İSLAM VƏ GƏNCLİK - Akademik Vasim MƏMMƏDƏLİYEV

İSLAM VƏ GƏNCLİK - Akademik Vasim MƏMMƏDƏLİYEV

Gənclik bütün dünyanın, bütün bəşəriyyətin gələcəyidir. Gənclik olmayan yerdə tərəqqi, yüksəliş, irəliləyiş yoxdur. Cəmiyyətin inkişafı yaşlıların biliyi və təcrübəsi, gənclərin cəsarəti və enerjisi sayəsində mümkündür. Bu iki qüvvə birləşdiyi zaman onların qarşısında heç bir sədd, heç bir maneə davam gətirə bilməz.

İlahi dinlərin sonuncusu və ən mükəmməli olan İslam cəmiyyətin formalaşmasında, müsəlman ümmətinin təşəkkülündə gənclərin mühüm rolu olduğunu etiraf etmiş, gəncliyə böyük qiymət vermişdir.

İslam dini Ərəbistanda meydana gələrkən Peyğəmbərimizə bu dinin yayılmasında kömək edənlər əsasən gənclərdən ibarət olmuşdur. Bu baxımdan İslamın bir gənclik hərəkatı olduğunu söyləmək mümkündür. İslamda ilk gənclər arasında Həzrət Əli (10yaş), Zeyd bin Harisə, Talha (15-17 yaş), Əbdürrəhman bin Əvf, Sad bin Əbi Vəqqas (17 yaş), Abdullah bin Məsud, Zübeyr bin Əvvam (16 yaş), Abdullah bin Ömər (13 yaş), Musab bin Ümeyr (18 yaş), Osman bin Əffan (24 yaş), Əbu Ubeydə bin Cərrah (31 yaş) və başqalarının adlarını çəkmək olar. İslamı ilk qəbul edənlər arasında Peyğəmbərimizin qızlarını, Ömərin bacısı Fatimə binti Xəttabı, Əbu Bəkrin qızları Əsma və Aişəni qeyd etmək olar. Bu gənclərdən bəziləri çox varlı ailələrdən olmalarına baxmayaraq ailələrini tərk edərək Həzrət Məhəmmədin yanına gəlmiş, İslamı qəbul etddiklərinə görə böyük çətinliklərlə qarşılaşmış, Allahın tövhid dininə sadiq qalaraq Peyğəmbərin ətrafında özlərinə yer almışdılar.

Gənclərin cəmiyyətin ümidverici, hərəkətverici qüvvəsi olduğunu gözəl bilən Peyğəmbərimiz başlıca diqqətini gənclərin təlim-tərbiyəsinə yönəltmiş, İslam icmasının formalaşmasında, islami dəyərlərin yaşanmasında və yayılmasında cavanların qüvvəsindən, istedadından, enerji və bacarığından geniş istifadə etmişdir.

Peyğəmbərimizn böyük məsuliyyət tələb edən yüksək vəzifələrə gənclərin hazırlaşdırılıb yetişdirilməsini onların təbii haqqı hesab edir, bu məsələyə böyük diqqət verir, hətta gəncləri bu işlərə təşviq edirdi. Rəsuli-Əkrəm (s.ə.s) gəncləri ciddi işlər görməyə ruhlandırmağın, onları çətin, məsuliyyətli işləri həyata keçirməyə cəsarətləndirməyin ən gözəl nümunələrini həyatı boyu, nümayiş etdirmişdir. Peyğəmbərimizin gəncləri təlim-tərbiyə, elm sahəsində, eləcə də hərbi sahədə irəli getməyə təşviq etməsinin bəzi örnəklərini xüsusi olaraq qeyd etmək istərdik.

Məhəmməd əleyhis-salam gənclərdə əqidə-iman möhkəmliyinin yaradılmasına, din, əqidə, vətən, bayraq, haqq, ədalət uğrunda mübarizə zamanı onlarda zəfər ümidinin qüvvətləndirilməsinə xüsusi əhəmiyyət vermişdir. O, bir çox ciddi savaşlarda müsəlmanlar arasında təcrübəli, yaşlı hərbçilərin olmasına baxmayaraq, komandanlığı gənclərə həvalə etmişdir. O, Təbuk vuruşunda Bəni-Nəccar qəbiləsinin bayrağını 20 yaşlı Zeyd bin Sabitə, Xeybər savaşında bayrağı çox gənc olan Əliyə vermişdi. Eləcə də Peyğəmbərimiz Bəni-Qüzaə üzərinə olan vuruşda, həmçinin Bizansa qarşı müharibəyə hazırlaşan, tərkibində Əbu Bəkr, Ömər, Əbu Ubeydə kimi təcrübəli mücahidlərin yer aldığı qırx minlik müsəlman ordusunun komandanlığını 18 yaşlı Üsamə bin Zeydə həvalə etmişdi. Səhabələrdən bəzilərinin çox gənc olduğu üçün komandanlığın Üsaməyə tapşırılmasına etiraz etməsinə baxmayaraq, Peyğəmbər onu çox öymüş və bu vəzifəyə layiq olduğunu dönə-dönə bildirmişdi. Burada bir mühüm cəhəti də nəzərə almaq lazımdır. Məlum olduğu kimi, Üsamə Məhəmməd əleyhissalamın azad etdiyi köləsi Zeydin oğlu idi. Peyğəmbərimiz Üsaməni ordu sərkərdəliyinə gətirməklə İslamın insanların bərabərliyini təmin etməsini, bir insanın digərindən üstün tutulmasının onun azad, yaxud kölə olması ilə deyil, təqva dərəcəsi, şəxsi keyfiyyətləri, bacarığı və ləyaqəti ilə müəyyən edildiyini bir daha ümmətə, eləcə də bütün bəşəriyyətə bəyan etmişdi. Yuxarıda deyilənlər Peyğəmbərimizin gənclərə bəslədiyi inamın, gənclərə göstərdiyi qayğının ən bariz nümunələridir.

Rəsuli-Əkrəm (s.ə.s) gənclərin elm sahəsində yetişməsinə böyük qayğı və diqqət göstərmiş, onları elmə həvəsləndirmiş, elmlə məşğul olmaları üçün hər cür şərait yaratmış, gənclərdən olan elm sahiblərini yüksək qiymətləndirmişdir. Məsələn, başqalarına hədis yazmağı qadağan etdiyi halda Həzrət Əliyə və Abdullah bin Əmr bin əl-Asa bu işi görməyə icazə vermişdi. Peyğəmbərin vəhy katibləri əsasən gənclərdən ibarət olmuş, onun İslama dəvət məktubları gənclər tərəfindən yazılmışdır. Peyğəmbərimiz gəncləri, o cümlədən Zeyd bin Sabiti əcnəbi dilləri, xüsusilə süryani və ibrani dillərini öyrənməyə təşviq etmişdir. O özü ilə yəhudilər arasında danışıqlar aparmaq üçün Zeyd bin Sabiti elçi təyin etmişdi. Peyğəmbər yenə də gəncləri elmə təşviq etmək məqsədilə özü həyatda ikən bir sıra cavan səhabələrə fətva verməyi izn vermişdi. Onların içərisində Həzrət Əlinin, Əbdürrəhman bin Əvfin, Abdullah bin Məsudun, Zeyd bin Sabitin, Muaz bin Cəbəlin adlarını çəkmək olar. Məhəmməd əleyhissalamın “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Şəhərə girmək istəyən qapıdan keçib gəlsin”, “Ümmətimin içində halal-haramı ən yaxşı bilən Muazdır” hədisləri onun gənclərin elmini nə cür yüksək qiymətləndirməyinə dəlalət edir. Məhz elə buna görədir ki, Peyğəmbər 21 yaşlı Muaz bin Cəbəli Yəmənə vali göndərmişdi.

Rəsuli-Əkrəm (s.ə.s) gənclərin mənəvi əxlaqi zahidlikdə irata varan, gündüzləri oruc tutub,  gecələri namazla sürən, qadınları tərk etmək istəyən Abdullah bin Əmr bin əl-As, Osman bin Məzun, Əbud-Dərda kimi gənclərə, onların simasında bütün mühacir və ənsara İslamda rahiblik olmadığını anlatmış, onlara dini və dünyəvi həyatda öz sünnəsinə uyğun orta bir yol tutmağı tövsiyə etmişdir. O, eyni zamanda bütün müsəlmanları, o cümlədən gəncləri zinakarlıq, əyyaşlıq və pozğunluqla məşğul olmaqdan çəkindirmiş, onlara İslam qayda-qanunları əsasında ailə qurmağı, nəsil artırmağı, yaxşı oğul-uşaq böyütməyi vacib bir əməl olaraq buyurmuşdur.

Peyğəmbərimiz gənclərə sərbəst düşünməyi, həqiqəti söyləməyi, haqqı müdafiə etməyi, özlərinin doğru fikirlərini heç bir şeydən çəkinmədən, cəsarətlə müdafiə etməyi tövsiyə etmişdir.

Bütün bu dediklərimiz, Peyğəmbərimizin gənclərə verdiyi yüksək qiymətin, gəncliyə göstərdiyi böyük qayğının azsaylı, kiçik nümunələridir.

Son olaraq onu qeyd etmək istəyirik ki, biz İslamın, Həzrət Məhəmmədin gəncliyə verdiyi yüksək qiyməti cavanlarımıza çatdırmaqla yanaşı, Peyğəmbərimizin özünü böyüməkdə olan nəslə layiqincə tanıtmalıyıq. Qurani-Kərimdə möminlər üçün əxlaqi baxımdan “usvətun həsənə” (gözəl örnək) adlandırılan, “Həqiqətən sən böyük bir əxlaq üzərindəsən” deyə müraciət edilən Məhəmməd Peyğəmbərin kamil bir insan, güvənilən adam, Allahın sevib-seçdiyi bəndə, nəhayət sonuncu peyğəmbər kimi təkrarolunmaz əxlaqi keyfiyyətlərini, misilsiz insani məziyyətlərini gənclərimizə çatdırmağın olduqca böyük əhəmiyyəti vardır.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz