirilir.

Bunun səbəbi aləmin insanın imtahanı üçün yaradılmış olması və kainatdakı hər şeyin insanın xidmətinə həsr edilməsidir. Hər şey nisbət olunanlarla, təfəkkür etdirdikləri ilə insana öz həqiqətini anladır.

Elə buna görə də arif bir könüllə baxıldığı zaman aləmin hər guşəsu, hətta Şeyx Sədinin ifadəsi ilə desək, bir ağacın tək yarpağı belə neçə-neçə divanlar yazmaqdadır.

Bəli, o yarpaq ilahi rəhmətə əl açmış, günəşin vəsilə qılındığı enerjini qidaya çevirib ağacın gövdəsinə daşıyır. İnsan və digər məxluqata qida olur, kölgə salır... Bu cazibə ilə yanına gələnlərdən ağacın kökləri istifadə edirlər... O yarpaq, yerinə görə ipək qurduna qida olur, ən zərif ipəklərə çevrilir. Quruyub tökülən yarpaqlar isə daha kiçik neçə-neçə canlıya ruzi və torpağa qida olur.

O tək bir yarpaqda bu gün “ekoloji sistem” deyib keçilən daha neçə xarüqüladə hallar və macəralar seyr edilir.

Təfəkkür edək: Bir ağacdakı bu əzəmətli intizam nə üçündür?

Əvvəla çiçək-çiçək ilahi bir gözəllik sərgisi üçün, təbii nəticədə meyvə üçün...

Lakin ağac meyvəsi ilə insanlar və digər məxluqata xidmət edərkən bir məqsəd də hasil olur:

 

NƏSLİNİ DAVAM ETDİRMƏK...

 

Nəcib Fazıl həyatı davam etdirməyin bu mütləq məqsədini xüsusi qeyd edərək nə gözəl deyir:

“Tumurcuq dərdində olmayan ağac odundur!”

Həqiqətən də odun ilə ağacı, kötük ilə kökü ayırd edəcək həyatiyyət ölçüsü filizlənməkdir, tumurcuq dərdində, toxum saçma niyyətində olmaqdır. Xülasə nəslini davam etdirməkdir.

Ağac kök, gövdə, yarpaq və meyvə... Hər biri və hamısı; hər meyvənin mərkəzinə qoyulan çəyirdəyi sabaha daşımaq və beləliklə də nəsli davam etdirmək məqsədinə Əziz və Alim olan Xaliq tərəfindən sövq edilmişlər.

Balası üçün çırpınan quşda da eyni istək var...

Heç görmədikləri köç yollarında minlərlə kilometr məsafə qət edərək özləri üçün əlverişli olan iqlimə; balalarını dünyaya gətirməyə gedən və bunu min illərlə edən, quruda və dənizdə yaşayan minlərlə növ canlıda da eyni ilahi sövq var...

Yemədən-içmədən, ac-yalavac vəziyyətdə balalarını əmizdirən, onlara qida axtaran, yuva quran, təhlükəli anlarda canı bahasına onları qoruyan bütün heyvanat aləmində bu ilahi qanun hakimdir...

Bal verən arıda, yumurtlayan quşlarda, süd verən qoyunda, hətta baxışları ilə balasını bəsləyən ilanda hər zaman eyni ehtiras...

Aləmə Allah-Təala tərəfindən qoyulan bu qanun bir mömin üçün dərin mənzərələrin təzahür etdiyi bir ibrət aynasıdır.

İnsan da mənsubu olduğu aləmin qanununa görə nəslini davam etdirmə arzusunu daşıyır. Övlad sevincini, onları himayə və mühafizə istəyini, onların istiqbal təlaşını ürəyində daşıyır. Onlar üçün çalışır, onlar üçün fədakarcasına səy göstərir. Lakin bir mömin üçün bu səviyyə kafi deyil. Məxluqatın əşrəfi olan insanın nəsil təlaşı da daha ülvi və mənəvi əsaslar üzərində yüksəlir.

Mömin övlad və nəvələri ilə sadəcə soyunun və qanının davam etməsi dərdində deyil. Onun təlaşı Allahın fəzlilətli kərəmi və sələfinin səyləri ilə təchiz olduğu; iman, ibadət və əxlaq ölçülərini övladına ötürə bilməkdir. Bir mömin əcdadından aldığı mənəvi dəyərləri gələcək nəslə, yəni övladlarına ötürmək məsuliyyətini müqəddəs bir əmanət kimi çiyinlərində hiss edər.

Onun sabah təlaşının üfüqləri bu dünya ilə məhdud deyildir. Çünki mömin bilir ki:

 

ƏSAS HƏYAT AXİRƏTDİR...

 

Övladının və nəslinin aqibət təlaşını hiss edən bir mömin müvəqqəti bir əşyadan ibarət və xüsusən enişli-yoxuşlu imtahan şərtlərinə sahib olan bu həyatdan çox övladlarının sonrakı aqibətlərini, yəni axirətlərini düşünür. Ona görə çırpınır.

Övladlarını dünyaya hazırladığı və dünyalığını halalından qazandığı kimi; sonsuz axirət səfərinin yeganə azuqəsi olan təqvanı da tərk etməz.

Əlbəttə, mömin bu dünyada övladının ruzisini düşünür. Lakin onun əsl təlaşı o loğmaların halal olub-olmadığıdır. Övladına verdiyi tərbiyə istiqamətində onun cənnət nemətlərindən, yoxsa -Allah qorusun- zəqqum və irin daddırılacağını düşünür.

Əlbəttə, hər ana üşüyən körpəsinin üstünü örtər. Onu ən gözəl qiyafətlər içində görmək istəyər. Ancaq axirət inancına sahib olan bir ana daha çox övladını o biri aləmdə cənnət ipəyindən atlas köynəklərin, yoxsa cəhənnəmin qızğın atəşinin bürüyəcəyi təlaşındadır.

Allaha və axirətə iman edən bir insan övladı dünya ilə axirət səadəti qarşı-qarşıya gəldikdə heç düşünmədən dünyanı əlinin arxası ilə itələyər və axirəti seçər... Dəryanı qoyub damlanı almaq axmaqlığına düçar olmaz.

Dünyada qarnı tox olsun, istəyirsə axirətdə zəhər-zəqqum yesin, deyə bilməz!

Dünyada gələcəyi parlaq olsun, istəyirsə axirətdə üzü qara olsun, deyə bilməz!

“Bu dünyada gününü keçir, necə olsa axirətdə də bağışlanacaqsan” şəklindəki şeytanın aldatmasına aldanmaz. Axirət yanında dünya səadətinin belə, ancaq və ancaq Allahın əmr etdiyi və Rəsulunun göstərdiyi təmiz və rahat həyatı yaşamaqla əldə edilə biləcəyini dərk edər. Səfaləti, əxlaqsızlığı və rəzaləti səadət deyərək, hürriyyət deyərək təqdim edən ins və cin şeytanlara, aldadıcı reklam və modalara, küfr diyarından əsən soyuq və boğuq rüzgarlara əsla qapılmaz.

Haqqı haqq bilib ona tabe olmaq, batili batil bilib ondan uzaq durmaq prinsipi və duası ilə yaşayar. Övladlarını bu şüurda böyüdər. Alicənab insan üçün nəsli davam etdirməyin yolunun bioloji deyil, mənəvi olduğunu bilər.

Belə ki, imanla yoğrulmuş ədəbiyyatımızın ilklərindən Qəribnamə adlı təsəvvüfi əsərin müəllifi olan Aşıq Paşa insan oğlunun nəslinin davamı üçün dörd yol saymışdır:

 

DÖRD QRUP NƏSİL

 

  1. Sülbi nəsil: İnsanın nəslindən gələn övladıdır ki, bunların davam etməsi qədərə bağlıdır. Elə gün gələr ki, kəsilə bilər. Kəsilməsə də, bir insan ən uzağı kötükcəsini görər. Onlardan sonra gələnlər xeyirli olarsa, nə əla. Əks halda ona heç bir faydası olmaz. Belə ki, bir neçə nəsildən sonra əksər insan ulu babalarını belə tanımaz. Övladların xeyirli olub-olmayacaqları da məchuldur. Bir möminin Həzrət İbrahim kimi zürriyyətinin mömin, namaz əhli, Haqqa itaətkar nəsillər olması üçün feili və sözlü duadan başqa edəcəyi çox şey də yoxdur.
  2. Mali nəsil: İnsanın mal və mülkü ilə etdiyi xeyir xidmətləridir. O xidmət və xeyir əsərləri davam etdiyi müddət ərzində sahibinə sədəqə savabı yazılar. Bunu dərk edən əcdadımız sülbi nəsillərinə daha çox var-dövlət qoyub getmək yerinə, xeyirxahlıq şüuru ilə vəqflər quraraq xalqa xidmət və Haqqa ibadət etmiş, əməl dəftərlərinin ömrünü əsrlərlə uzatmışlar. Bu gün adlarını özlərindən sonra qoyub getdikləri cameləri, vəqfləri, çeşmələri sayəsində hələ də dillərimizdə yad etdiyimiz neçə-neçə xeyir sahibləri var ki, sülbi nəsillərinin davam edib-etmədiyini bilən, bununla maraqlanan belə yoxdur...
  3. İrşadi nəsil: İnsanın böyüdüb boya-başa çatdırdığı və özündən sonra qoyub getdiyi övlad və tələbələrdir. Bunlar da özlərindən sonra insan yetişdirdikləri ölçüdə davam edib gedər. Məsələn, bu gün Hənəfi məzhəbi üzrə olan hər bir alim Əbu Hənifə həzrətlərinin neçə əsr sonra gələn bir övladı hökmündə deyilmi? Belə ki, yaxın zamana qədər seyidlərin nəsil şəcərələri kimi elmi icazət şəcərələri də çıxarılar, hər tələbə Həzrət Peyğəmbərdən (s.ə.s) ona qədər elmin hansı silsilə ilə gəldiyini bilər, bununla şükür halında iftixar edərdi.
  4. Elmi və irfani nəsil: İnsanın Haqq yolunda qulların zehin və könüllərini bəsləyici mahiyyətdə yazdığı xeyirli əsərlərdir. Ən kəsintisiz və ən məhsuldar nəsil budur. Təlif edilən bir əsər qiyamətə qədər gələcək olan məchul müxatəblərə göndərilən hidayət məktubu mahiyyətindədir. Məhz Həzrət Mövlananın Məsnəvisi, İmam Rəbbaninin Məktubatı, İmam Qəzalinin Ehyası... Yunus Əmrə həzrətlərinin şeirləri... Cildləri əldən-ələ, içərisindəkilər dildən-dilə, qulaqdan-qulağa, könüldən-könlə ötürülür, yaşayır...

İbrət nəzəri ilə baxılarsa, sülbi nəslin də ancaq üçüncü maddədəki şərti reallaşdırılaraq həqiqətən davam edən bir nəsil ola biləcəyi başa düşülür. Bir mömini sevindirəcək, fərəhləndirəcək nəsil xeyirli, saleh və müttəqi bir nəsildir. Xeyrulxələf oğullardır. Salihati-nisvan qızlardır. Yoxsa, saleh olmayan övlad Hz. Nuhun oğlu Kənan haqqında Qurani-Kərimin buyurduğu kimi bir möminin əhlindən və nəslindən deyildir.

Bir mömin övladının eynilə malı kimi bir imtahan vəsiləsi olduğunu bilər. Əgər üxrəvi bir tərbiyə ilə iki qanadlı bir təlimlə sədəqeyi-cariyə vəsfində böyüdülmüşsə, həmin övlad valideyni üçün iki cahanda da göz nurudur. Məhşər yerində imdada çatacaq həqiqi xeyirli övladlardır.

Lakin bu vəsflərdə böyüdülməmişsə, insanın məhşər yerində fərsəx-fərsəx qaçacağı, davası ağır, əzabı böyük bir müsibət olacaqdır.

Elə buna görə də övlad yetişdirmək, nəsillərə sahib çıxmaq hər bir möminin ən mühüm vəzifələrindəndir. Bu vəzifənin layiqli ifasının ən gözəl nümunələrini də peyğəmbərlər vermişdir:

 

NÜMUNƏ PEYĞƏMBƏRLƏR

 

Allah-Təala insanı cənnət üçün yaratdı. Bəşəriyyətin atası Həzrət Adəmi və bəşəriyyətin anası Həzrət Həvvanı da cənnətə qoydu. Lakin şeytanın hiyləsinə aldanaraq itaətsizliyin baş verməsi ilə insanlığın imtahan macərası başladı. Bəşəriyyət Həzrət Adəm və Həvvanın nəslindən meydana gəldi.

Təfəkkür edildikdə görülür ki, Allah-Təala ilk insanı xüsusilə bir ailə içində yaratmışdır. Həzrət Adəmi xəlq edən Allah-Təala eyni anda yüzlərlə, minlərlə insan yaratmağa əlbəttə ki, qadirdir. Lakin bəşəriyyətin nəfsi və şeytanı, xətanı və tövbəni bilən peyğəmbər bir ata və ona bu mövzuda yoldaş olan bir ana əli ilə bir ailədə yayılıb çoxalmasını təqdir etdi.

Həmçinin təfəkkür edildikdə görülür ki, Allah-Təala bəşəriyyətə göndərdiyi sonrakı peyğəmbərləri də müəyyən şəcərələr içərisində, təmiz, ali ailələr və zürriyyətlərdən seçdi. Həzrət İbrahim, oğlu İshaq, oğlu Yaqub, oğlu Yusif... Habelə o zürriyyətdən Həzrət Musa və Harun qardaşları... Davud və oğlu Süleyman... Zəkəriyyə və oğlu Yəhya... İmranın xanımı ilə qızı Məryəm... dolayısı ilə, Həzrət İsa... (ə.s)

Həzrət İbrahimin digər oğlu İsmayılın zürriyyətindən də Kainatın Fəxri Məhəmməd Mustafa (s.ə.s).

Peyğəmbərimizdən sonra elm və irfan məşəlini daşıyanlar içində xüsusilə əhli-beyt həzrətləri...

Deyə bilərik ki:

Allah-Təala bəşəriyyətin tərbiyəediciləri, bəşəriyyətin ən böyük müəllimləri olan peyğəmbərləri də əvvəlcə evləri, ailələri və nəsilləri üzərində səy və müvəffəqiyyətlərini göstərməklə mükəlləf tutur.

Allah Rəsulu (s.ə.s) bu mükəlləfiyyəti ən gözəl şəkildə anlayan və həyata keçirən Peyğəmbərlər Sultanı olaraq başda göz bəbəyi qızı Həzrət Fatimə, övladı kimi böyütdüyü Həzrət Əli, həmçinin övladı kimi böyütdüyü və azad etdiyi köləsi Zeyd bin Harisə oğulları, qızları, ögey uşaqları, kürəkənləri və qardaşı uşaqları ilə dünyanın ən xoşbəxt ailə yuvasını təsis etdi. Bu ailə bizim üçün böyük bir nümunədir.

Həmçinin əshabının uşaqlarını: Üsamə bin Zeyd, Abdullah bin Abbas, Abdullah bin Ömər, Ənəs bin Malik (r.anhum) kimi yüksək şəxsiyyətlər halında yetişdirdi. Onlardan bəzisi təbliğ və cihad meydanında, bəzisi elm və təfsir sahəsində, bəzisi də hədis və fiqhdə İslamın kök filizlərinə həyat suyu oldular.

Onlardan biri olan Həzrət Ənəs 10 yaşında Peyğəmbərimizə xidmət etmək şərəfinə nail olmuşdu:

 

BALACA ƏNƏS

Rəsulullah (s.ə.s) Mədinəyə təşrif buyuranda qadın-erkək bütün ənsar ona bir sıra hədiyyələr təqdim edirdilər. Ümmü Süleym (r.anhə) isə ona verəcək bir şeyi olmadığı üçün kədərlənirdi. Bir müddət düşündü və sonra oğlu Ənəsin əlindən tutaraq Rəsulullahın yanına gəldi və:

- Ya Rəsulallah! İstəyirəm oğlumu sizin xidmətinizə verim. Ənəs sizə xidmət edə bilərmi? -dedi. Peyğəmbərimiz də qəbul buyurdu. (Səmhudi, I, 271)

Təbii ki, on yaşındakı balaca bir uşaq Peyğəmbərimizə istənilən səviyyədə xidmət göstərə bilməzdi. Ancaq buna baxmayaraq, kim bilir, bəlkə də Kainatın Fəxri olan Peyğəmbərimiz balca Ənəsi tərbiyəsi altına alaraq ümmətinə övlad böyütməyin ülvi ölçülərini bu vəsilə ilə öyrətməyi istəmiş və səmimi bir ananın xahişini də bu səbəblə qəbul etmişdir.

Belə ki, Həzrət Ənəs (r.a) Peyğəmbərimizin uşaqlara şəfqət və məhəbbətini və bu məhəbbət içərisində onlara doğruluq, sədaqət, təslimiyyət, könül rahatlığı kimi əxlaqi vəsfləri necə aşıladığını misallarla nəql etmişdir.

Buyurun, o misllardan birini birlikdə dinləyək:

Ənəs (r.a) nəql edir:

“... Rəsulullah (s.ə.s) bir gün məni bir yerə göndərdi. Yola çıxdım, küçədə oynayan uşaqların yanına gəldim (və onlara qoşulub oynadım). Bir də gördüm ki, Allah Rəsulu (s.ə.s) arxadan gələrək boynumdan tutdu. Çevrilib baxdım, gülümsəyirdi.

“- Ənəsim! Göndərdiyim yerə getdin?” -dedi.

“- Bu dəqiqə gedirəm, ya Rəsulallah!” -dedim.” (Müslim, Fədail, 54)

Peyğəmbərimiz uşağa bir vəzifə verir, nəticəni təqib edib məhəbbətlə itaət etməsini təmin edir. Könül alıcı sözlərlə, şəfqətlə xitab edir. Münasibət quraraq, boynuna toxunaraq uşağı yetişdirir, məhəbbət və sədaqətdə zirvələşdirir.

Ənəs (r.a) başqa bir xatirəsini belə nəql edir:

“Bir gün Rəsulullaha (s.ə.s) xidmət etdikdən sonra öz-özümə: “Peyğəmbərimiz qaylulə yuxusundadır.” deyərək uşaqların yanına getdim. Mən onların oynadığı oyunu seyr edərkən Rəsulullah (s.ə.s) gəldi. Oyun oynayan uşaqlara salam verdi. Sonra məni çağırdı və bir yerə göndərdi. Mən də getdim. Həzrət Peyğəmbər (s.ə.s) mən qayıdana qədər bir kölgədə oturdu. Axşam evə gec gəldim. Anam:

“- Niyə gec gəldin?” -deyə soruşdu.

“- Allah Rəsulu məni bir iş dalınca göndərdi.” -dedim. Anam:

“- O nə işdir elə?” -dedi. Bu sualın cavabında mən də:

“- Rəsulullahın sirridir!” -dedim. Anam:

“- Elə isə Rəsulullahın sirrini mühafizə et, saxla!” -dedi.”

Bu hədisi rəvayət edən Sabit (r.a) deyir ki:

“Ənəs (r.a) mənə: “Əgər bu sirri bir nəfərə deyəcək olsaydım, sənə deyərdim, ey Sabit!” -dedi.” (Əhməd, III, 195)

Bu hadisədə də görülür ki, Peyğəmbərimiz uşaqlara sevgi ilə yaxınlaşır və onları ciddi şəkildə tərbiyə edirdi:

 

MƏHƏBBƏT VƏ CİDDİYYƏTLƏ

 

Kainatın Fəxri olan Peyğəmbərimiz uşaqların səviyyəsinə enir, onlarla salamlaşır, onları bir böyük kimi müxatəb qəbul edir, onlara sirr verir, sirr saxlamağı öyrədərək onları kamilləşdirir, sanki uşağın ruhuna nüfüz edirdi. Belə ki, hədisi-şəriflərində:

“Kimin bir uşağı varsa, onunla uşaqlaşsın!” (Deyləmi, III, 513) buyurmuşdur. Ancaq uşağın səviyyəsinə enərkən, uşaqla uşaq olarkən səmimiyyət ölçüsünü də ən gözəl məsafədə tutur, əsla nəzakətsiz davranmırdı. Beləliklə də uşağa vüqar və ciddiyyətlə yaxınlaşmağın sərtlik və kobudluq olmadığını; ona məhəbbət və şəfqətlə yaxınlaşmağın da nəzakətsizlik və ciddiyyəti itirmək mənasına gəlmədiyini şəxsən yaşayaraq göstərirdi.

Bu gün xüsusilə Avropadan gələn ifrat hürriyyətçi, liberal düşüncələrlə uşaqlarını həyatın qorxunc axarına “buraxan” və bunu “sevgi ilə sərbəst böyütmək” zənn edən valideynlərin bu sevgi və ciddiyyət tarazlığını Peyğəmbərimizdən öyrənərək yenidən qurmaları zəruridir.

Peyğəmbərimiz çiyinlərində gəzdirəcək qədər sevimli nəvələri Həsən və Hüseynə məhəbbətlə dolu idi. Lakin onlardan biri yeməməli olduğu sədəqə xurmadan bir dənə aldıqda Allah Rəsulu (s.ə.s) bütün ciddiyyəti ilə müdaxilə etmiş və xurmanı uşağın ağzından çıxartmışdı.

Peyğəmbərimiz (s.ə.s) uşaqları özbaşına buraxmır, şəfqətlə tərbiyə edirdi. Kainatın Fəxri olan Peyğəmbərimiz dul qalan Ümmü Sələmə (r.anhə) ilə evlənərkən onun övladlarının tərbiyəsini də öz üzərinə götürmüşdü. Bu bəxtəvər ögey övladlardan olan Əbu Hafs (r.a) nəql edir:

“Mən Həzrət Peyğəmbərin (s.ə.s) himayəsində böyüyən bir uşaqdım. Yemək yeyərkən əlim yemək boşqabının hər yanında gəzərdi. Bir gün bunu görən Allah Rəsulu (s.ə.s) mənə belə dedi:

“- Oğlum, “bəsmələ” de, sağ əlinlə ye və həmişə öz önündəkini ye!”

Həmin gündən sonra onun buyurduğu kimi yeyirəm.” (Buxari, Ətimə, 2-3; Müslim, Əşribə, 108; İbn Macə, Ətimə, 8)

Xitabdakı zəriflik... İfadədəki dəqiqlik... Təsirdəki qüvvət... Nəticədəki müvəffəqiyyət...

Peyğəmbərimiz şəxsən göstərdiyi kimi, əshabına da övladlarını tərbiyə üsulunu öyrədir və belə buyurdu:

“Uşaqlarınıza ikram edin və tərbiyələrini gözəl edin!” (İbn Macə, Ədəb, 3)

Bu günə qədər cahanda misli görülməyən bir müəllim olan Peyğəmbərimiz məhəbbətlə dolu söhbəti ilə, hikmətlə dolu nəsihətlərilə, Quran əsaslı əxlaqı ilə əsas mayasını ənsar və mühacirlərin meydana gətirdiyi bir nəsli mükəmməl şəkildə yetişdirmişdi. Bu elə bir tərbiyə idi ki, hökmü sonsuzadək idi:

 

QİYAMƏTƏ QƏDƏR...

 

O (s.ə.s), qiyamətə qədər hökmü əbədi qalacaq Son Nəbi idi. Lakin o da hər bir canlı kimi vəfat edəcəkdi. Məhz risalətinin vəhy almaq xaricində qalan vəzifələrini miras qoyacaq və onlar da bu cahandan ayrılanda məşəli sonrakılara dövr etdirmə təlaşı daşıyacaq bir nəsil yetişdirdi.

Kainatın Fəxri olan Peyğəmbərimizin vəfatına az qalmışdı. Peyğəmbərimiz namazı qıldırmaq üçün evdən çıxa bilmir, namazları Həzrət Əbu Bəkr (r.a) qıldırırdı. O gün azan oxunduqda səhabeyi-kiram Peyğəmbərimizi görmə və namazı onunla birlikdə qılma arzusunu dilə gətirir:

“Allah Rəsulu gəlmədən namaza durmaq istəmirik” -deyirdilər. “Onun üçün çox darıxdıq, mümkündürsə, aramızda Allah Rəsulu da olsun” -deyirdilər.

Halbuki Peyğəmbərimizin məscidə gələcək gücü və qüvvəti yoxdu. Taqətsiz idi. Ancaq səhabənin bu həsrətli dəvəti qarşısında:

“Bir qab su gətirin.” -dedi. Onu üzərinə töküb qüsl aldı. Yenə taqətsizdi. Ayağa qalxa bilmədi və özündən getdi. Özünə gəldikdə yenə bir qab su istədi. Qüsl aldı. Lakin yenə də özündən getdi. Üçüncü dəfədən sonra da taqətsizdi. Lakin səhabənin yanına çıxmaqdan vaz keçmədi. Qoluna girdilər, məscidə qədər apardılar.

Varlıq Nuru Peyğəmbərimiz Həzrət Əbu Bəkrə işarə etdi. O da əmrə riayət edərək mehraba keçdi. Bu şəkildə Peyğəmbərimiz (s.ə.s) camaatla olan son namazını qıldı.

Bundan sonrasını Həzrət Aişə (r.anhə) belə nəql edir:

“Mən Allah Rəsulunu bu qədər iztirab içində ikən, əshabının qolları arasında gətiriləcək qədər narahat olduqları halda heç bu qədər sevincli görməmişdim. Namazdan sonra arxaya çevrildi, onun tərbiyəsində yetişən o gözəl və mübarək camaata məmnuniyyətlə baxdı... Özündən sonra qoyub getdiyi və hərəsi bir ulduz kimi olan o ideal nəsli gördükdə Allah Rəsulu elə sevindi, o yorğun halı ilə elə gözəl bir təbəssüm etdi ki, bəlkə də həmin təbəssüm Allah Rəsulunun şahid olduğum ən gözəl təbəssümü idi...”

Peyğəmbərimiz (s.ə.s) nəsil təlaşını son nəfəsinə qədər davam etdirdi. Qızı Fatimə və digər ailə üzvlərinə vəsiyyətlər etdi. Onun Rəfiqi-Əlaya səfəri əsnasında son fürsətlərini də nəsilləri xəbərdarlıq içində necə dəyərləndirdiyini Ənəs (r.a) belə nəql edir:

“Vəfatı əsnasında Rəsulullahın (s.ə.s) yanındaydıq. Bizə üç dəfə:

“Namaz xüsusunda Allahdan qorxun!” -dedi.

Sonra da belə buyurdu:

“Əmriniz altındakı insanlar haqqında Allahdan qorxun, iki zəif haqqında Allahdan qorxun: Dul qadın və yetim uşaq. Namaz xüsusunda Allahdan qorxun!”

Sonra: “Namaz, namaz...” deyə təkrar etməyə başladı. (Mübarək dili söz tutmaz olduqda belə) mübarək ruhunu təslim edənə qədər bunu içdən təkrar etdi.” (Beyhəqi, Şuab, VII, 477)

Peyğəmbərimizdən sonra səhabeyi-kiram da ondan aldıqları nəsib ölçüsündə eyni şövq və üsul ilə bu vəzifəni davam etdirdilər. Öz övladlarını onları əshabi-kiram edən yüksək xüsusiyyətlərlə tərbiyə etdilər. Övladları ilə yanaşı yetimlərin və mövla deyilən İslamın nurlu işıqlarını saldığı məmləkətlərin övladlarının da maddi və mənəvi tərbiyəsini öz üzərlərinə götürdülər. İlk böyük elm-irfan nəsilləri bu səmimi fəaliyyətlərin meyvəsi oldu.

Budur, bunlardan bir misal:

Həzrət Ömər möminlərin əmiri olaraq şəhərin küçələrində gəzərək həm asayişi təmin edər, həm də möhtacların hal-əhvalını soruşardı. Bir gün belə bir gəzinti əsnasında bir evdən ana ilə qızı arasında keçən bir dialoq bayırda rahatca eşidildi:

- Qızım, sabah satacağımız südə bir az su qat...

- Anacan, xəlifə südə su qarışdırmağı qadağan etmədimi?

- Qızım, gecənin bu vaxtında xəlifənin nə xəbəri olacaq ki?!.

- Anacan, xəlifənin xəbəri olmaz, bizi görməz. Bəs Allah?.. Bu hiyləni insanlardan gizlətmək asandır, ancaq hər şeyi görən və bilən Allahdan gizlətmək mümkündürmü?..

Həzrət Ömər (r.a) qəlbi ehsan şüuruyla dolmuş, hər an ilahi müşahidənin altında olduğunu idrak etmiş bu qıza heyran oldu. Bu təqvalı qızı oğluna aldı, özünə gəlin etdi. Beşinci xəlifə olaraq bildirilən məşhur Ömər bin Abduləziz (r.a) da məhz bu nəsildən gəldi.

Sonrakı dövrlərdə də Peyğəmbərimizin yeganə mirası olan “irşad və tərbiyə; elm və təbliğ” xidmətlərinə mənəvi və ruhani əlaqə və həyəcan davam etdiyi müddətcə nəsillər əcdadının izində yetişdi. İslam aləmi özlərini talib və müridlərini təlim və tərbiyə etməyə vəqf etmiş müdərris və mürşidlərlə dolu mədrəsə və dərgahlar ilə, elm və irfanını istiqbala daşıdı...

Lakin nə zaman ki, o tərbiyə büdrədi, o ruh və mənəviyyat öldü, nəsillərin yetişdirilməsində ilahi və nəbəvi ölçülərin yerini nəfsani və şeytani fısıltılar tutdu, həmin andan etibarən cəmiyyət olaraq, fərd olaraq, millət olaraq zəifləmə və parçalanma baş verdi.

Qitələrin, iqlimlərin və bölgələrin bir-bir əldən çıxması əslində idrak edə bilənlər üçün nəsillərin əldən çıxmaqda olduğunun əlamətidir. 

 

HƏDƏR OLAN NƏSİLLƏR

 

Belə ki, Qurani-Kərim əvvəlki ümmətlərin maddi və mənəvi çöküş və dağılışını bəyan edərkən nəsillərdə meydana gələn ziyan və böhrana diqqətimizi çəkir:

Ayeyi-kərimədə buyurulur:

“Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz (Allah tərəfindən) bağışlanacağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar.

Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər.

Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir.

Məgər dərk etmirsiniz?” (əl-Əraf, 169)

Ayeyi-kərimədə əhli-kitabın mənəvi mirasını nəsildən-nəslə ötürdükdə yaşadığı itkiyə diqqət çəkilir. Bəli, övladlar kitab nəql edilmiş, lakin o kitabın əmr və qadağalarına riayət etmək şüuru verilməmişdir. Kitab o nəsillərə oxudulmuş, ancaq boğazlarından aşağıya, ürəyə enməmiş, ruha nəqş olunmamışdır... Axirət haqda məlumat verilmiş, ancaq mizan qorxusu, aqibət təlaşı, əsas həyatın axirət olduğu şüuru vicdanlara yerləşməmişdir....

Quru bir mirasçılıq...

Bunun əvəzinə mənfəətpərəstlik gəlmiş, Allaha üsyan və halal-harama diqqət etməmə pərişanlığı çoxalmış...

Digər bir ayeyi-kərimə nəticəni xülasə edir:

“Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər.” (Məryəm, 59)

Bu gün millət və cəmiyyət olaraq övladlarımızın halını bu ayəyə görə mizan edək.

Təəssüf ki, bu gün küçələr mənəvi fəryadlarla inləyir. Əfsus ki, küçələr:

 

FƏYY DƏRƏSİ HALINDA...

 

Ata-anaların bioloji quruluşu imdada yetişmək üçün kifayət etmir, göz bəbəyi olan övladlar küçələrin insafına buraxılmış, səkilərdə can verirlər...

Küçələrin ümumi mənzərəsi göstərir ki, təəssüf ki, gələcək nəsillərin yetişməsində bizi biz edən, başda Peyğəmbərimizin, əshabın, əhli-beytin, Nizamilərin, Füzulilərin, Xoca Əhməd Yəsəvilərin, Həzrət Mövlanaların, Hüdayilərin yolu deyil, onların və bizim əsas düşmənimiz olan şeytanın çirkli, səfil və bədbəxt, çıxılmaz yolları təqib edilir.

Dünən öz övladları ilə birlikdə başda ümmətin yetimləri olmaqla insanlığın yetimləri olan kölə uşaqlarına əl tutan millətin yerini, öz övladını küçələrə atan analar, atalar alır?!.

“Nəzər bər-qədəm” ədəbi ilə gözləri hicab ilə ayaqlarının ucunda olan gənclərin, İslamın vüqar və ədəbi ilə bəzənmiş, maddi-mənəvi təsəttür qalxanı ilə örtünmüş xanımların yerini həyatı tək bir adi məqsədin arxasınca sürüklənməyə həsr etmiş, qadın, yoxsa kişi olduğu ayırd edilə bilməyən bir güruh alır?!.

Halaldan istifadə edərkən belə titrəyən, israfdan diksinən, konfortun və modanın adını belə eşitməmiş bir infaq, mərhəmət və comərdlik cəmiyyətinin yerini haram və şübhəli sellərində boğulan, Allahın lənətlədiyi nəsaniyyətə, günaha daha çox batmaq üçün dünyasını səfil və axirətini pərişan edən kütlələr alır?!.

Bu gün, xüsusilə dindar ata-analar başlarını iki əllərinin arasına alıb düşünməlidirlər:

Övladları onlarındır, yoxsa sərxoş qusuntusu ilə pislənmiş, hər cür lənətli davranışlarla dolu qaranlıq küçələrin?

Uşaqlarımız televizor, internet və mobil telefonlardan istifadə edir, yoxsa bu alətlər övladlarımızı idarə edir?

Uşaqlarımızı kim formalaşdırır? Hansı düşüncə ilə və kimin arzusu istiqamətində bir tərbiyə görürlər? Uşaqlarımızın könüllərində, ideallarında, hədəflərində hansı misallar, hansı şəxsiyyətlər var?

Uşaqlarımızın iç dünyalarına sanki bir güzgü tutan xarici görünüşlərini, əyin-başlarını kim təyin edir?

Əgər bu sualların cavabı həqiqi və səmimi şəkildə “Biz” deyilsə, təbiət kimi övladlarımızın ürəyi də boşluq qəbul etməyəcək və “bizim” yerimizi yad ünsürlər tutacaqdır. Adəm atamızdan bəri bəşəriyyətə, xüsusən də yeni nəsillərə tələ qurmuş şeytan tutacaqdır.

 

 

ŞEYTANI ŞƏRİK ETMƏ!

 

Ayeyi-kərimədə Allah-Təala şeytanın ona tabe olan və yalançı vədlərinə qulaq asanların mal və övladlarına ortaq olacağını xəbər verir. (əl-İsra, 64)

Deməli, mal və övlad ən mühüm imtahan vəsiləsidir. Var-dövlət üzərində mülkün həqiqi sahibi olan Allah-Təalanın arzusuna uyğun hərəkət edilməzsə, insana böyük bir vəbal olar. Övlad da onları əmanət olaraq lütf edən Allah-Təalanın istədiyi şəkildə tərbiyə edilmədikdə valideyn üçün bir müsibətdir.

Hər iki nemət də gözəl dəyərləndirilərsə, əməl dəftərini qiyamətə qədər açıq tutacaq bir axirət qazancı ola bilər. Əks təqdirdə eyni dərəcədə mənfi nəticələrə səbəb olar.

Başdansovdu bir əlaqə ilə yaxınlaşmaq, bir-iki yay fəslində üç-beş dəfə məscidə göndərib, qalan bütün zamanlarda övladını küçələrin insafına əmanət etmək, sonra da:

“Mən əlimdən gələni edirəm.” -deyib rahat nəfəs almaq olmaz. Çünki dağ kimi alovlar qarşısında bir stəkan suyun heç bir şey ifadə etmədiyini hər kəs bilir. Eyni şəkildə ucsuz-bucaqsız səhraya bir vedrə su tökməyin də heç bir faydası olmaz.

Bəlkə keçmiş əsrlərdə küçədən bazara, evdən məscidə hər tərəfin bir İslami məktəb, ata-anadan baba-nənəyə, tacirdən ustaya hər kəsin bir müəllim olduğu dövrlərdə az bir hərəkətlə övladlar İslam tərbiyəsi və əxlaqı ilə böyüyə bilirdilər.

Lakin bu gün mənfi küləkləri tərsinə çevirəcək, nəfsani yanğınları söndürəcək bir ciddiyyətlə məsələnin müzakirə edilməsi zəruridir. Məhəbbətli bir nizam-intizam ilə, axirət təlaşında həmfikir olan qardaşların birləşməsi və imkanlarını cəm etməsi ilə və xüsusən də mənəvi tədbirlərə riayət edərək yerinə yetiriləcək çalışmalar inşallah, nəticə verəcəkdir.

Şərtlərin əlverişsizliyi qarşısında ümid kəsilməməlidir. Peyğəmbərimizin (s.ə.s) də son dərəcə zalım, qəflətlə dolu, qəddar bir cahiliyyət qaranlığı içərisində vəzifəsini yerinə yetirdiyi yaddan çıxarılmamalıdır.

Dünən olduğu kimi bu gün də cahiliyyət qaranlığındakı küçələri İslamın hidayət günəşi ilə aydınladacaq, mənəvi fəryadları Hzərət Məhəmmədin eşqi ilə şaqırdayan yanıqlı bülbül sədalarına çevirəcək şövq və həyəcan da, üsul və metod da Kainatın Fəxri olan Peyğəmbərimizin mübarək ruhani həyatından feyz, ruhaniyyət və nəsib almaqla mümkündür.

Rəbbimiz bizə zürriyyətimizdən göz nuru, xeyirli xələf olan övladlar nəsib etsin. Nəsillərimizi Allaha haqqıyla qul və Həbibinə layiqli ümmət ola biləcək şəkildə yetişdirməyi nəsib etsin!

Bizə, arxamızdan sədəqeyi-cariyə mahiyyətində yaşayacaq və əməl dəftərlərimizi qiyamətə qədər savablarla dolduracaq əməlisaleh nəsillər, xeyirli tələbələr və faydalı əsərlər qoyub getmə nemətini lütf və ehsan etsin.

Amin!..

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz