İlahi zikri yaşamaq
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Ey iman gətirənlər! Allahı çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. Allah möminlərə rəhm edəndir!” (əl-Əhzab, 41-43)
“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” (əl-Kəhf, 28)
İnsan bu dünyada yaşamaq, qurub yaratmaq və ilahi qanunların ahənginə uyğunlaşdırılan həyat ritmi ilə imtahan dünyasının rəngarəngliyi və müxtəlifliyi qarşısında duruş gətirəcək iradə gücünü ərsəyə gətirmək və onu qoruyaraq son nəfəsinə kimi sürdürmək naminə xəlq edilən ilahi bir möcüzədir. Sözsüz ki, bu möcüzəvi yaradılışın memarı olan Uca Allaha qarşı duyduğumuz şükran hissinin qəlblərimizə heç bir vəchlə qoparılmayacaq şəkildə nəqş edilməsi insan ilə Yaradacı arasında cərəyan edən ülvi bir münasibətin əsasını təşkil edən göstərici olmalıdır. İnsanın sadəcə həyat sürməsi ilə bu həyatı lazımi dərəcədə dəyərləndirərək yaşaması arasında böyük fərq mövcuddur. Bir muğam ustadının yetişməkdə olan xanəndəyə tənqidi yanaşması söylədiklərimizə ən gözəl misaldır:
Öz çıxışında Hz. Məhəmmədin (s.ə.s) məşhur merac səfərinə və bu səfərdə yaşanmış olan möhtəşəm “Qabə-Qövseyn” məqamına aid qəzəlləri musiqi çərçivəsinə salan tələbənin ifa tərzi ustadı razı salamdığı üçün ona bu şəkildə münasibət bildirir: “Oğlum! Sənin bu cür oxu tərzin məni qane etmir. Çünki sən mahnını yaşamırsan. Əgər yaşamırsansa, bu incəliyi və lətafəti duymursansa, bu oxumağınla bir nəticə hasil edə bilməzsən.”
Qeyd etmək yerinə düşərdi ki, fani ləzzətlərin insan övladı tərəfindən əhatəli şəkildə yaşanması və bu yaşam tərznin sürətlə genişlənməsi günümüzdə ən çox müşahidə edilən hallardan biridir. Dünyadakı sayılı günlərini hədər verməməyi qarşısına məqsəd qoyan Adəm övladları bu məqsədləri həyata keçirmək üçün milyonlarla pərəstişkarlarını internet yazışmalarından tutmuş pop, rok və digər təyinatlı musiqi festivallarının və bunlara bənzər iri miqyaslı reklam layihələrinin tükənmək bilməyən səhnələrindən öz aləmlərinə uğurla dəvət edirlər. Bu mühitin cazibəsinə düşən hər bir kəsin əsl mənlik yarışına çıxması və yarışmanın da müəyyən sahələrdə tərəqqiyə səbəb olan aldadıcı görüntü yaratması bu yaşama olan rəğbət hissinin nəfslərdə güclənməsinə rəvac verir. İlahi qanunlara müxalif olan nəfsani istəklərin bu ölçüdə yaşanması və yaşadılması əbədi həyatımıza kölgə salan acı bir aqibət havasını üzərimizdə dolandırır.
Bizi xəlq edən Allah isə Adəm övladından fərqli bir yaşantı istəyir. Allah Rəsulu (s.ə.s) bu yaşantının həqiqətini ümmətinə belə bildirir: “Allahın zikri olmadan çox söz söyləmə! Çünki Allahın zikri olmadan digər sözlərin çoxluğu qəlbin pərdələnməsinə səbəb olur. İnsanların Allaha ən uzaq olanı qəlbləri pərdəli olanlardır.” (Fəlahus-Salihin, s. 288)
Rəsulullahın (s.ə.s) istək və arzulara deyil, məhz Məhəmmədi əxlaqa təslim olmuş nəfsin ilahi zikri yaşaması səbəbi ilə qiyamət günündə sahibini xoşbəxt edəcəyini söyləməsi bizə örnək olacaq ən etibarlı göstərirşdir:
“Əbu Hüreyrə (r.a) deyir ki: Ey Allahın Rəsulu! Qiyamət günündə insanlar arasında sənin şəfaətin ilə ən xoşbəxt olacaq kimlərdir, deyə soruşdum. Rəsulullah (s.ə.s) belə buyurdu: “Ey Əbu Hüreyrə! Qiyamət günündə mənim şəfaətim səbəbilə insanlar arasında ən xoşbəxt olacaq şəxs qəlbi ilə, ya da nəfsi ilə ixlasla “Lə iləhə illəllah” deyəndir.” (Buxari, I, 193)
İlahi zikri son nəfəsə kimi davamlı olaraq yaşama ehtiyacının ümmətinə artıq dərəcədə gərəkli olacağını bildirən Hz. Məhəmməd (s.ə.s) ilahi rəhmət təcəllisinin qəlblərə yaxınlığını xüsusilə vurğulayır: Hz. Ömərdən (r.a) Rəsulullahın belə buyurduğu nəql olunur: “Elə bir söz bilirəm ki, onu hər hansı bir qul haqqına riayət edərək ürəkdən söyləyərsə və bu hal üzrə vəfat edərsə, Allah-Təala ona cəhənnəmi haram qılar. Bu söz “Lə iləhə illəllah”dır.” (Hakim, Müstədrək, I, s. 351)
Uca Allah Qurani-Kərimdə belə buyurur: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. Allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar!” (İbrahim, 24-25)
İbn Abbas və başqaları ayədə keçən “xoş söz”ün “Lə iləhə illəllah” olduğunu deyirlər. Deməli, ilahi zikrin ahənginə qəlbimizi və hər cür pisliklərdən arınmış nəfsimizi kökləmə bəxtəvərliyinə can atmaq və onu haqqı ilə yaşamaq imtahan dünyasının sınaqlarına qarşı hazırlayacağımız ən etibarlı sipər ola bilər. Bizi bu bənzərsiz zikr həyatına dəvət edən Rəbbimiz Quranda: “...Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)” (Cuma, 10) buyuraraq qəflət burulğanında çırpınanları bir daha ayıq olmağa səsləyir:
“Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır.” (əl-Bəqərə, 2)
ŞƏRHLƏR