Cənnət Hansı Anaların Ayağı Altındadır?
Bəli, “Cənnət anaların ayaqları altındadır”, -buyurur Kainatın Fəxri Rəhmət Peyğəmbəri. Nə qədər gözəl deyilmi ana olmaq, o gözəl duyğunu yaşamaq, 9 ay körpəsini bətnində daşımaq və doğulduğu andan etibarən ona qol-qanad gərib üzərində titrəmək... Hətta lazım gəldikdə səbəb və məqsəd güdmədən onun üçün özünü fəda etmək...
Ana olmaq Yaradanımızın qadınlara verdiyi ən gözəl hissdir və bunu öz Rəhim sifəti ilə taclandırmışdır ki, biz buna nə qədər layiqik, nə qədərini haqq edirik nəfsimizi, vicdanımızı, hətta bütün mənliyimizi hesaba çəkməli, düşünüb təfəkkür etməli, əgər varsa səhvlərimizdən, qüsurlarımızdan dərhal dönməliyik. Çox sevdiyimiz övladlarımızı oda atmayaq. Onların həyatda özlərinə nümunə götürəcəyi insanlar bizik çünki. Cənnəti, Cəmalullahı istədiyimiz halda ona aparacaq əməlləri yerinə yetirmiriksə, cəhənnəmdən, əzabdan qorxduğumuz halda ondan uzaqlaşdıracaq günahları tərk etmiriksə, uşaqlarımızı da bizimki kimi bir son gözlədiyi aşkardır. Onların güzgüsüyük bir sözlə. Baxdıqlarında gördükləri dəqiqdirsə, aydındırsa, heç bir problem yoxdur, ancaq gördükləri mənzərə bulanıqdırsa...
Övladına Quran və Sünnə əxlaqı aşılayan, başda öz həyatını sonra da onların həyatını buna görə tərtib edən, gündəlik həyatında bu plan və proqram xaricinə çıxmayan əməlisaleh anaların övladları şəkilləndirməli, istiqamət verməli içində yaşadığımız cəmiyyətə. Rəfiqələri ilə gözəllik salonlarında vaxt keçirən, hətta ayaq bağı olmasın deyə övladlarını televiziya, kompyuter başına, ya da küçəyə göndərən problemli, amma məsuliyyətsiz anaların yetişdirdikləri deyil... Unutmayaq ki, Rəhmət Peyğəmbəri (s.ə.s) və göydəki ulduzlar olan əshabi-kiram da bir ana balası idi, Nəmrud, Firon və Əbu Cəhllər də... O (s.ə.s), son Peyğəmbərdi. Bunda ən kiçik şəkk və şübhə yoxdur. Ancaq bu gün Firon, Nəmrud, ya da Əbu Cəhllərin varlığı və çoxluğu yadırğana bilməz.
Vəfa həzrətlərinin oğlu səhənglə su daşıyanların səhənglərində iynə ilə dəlik açarmış və su mənzilə çatmadan boşalarmış. Camaat Həzrəti incitməmək üçün bunu ona deməzlərmiş. Bir gün artıq səbirləri tükənmiş və vəziyyəti Vəfa həzrətlərinə bildirmişlər. Həzrət xanımına demiş ki, mən düşündüm, amma ciddi bir problem görmədim. Sən də bir düşün, görəsən əskiklik, xəta, bir qüsur və ya nöqsanlıq səndə ola bilərmi? Xanımı düşünüb-daşınmış və belə demiş: “Hamilə ikən soruşmadan başqasının bağındakı bir narı sıxıb suyunu içdim.” Ərinin təkidi ilə gedib bağ sahibindən halallıq aldıqdan sonra qısa bir müddət içində uşaq bu vərdişini tərk etmiş...
Həmçinin səhabələr bir nəfərin sübh namazından dərhal sonra Məscidi-Nəbəvini tərk etdiyini, Peyğəmbərimizin söhbətində iştirak etməyini görüb, vəziyyəti Allah Rəsuluna bildirmişlər. Kainatın Fəxri vəziyyətdən xəbərdar idi. Ancaq səhabələrin marağını aradan qaldırmaq üçün soruşduqda aldığı cavab uşaq tərbiyəsində ibrət və nümunə götürüləcək bir davranış tərzi: “Ya Rəsulallah, oğlum hələ yaxşını və pisi, haramı və halalı ayırd edə bilməyəcək qədər kiçikdir. İndi xurma mövsümüdür, qonşumun bağındakı ağacdan mənim həyətimə tökülənləri o oyanmadan təkrar geri ata bilmək üçün namazı qılan kimi getmək məcburiyyətindəyəm. Buna görə söhbətinizdə iştirak edə bilmirəm.” Misallar çoxdur, ən gözəl nümunə bizim üçün Allah Rəsuludur əlbəttə ki... Ancaq bu gün də uşaq tərbiyəsində əli öpülməli nümunə anaların olması ümidimizi, həyəcanımızı, gələcəyə dair xəyallarımızı hər zaman canlı və diri tutur.
Rəhmanın rəhmətinə qovuşmuş nənələrim düşür yadıma. Onlar, əli öpüləcək nümunəvi analardan idi. Şükürlər olsun ki, doğulacaq olan (xəyalımdakı) qızımın nənələri də elə... O zaman çox rahat bunu söyləyə bilərik ki, silsilənin davam etməsi anaların əlindədir. Çünki uşaq üçün ən yaxşı pedaqoq heç şübhəsiz ki, anadır...
O halda belə dua edək Uca Rəbbimizə... Rəhman və Rəhim olan, bağışlamağı sevən Allahım! Sən bağışlayıcısan, bağışlamağı sevirsən. Məni, ailəmi, ata-anamı və bütün inananları bağışla. Bizləri də, nəsilimizi də İslama xadim, namaza daim et. Bizləri hər cür pislikdən və şərdən qoru, bizi razı olduğun qullarının zümrəsinə daxil et! İmanımızı qurtarmadan canımızı alma! Bizi nur camalını görəcək qullarından et! Ya Rəbb, şübhəsiz sən duaları eşidən və qəbul edənsən. Bizim də dualarımızı qəbul et! Uca Rəbbim, həyat yoldaşlarımız gözəl əxlaqlı, əməlisaleh analardan olsun! Dünyaya gələcək nəsillər də güzgüyə baxdıqlarında özlərini bulanıq deyil, aydın görsünlər. Görsünlər ki, hədisi-şərifdə də xəbər verildiyi kimi, inşallah, cənnət də anaların ayaqları altında olsun!
Qürbətdə həsrətini çəkdiyim anama ithaf edirəm...
ŞƏRHLƏR