SEHRİN DİNDƏKİ YERİ

SEHRİN DİNDƏKİ YERİ

Rağib İsfəhani və başqaları belə demişlər: Sehr bir neçə mənada işlədilir:

  1. Lətiflik və incəlik kəsb edən şey. Məsələn, uşağı sehrlədi, -cümləsində olduğu kimi. Yəni onu aldatdı və qəlbini özünə meyil etdirdi. Hər kəs ki, bir şeyi özünə meyil etdirir, artıq onu sehrləmişdir. Şairlərin “gözlərin sehrləməsi” ifadəsi də gözlərin nəfsləri özünə meyil etdirməsinə görə, işlədilir.

“Gözəl nitq söyləməkdə sehr qüvvəsi vardır.”[1] hədisində də bu məna ifadə olunmuşdur.

  1. Həqiqətlə əlaqəsi olmayan aldatmaq və təxəyyülat – illüziya oyandırmaq. Göz bağlayıcının sürətli əl hərəkətilə gözləri çaş-baş salması kimi. Quranın bu ayəsini misal verək:

 “...Onlar ( sehrbazlar əllərindəkiləri və əsaları yerə) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr göstərdilər.”[2]

  1. Müəyyən bir yolla şeytanlarla yaxınlıq edərək onlardan hasil olan kömək. Aşağıdakı ayə buna işarə edir:

“...Lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular.”[3]

  1. Münəccimlərin iddiasına görə ulduzların ruhaniyyətini (təsirini) yer üzünə yönəldərək insanlara təsir etmək.

Bəzən də şeytanlardan kömək istəmə və münəccimlik kimi iki fərqli iş bir arada edilir və iddia edirlər ki, bu daha qüvvətlidir.

Habelə sehrdə işlədilən alətə və sehrbazın əməlinə də sehr deyilir. Sehrin təsiri xüsusunda alimlər müxtəlif görüşlər bildirmişlər. Sehrin illüziyadan ibarət olduğunu və gerçəktərəfinin olmadığınıd eyənlər də var.

Mazəri demişdir: “Alimlərin əksəriyyəti sehrin varlığını və gerçək olduğunu söyləyirlər. Bəzi alimlər isə sehrin gerçək olduğunu qəbul etməmiş və ondan vaqe olana batil təxəyyülat demişlər. Ancaq bu görüş keçərli deyil, çünki nəql sehrin mövcudluğunu təsdiq edir. Elə ağıl da sehrbazın bəzi sözləri deməsilə və ya bəzi əşyaları bir araya gətirməsi, yaxud da məxsusi bir tərtiblə bəzi enerjilərin qarışdırılması ilə Allahın xariqüladə hadisə yaradacağını inkar etmir. Məsələn, mütəxəssis həkimlərin bəzi dərmanları qarşdırması nəticəsində onlardan zərərli olanın faydalıya çevrilməsi buna bənzəyir.”

Sehrin möcüzə və kəramət arasındakı fərqinə gəlincə, sehr sehrbazın istəyi baş tutanadək bir növ söz və əməllərin səylə sərf edilməsilə olur. Kəramətin isə belə şeylərə ehtiyacı olmur, əksinə söz və əməllə uzlaşaraq onu dəstəkləyir. Möcüzə isə kəramətdən inancsızlara meydan oxumaqla fərqlənir”.

Özündən xariqə zahir olan şəxsin halı nəzərdən keçirilməlidir. Əgər həmin şəxs şəriətə bağlı və haramlardan uzaq duran kəsdirsə, onun əli ilə zahir olan xariqə kəramətdir. Əks təqdirdə bu sehrdir.

Qurtubi demişdir: “Sehr süni hiylələrdən ibarətdir və çalışmaq yolu ilə əldə olunur. Ancaq çətin olduğuna görə, çox az  insan bunu bacara bilir. Sehrin əsli əşyaların xassələrinə vaqif olmaq, tərkib və vaxt cəhətlərini bilməkdir. Sehrin əkəsəriyyəti həqiqətə əsaslanmayan təxəyyülat və sübutu olmayan vəhmlərdir. Bundan xəbəri olmayanların nəzərində böyük görsənir. Allah-Təalanın Fironun sehrbazları haqqında Əraf surəsi 115-116-cı ayələrdə buyurduğu buna dəlildir.

 “...Lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular.”[4] Bu ayədə yəhudilərin işlədikləri sehrin əsli barədə bəyan vardır. Bu sehr şeytanların Hz. Süleyman ibn Davdudun (əleyhiməs-səlam) mülkünə yerləşdirdikləri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanlardandır.

Ayənin məqsədi haqqında ixtilaf edilmiş və belə deyilmişdir: Hz. Süleyman (əllərdə dolaşan) sehr və kəhanət kitablarını cəm edib onları taxtının altında basdırmışdı. Şeytanlardan biri də həmin kürsüyə yaxınlaşmağı bacarmırdı. Nə zaman ki, Hz. Süleyman (ə.s) vəfat etdi məsələni  bilən alimlər də (oradan) getdilər, şeytan insan surətində gəlib yəhudilərə belə dedi: Sizə tayı-bərabəri olmayan xəzinənin yerini göstərimmi? Onlar “bəli”, -dedilər. Şeytan dedi: Taxtın altını qazın. Onlar da qazdılar -şeytan özü isə onlardan uzaqda dayanmışdı- və həmin kitabları tapdılar. Şeytan onlara dedi: Şübhəsiz Süleyman insanları və cinləri bunlarla hökmü altında tuturdu.

Beləcə, onların arasında Hz. Süleymanın (ə.s) sehrbaz olduğu fikri yayıldı. Qurani-Kərim nazil olub Hz. Süleymanın (ə.s) peyğəmbərlərdən olduğunu buyurunca yəhudilər bunu inkar edib belə dedilər: Süleyman sehrbaz idi. Bu səbəblə də həmin ayə (əl-Bəqərə, 102) nazil oldu.

Nəvəvi demişdir: “Sehr etmək haramdır, yekdil fikrə görə o, böyük günahlardandır. Hz. Peyğəmbər (s.ə.s) sehri yeddi həlak edici günahlardan saymışdır.”[5]

İmam Malik demişdir: Sehrbaz kafirdir və sehrinə görə qətl edilməlidir. Tövbəyə dəvət edilməz. Zındıq kimi qətl edilməsi lazımdır.

İmam Buxari bu ayəni: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular.”  sehrbazın kafirliyinə hökm verilməsi haqda bir işarə kimi dəlil gətirmişdir.

[1] Buxari, 4851.

[2] Əraf, 7/116.

[3] Bəqərə, 2/102.

[4] Bəqərə, 2/102.

[5] İbn Həcər, Fəthul-Bari, c. X, Kitabut-Tibb, Sehr fəsli.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz