YAY TƏTİLİNDƏ UŞAQLARA QURAN ÖYRƏDƏK
“Arifə işarə bəsdir” -deyirlər. Ümid edirəm, yuxarıda oxuduqlarımız hər birimizi kompyuter dili ilə desək, “Refresh” etmişdir. Niyə də etməsin ki? Bir səbəb söyləyim. Hər birimiz öz yaxınlarımıza nəzər salaq. Hansı qohumumuzdan Quran oxuya bilirsənmi? -deyə soruşsaq, cavabı “yox” olacaqdır. Səbəb də budur: “Bildiyiniz kimi biz Sovet dövründən qalma insanlarıq. Bizim dövrümüz indiki kimi deyildi və s.” Düzdür dediklərində həqiqət çoxdur. Çünki o vaxtlar, indiki kimi dini təhsil almaq üçün heç bir dövlət dəstəyi yox idi. Bəs indi? Bu gün gündən-günə çiçəklənən Azərbaycanımızda 1802 məscidin olması, Dini Qurumlarla İş üzrə Dövlət komitəsi nəzdində və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ən ucqar bölgələrimizdə belə mütəxəssislər tərəfindən təmənnasız Quran tədris edilməsi əlverişli şəraitin olmasının bariz nümunələrindəndir. Bütün bu şəraitlər ola-ola biz “Allahla danışmaq istəyən Quran oxusun” hədisindən yola çıxaraq bu gün öyrənməyə səy göstərmiriksə, sabah qiyamət günündə özümüzü nə dərəcədə haqlı saya bilərik? Ola bilər özümüz oxuya bilmirik, zamanında öyrənmədik, işimizin çoxluğu və s. kimi sözlərlə təsəlli taparıq. Bəs gənclərimiz? Heç olmasa onları bu mənəvi zövqdən məhrum etməyək.
Başımız o qədər qarışdı ki, özümüzü və yaradılış səbəbimizi unutduğumuzu belə unutduq. Hötenin çox gözəl bir sözü var: “İnsanlar inandıqları kimi yaşamazlarsa, yaşadıqları kimi inanmağa başlayarlar.” Həqiqətən də bu belədir. Hər birimiz ölmək üçün dünyaya gəldik. Həyat səfərimiz bir dəfəyə məxsusdur. Nə qədər ömrümüz var, o da bilinmir? Namazımız (cənazə) qılınmadan namaz qılaq. Gün gələcək ən çox sevdiyimiz insanların telefonlarından belə silinəcək. Bütün bunlar olmadan Rəbbimizin əmrlərinə qulaq asaq.
Aldığımız əşyaların çoxunda bir kitabça var. Bu kitabçada həmin avadanlığın istifadə qaydası, istifadəyə yararlılığı, hansı şərtlərlə işlədiyi və s. yazılıdır. Quran da insanın yaşayışını özündə əks etdirən ilahi fərmandır.
O Quran ki, möminlər üçün bir şəfadır.
O Quran ki, peyğəmbərimizin əmanətidir.
O Quran ki, Furqandır
Allah Təalanın sənətdə təcəllisi insan, kəlamda təcəllisi isə Qurandır. Quranda nə varsa insanda, insanda nə varsa Quranda mütləq vardır.
Əgər bir valideynsək övladlarımızın nə olmasını arzulayırıqsa arzulayaq, bunun tək çıxış yolu yenə də Qurandan keçir. El arasında “Allahdan qorxmayandan qorx”-deyə bir söz var. Övladımızın vətəninə, millətinə faydalı olmasını istəyiriksə, onları Allahdan, peyğəmbərini, kitabını tanımaqdan məhrum etməyək. Onların dini biliklərə sahib olma fürsətlərini qiymətləndirməyi özümüzə vəzifə borcu edək. Televizordan, internetdən, asudə vaxtdan səmərəli istifadəni öyrətdiyimiz kimi, Qurani-Kərimi oxumağı da öyrətməliyik. Ya da səbəb olaraq həvəsləndirməliyik. Əks halda onların ömürlərini israf etməyə bir qapı açarıq ki, bu da ən böyük israfdır. Əgər övladlarımızı belə tərbiyəvi kurslara yazdırmışıqsa bununla kifayətlənməyək. Kursa gedək. Oxuduqları yeri yaxından tanıyaq. Nələr öyrəndiklərini, niyə öyrəndiklərini gözlərimizlə görək və müəllimlərini dəstəkləyək. Bir düşünək! Əgər bir bəndə yaddaşında Qurandan kəlamlar gəzdirər və əməl edərsə, o kəlamın sahibi həmin bəndəsini və əməlini zay edərmi? Əsla! Peyğəmbərimiz (s.ə.s): “Sizin ən xeyirliniz Quranı öyrənən və başqalarına öyrədəndir ” buyurur. Ən xeyirli olmağımızın vaxtı gəlmədimi?!
Əgər bir müəllimsək, şagirdlərimizə qarşı gülərüz, şirindil, fədakar olmalıyıq. Unutmayaq ki, hər gələnin axirətindən məsuluq. O, bizə əmanətdir. Qarşımdakı şagirdim bura bir daha gəlməyə bilər düşüncəsi ilə, bütün enerjimizlə onların hidayətinə və himayəsinə çalışmalıyıq. Unutmamalılıyıq ki, bunlar sabah ölkəmizin gələcəyi və bizim davamçılarımızdır. Bizim vəzifəmiz Peyğəmbər vəzifəsidir. Müdirimiz isə Allahdır. Necə deyərlər “Əmr böyük yerdəndir”. Verilən əmri icra etmək zamanıdır. Yerində oturaraq bacarıqlı olmaq toyuğa məxsusdur. Şeytan belə tətil etmədiyi halda biz niyə hədəflərimizlə tətil edək?!
Mövlananın hüzuruna bir gənc gəlir. Mövlana ayağa duraraq bu gənci qarşılayır və öz yerini ona verir. Əhatəsindəki insanların ona heyrətlə baxdığını görən Mövlana: “Yerdən üzərində Allah yazılan yazı tapsanız onu götürüb ən üstə qoymazdınızmı?”- deyə soruşur. Hamısı bir ağızdan “bəli” deyir.
“Mən də elə etməyə çalışdım. Çünki bu gənc Quran hafizidir!”
Özümüzün Quran aşiqi, övladlarımızın isə canlı Quran olması təmənnası ilə...
ŞƏRHLƏR